Gələn il “Bakı prosesi”nin 10 illiyi qeyd olunacaq

Azərbaycanda gələn il keçiriləcək “Bakı prosesi”nin 10 illik yubileyinə hazırlıq işlərinə başlamışdır.

Bu mötəbər tədbirin keçirildiyi dövr ərzində qədim tarixi yerləri, coğrafi mövqeyi və zəngin milli-etnik tərkibi olan Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin və dinlərin qovuşduğu, bir-biri ilə dialoqa girdiyi və rahat yaşadığı məkana çevrilmişdir. Ölkəmizdə əsrlər boyu səmavi dinlər –yəhudilik, xristianlıq və İslam– arasında tolerantlıq, inam və etimad mühiti yaranıb. Azərbaycan dünyada erkən xristian icmalarının məskənlərindən olub. Qəbələ rayonunun Nic, Şəkinin Kiş kəndlərində eramızın ilk əsrlərinə aid alban məbədləri, Kəlbəcər rayonu ərazisində Qafqaz Albaniyasının ən böyük dini abidələrindən Xudavəng monastır kompleksi buna misaldır. Azərbaycan cəmiyyətində və həyat tərzində tolerantlıq mühiti, harmonik dialoq müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və konfessiyaların öz adət-ənənələrini qorumasına imkan verib.

Azərbaycan cəmiyyətində tarixən bərqərar olmuş tolerantlıq elementləri bu gün bütün dünyada yayılır və “Bakı prosesi” mədəniyyətlərarası dialoqun, multikulturalizmin möhkəmləndirilməsində, ölkələr və regionlar arasında dinc yaşayışın bərqərar olmasında əvəzsiz rol oynayır. Mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi”nin bünövrəsi  2008-ci ilin dekabrında Bakıda Avropa və İslam ölkələri mədəniyyət nazirlərinin bir araya gəldiyi “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” adlı beynəlxalq konfransda qoyulub. Həmin konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu, Azərbaycanın mədəni diplomatiyasını təbliğ edən, multikulturalizm siyasətini möhkəmləndirən interaktiv beynəlxalq platforma olaraq “Bakı prosesi” yaradıldı.

2011-ci ildən etibarən Prezident İlham Əliyevin himayəsi altında “Bakı prosesi” çərçivəsində Azərbaycan paytaxtı dörd dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edib:

İlk dialoq forumu 2011-ci il apelin 7-dən 9-dək keçirilib və tədbirdə beş qitənin 102 ölkəsindən 500 nümayəndə iştirak edib. Forumun əsas mövzusu belə idi: “Ortaq dəyərlərlə birləşmək, mədəni müxtəliflik ilə zəngin olmaq”.

İkinci dəfə 2013-cü ildə keçirilən forum “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama” devizi altında gerçəkləşib. Forumda “Qlobal gələcəyin birgə qurulması”, “Mədəni müxtəliflik üçün ictimai dəstəyi necə qurmaq lazımdır”, “Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətlərdə hibridləşmə”, “Turizm – insanlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşma və tolerantlığın əsas aparıcısı kimi” və s. mövzularda müzakirələr aparılıb.

2015-ci il mayın 18-dən 19-dək baş tutan III Mədəniyyətlərarası Dialoq Forumunda insan təhlükəsizliyi, fərqli mədəniyyətlərin paylaşılmasının əhəmiyyətli mövzuları əksini tapıb. Forumun əsas mövzusu “2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Gündəliyi” olub.

Nəhayət, 2017-ci ildə keçirilən IV Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu isə “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” idi. Forumda dini konfessiyalar arasında münasibətlər, immiqrasiya siyasəti, insan təhlükəsizliyi, mədəni diplomatiya, təhsil, davamlı inkişafın rolu və digər məsələlər müzakirə mövzusuna çevrildi.

Qeyd olunan nüfuzlu beynəlxalq tədbirlər Azərbaycanın mədəniyyət diplomatiyası sahəsində əməli nəticələr yaradaraq, ikitərəfli və çoxtərəfli platformalarda xarici siyasətin həyata keçirilməsində ölkənin rolunu gücləndirib. Azərbaycan bir sıra ölkələrin və beynəlxalq qurumların multikulturalizm siyasəti və dini dialoqun möhkəmləndirilməsi istiqamətində fəal rol oynamaları üçün, eləcə də dini zorakılığın, terror aktlarının azaldılması və regional miqrasiya siyasətini təkmilləşdirmək sahəsində səylərini intensivləşdirməsinə kömək edib.

Bu kontekstdə Avropada keçirilmiş bir neçə son tədbiri qeyd etmək olar:

Məsələn, 2017-ci il aprelin 24-dən 25-dək Afinada (Yunanıstan) “Qədim sivilizasiyalar forumu”nun nazirlər səviyyəsində birinci görüşünün təşkili və “Qədim sivilizasiyalar forumu”nun (GC10) qurulmasını, oktyabrın 30-dan 31-dək həmin şəhərdə “Dini və mədəni plüralizm və Orta Şərqdə sülh içərisində mövcudluq” adlı 2-ci beynəlxalq konfransı buna misal göstərmək olar.

Bakı beynəlxalq ictimaiyyət tərəfindən göstərilən bütün səyləri başlanğıc mərhələdə dəstəkləyərək, onların qlobal səviyyədə iştirakçısı olub. Azərbaycan fəal şəkildə Nobel mükafatı laureatlarını, dövlət başçılarını və mədəniyyət ekspertlərini – dünyanın aktual problemləri, bugünün və gələcəyin maneələri ilə yanaşı, mədəniyyətlərarası və dinlərarası dialoqun təbliğ edilməsi məqsədilə bir araya gətirir.

Azərbaycan mədəni zənginliyi və tolerant mühiti ilə mədəniyyətlərarası və dinlərarası dialoq üzrə xüsusi dəyərlərə, regionda sülhün qorunması, iqtisadi inkişafın və beynəlxalq hüquqa hörmətin təmin edilməsi üçün vacib olan xüsusiyyətlərə malikdir. “Bakı prosesi” hökumətlər və insanlar arasında mədəniyyətlərarası dialoqun təbliğ edilməsi, bir çox etnik qruplar arasında əməkdaşlığın gücləndirilməsi və müxtəlif qitələrdə yaşayan xalqların mədəni əməkdaşlığının təşviqini bundan sonra da davam etdirəcək.

2017-ci il noyabrın 15-də Parisdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva 2025-ci ildə keçiriləcək Dünya Sərgisinə (Expo 2025) ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyini irəli sürdü. Həmin mərasimdə Mehriban xanım Əliyeva Azərbaycanın yüzillər boyu qədim tarixə və zəngin mədəniyyətə sahib olduğunu vurğuladı: “İki min il ərzində qədim İpək Yolu Azərbaycandan keçmişdir. Bu, ölkənin tarixini, mədəniyyətini və tolerant dünyagörüşünü formalaşdırmışdır. Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində əsrlər boyu yanaşı yaşamışdır. Etnik və dini müxtəliflik və multikulturalizm təkcə bizim dövlət siyasətimiz deyil, eyni zamanda, həyat tərzimizdir. Bu, bizim tariximizdir və bugünkü reallıqdır. Biz dünyəvi, çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətik və bundan qürur duyuruq”.

Azərbaycanın 2025-ci il Dünya Sərgisinə namizəd ölkə kimi təqdim edilməsi ölkənin beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Azərbaycan Respublikası mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi”ni Avropada və dünyanın digər yerlərində qlobal nüfuza və əhəmiyyətə malik beynəlxalq strateji təşəbbüsə çevirmişdir.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında