Azərbaycan minilliklər ərzində müxtəlif millətlərin nümayəndələrinin azad, sərbəst və mehriban yaşadığı bir məkan olmuşdur. Etnik-mədəni rəngarənglik tarixin bütün mərhələlərində davam və inkişaf etmişdir. Vətənimizin tarixi ənənələrə söykənən çoxəsrlik tolerantlıq mühiti burada yaşayan hər bir xalqın və etnik qrupun öz adət-ənənəsini yaşatmasına, onu inkişaf etdirməsinə imkan vermişdir.
Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və ictimai fikir tarixinin formalaşmasında ölkənin aparıcı xalqı ilə yanaşı, burada yaşayan digər etnosların da müəyyən dərəcədə rolu və iştirakı olmuşdur. Çağdaş dünyada müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların münasibətlərini dərinləşdirən və inkişaf etdirən qloballaşma prosesi isə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə çoxmədəniyyətli mühitin vacibliyini artırır.
Ölkəmizdə multikulturalizmin monoteizmə qədərki dövründə zərdüştlüyün özünəməxsus yeri olmuşdur. Bu təlimə görə, Xeyir və Şər arasındakı mübarizə sonda Xeyrin qələbəsi ilə nəticələnir. İnsan Şər üzərində qələbə üçün daim səy göstərməli, bu uğuru öz həyat tərzi, düşünülmüş fəaliyyəti ilə qazanmalıdır. Zərdüştlüyün müqəddəs qanunlar toplusu olan “Avesta” əvvəllər Midiya, sonralar isə Əhəməni kahinlərinin müqəddəs kitabı olmuşdur.
Azərbaycan multikulturalizminin tarixində xristianlıq da mühüm bir mərhələ olmuşdur. Xaçpərəstliyin Qafqaz Albaniyasında yayılması apostol Faddey və Varfolomeyin adları ilə bağlıdır. IV əsrin əvvəllərində Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan etdikdən sonra Alban Apostol Kilsəsi Azərbaycan torpaqlarında bərqərar olmağa başlamışdır. V əsrin əvvəllərindən başlayaraq xristian dünyasında yaranmış yeni təlimlər kilsəni də bir sıra məzhəblərə bölmüşdür.
VII əsrin ilk rübünün sonunda ölkədə Sasani təsiri sosial-ideoloji baxımdan zəifləsə də, zərdüştlüyün, bütpərəstliyin, maniliyin tərəfdarları qalmaqda davam etmişdir. Bu dini rəngarənglik Azərbaycan multikulturalizminin ilkin tarixi qaynağıdır.
Çox keçmədən – VII əsrin ortalarından başlayaraq, cəmiyyətə yeni bir ideologiya – təkallahlı İslam dini daxil olmuşdur. Ərəb xilafəti dövründə İslam dininin yayılması Azərbaycanın multikulturalizm tarixində yeni səhifə açmışdır. Ölkədə İslam dini bərqərar olduqdan sonra, xristianlığın tədricən zəifləməsinə baxmayaraq, onun uzun əsrlər ayrı-ayrı toplumların inancında yaşaması ölkənin mənəvi aləminə də öz təsirini göstərmişdir. Çoxinanclıq Azərbaycanın multikulturalizm tarixinin seçilən əlamətlərindən biri kimi tarixdə silinməz izlər qoyaraq bugünədək davam etmişdir. Bu, Azərbaycan mədəniyyətinin də özgür-lüyünü təyin edən dəyərlərdəndir.
Multikulturalizm bəşəri mənəvi sərvət olaraq həm Azərbaycanda, həm də dünyada müxtəlif millətlərə və dinlərə məxsus mədəniyyətlərin qorunmasına, birgə və qarşılıqlı təsirdə inkişafına şərait yaratmış, hər hansı bir ölkədə yaşayan azsaylı xalqın ümummilli mədəniyyətə uyğunlaşmasına və ona töhfə verməsinə istiqamətlənmişdir. Bu sahədə qazanılmış tarixi nailiyyət və aparılan uğurlu siyasət nəticəsində Azərbaycan dünyada nadir tolerant bir məkan, multikultural dəyərlər dövləti kimi tanınır. Mültikulturalizmin Azərbaycan modeli hazırda dünyaya gerçək nümunə kimi təqdim olunur.
Ümummilli lider Heydər Əliyev müstəqil dövlət quruculuğu strategiyasına daxil etdiyi bu amilin önəmini nəzərdə tutaraq deyirdi: “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər dünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir”. Məhz ulu öndərin bu müdrik siyasəti əsrlərlə formalaşmış, tarixin sınaqlarından çıxmış çoxmədəniyyətlik ənənəsini daha da inkişaf etdirərək, dolğunlaşdıraraq müasir mərhələyə qaldırmışdır.
Ölkəmizdə multikulturalizmin nəzəri əsaslarını şərh edən mütəxəssislərin qeyd etdikləri kimi, ulu öndər multikultural və tolerant dəyərlərin Azərbaycan kimi kiçik, amma qədim tarixi, milli-mənəvi ənənələri olan bir ölkə üçün nə dərəcə həyati şərt olduğunu qədərincə dəyərləndirirdi. Dahi siyasətçi çağdaş Azərbaycan multikulturalizminin əsaslarını sistemli şəkildə, əzmlə qurmuş və qəbul edilmiş siyasi sənədlərdə, fərman və sərəncamlarda, konstitusiya bəndlərində bu dəyərin mükəmməl əksini tapmasını təmin etmişdir.
Ölkəmizin dövlət fəaliyyəti səviyyəsinə qaldırılmış multikulturalizm siyasətini uğurla davam etdirən, ona yeni çalarlar bəxş edən, nadir tolerant mühitin ahəngdarlaşmasını diqqət və qayğı ilə əhatə edən Prezident İlham Əliyev bütün dünyaya bəyan etmişdir: “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir”.
Azərbaycanda multikulturalizmin tarixi ənənələrini qorumaq üçün müstəqillik illərində ölkə ərazisində islama, zərdüştlüyə, xristianlığa, yəhudiliyə məxsus abidələrin qorunmasına dövlət səviyyəsində qayğı göstərilərək, onların əksəriyyəti bərpa eidlmiş və fəaliyyət göstərir. Sevindirici haldır ki, xalqımızda tarixən müxtəlif dinlərə tolerant yanaşma mədəniyyəti formalaşmışdır. Azərbaycan lideri İlham Əliyevin dediyi kimi: “İslam dünyasının mədəni mərkəzlərindən biri kimi tanınmış Azərbaycanda dini və milli-mənəvi dəyərlərə hörmət həmişə xüsusi həssaslıqla qorunub saxlanılmışdır. Bu gün əsl tolerantlıq örnəyinə çevrilən ölkəmizdə ayrı-ayrı dinlər və təriqətlər arasında qarşılıqlı hörmətin inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir”.
Azərbaycan əhalisinin 8,4 faizini azsaylı xalqların nümayəndələri təşkil edir. Ölkəmizin ərazisində xristian dünyasında ən qədim məbədlərdən olan Alban Kilsəsinə itaət edən udilərlə yanaşı, müxtəlif inanclı ingiloylar, talışlar, tatlar, kürdlər, yəhudilər, ruslar və s. xalqların nümayəndələri mehriban şəraitdə yaşayırlar. Yüz minlərlə soydaşımız Ermənistandakı tarixi torpaqlarından son nəfərinədək qovulsa da, on minlərlə erməni hələ də Azərbaycanda heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşayıb fəaliyyət göstərir.
Azərbaycanda hazırda yəhudilərin üç icması qeydə alınmışdır: dağ yəhudiləri, Avropa yəhudiləri və Gürcüstan yəhudiləri. Bu icmaların içərisində ən qədim olanı dağ yəhudiləri qədim dövrlərdən torpaqlarımızda məskunlaşaraq, əsasən Şimal bölgələrində yerləşmişlər.
Göründüyü kimi, xalqımız tarix boyu millətindən və dinindən asılı olmayaraq, bütün toplumlarla dostluq və mehribanlıq şəraitində yaşamışdır. Azərbaycan yazıçısı və pedaqoqu Abdulla Şaiq bu etnik rəngarəngliyi nəzərdə tutaraq demişdir: “Həpimiz bir Günəşin zərrəsiyiz!” Dövlətimizin apardığı uğurlu siyasət nəticəsində bizim günlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmış, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir.
Bütün bu işlər biz gənclər üçün böyük örnəkdir. Dövlətimiz bizi tarixi, milli-mənəvi, əxlaqi dəyərlərimizə hörmət, diqqət ruhunda tərbiyələndirir. Biz görürük ki, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi dostluq, mehribanlıq şəraitində yaşayır, dövlət strukturlarında təmsil olunurlar. Bütün bunları davam və inkişaf etdirmək hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcudur.
Günel MƏMMƏDOVA,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.