Böyük təbiətşünas, müdrik insan

Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində görkəmli təbiətşünas alim, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Əlirza oğlu Əliyevin müstəsna xidmətləri vardır. Həsən Əliyev bütün zəngin fəaliyyəti dövründə ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirmişdir.

Vətənə təmənnasız  xidməti ilə yaddaşlarda yaşayan şəxsiyyətlər sırasında akademik Həsən Əliyevin xüsusi yeri vardır. Ömrünü xalqının xoşbəxtliyinə sərf  edən bu böyük şəxsiyyətin həyatı  və yaradıcılığı gələcək nəsillər üçün əsl nümunə məktəbidir. XX əsrin əvvəllərində dünyaya göz açan Həsən Əliyev taleyin sərt və acı rüzgarı ilə üzləşsə də, fitri qabiliyyəti, təhsilə olan sonsuz marağı sayəsində əvvəlcə Kənd Təsərrüfatı Texnikumunu, sonra isə ali məktəbi vaxtından əvvəl bitirmişdir...

1907-ci ildə Qərbi Azərbaycanda anadan olan Həsən Əliyevin doğma Comərdli kəndi 1918-ci ilin yazında quldur Andronikin basqınına məruz qalanda ailəsi ilə Naxçıvana üz tutur. Burada axşam məktəbində və Kənd Təsərrüfatı Texnikumunda oxuyur, sonra Gəncəyə gedib ali təhsil alır, eyni zamanda,  aspiranturanı bitirir.  SSRİ EA Azərbaycan filialının torpaqşünaslıq bölməsində elmi işçi və elmi katib işləyir. Elə həmin vaxtdan da xam torpaqların tədqiqinə başlayır. Gərgin zəhməti “Pirsaat düzünun torpaqları və ondan istifadə yolları” adlı ilk monoqrafiyası ilə nəticələnir.

Böyük Vətən müharibəsi illərində orduda zabit kimi xidmət edən Həsən Əliyev cəbhədən qayıtdıqdan sonra yenidən əvvəlki iş yerinə dönür. SSRİ EA Azərbaycan filialının coğrafiya bölməsinə rəhbərlik edir. 1944-cü ildə kənd təsərrüfati elmləri namizədi alimlik dərəcəsinə layiq görülməsi onu həmişəlik elmə bağlayır. Doqquz il sonra isə Həsən müəllim Azərbaycan EA-nın akademiki kimi yüksək elmi ada layiq görülür.

Elmi-tədqiqatla  bərabər təşkilati işlərlə də ciddi məşğul olan alim Torpaqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini (1944-1949), Botanika İnstitutunun direktoru (1949-1952), Azərbaycan KP MK-nın katibi  (1952) vəzifələrində də çalışıb.

Həsən Əliyev Azərbaycan EA-nın yaradılmasından sonra elmi kadrların hazırlanmasında da böyük əmək sərf edib. Eyni zamanda,  1937-1944-cü illərdə torpaqşünaslıq və coğrafiya bölmələrinin yaradılmasında mühüm rol oynayıb.

O dövrdə dünyanın bir çox ölkələrində, o cümlədən keçmiş SSRİ-də ətraf mühitin çirklənməsi kütləvi hal almışdı.  Bu zaman meşələrin intensiv qırılmasını, suyun, havanın, torpağın zəhərlənməsini, bitki və heyvanat aləminin məhv edilməsini, “Qırmızı kitab”a düşən canlıların təhlükəyə məruz qalmasını ört-basdır edən sovet dövlətində bir qrup qabaqcıl alim ətraf mühitin mühafizəsinin zəruriliyini elmi biliklərlə əsaslandırırdı. Onların arasında akademik Həsən Əliyev də var idi. Xatırladım ki, o, ətraf mühitin mühafizəsi işinə hələ 1955-ci ildə Azərbaycan EA-nın təbiəti mühafizə üzrə komissiyasında sədr kimi başlamışdı. Sonralar alimin  təşəbbüsü ilə akademiyanın Coğrafiya İnstitutunda “Təbiətin mühafizəsi”  şöbəsi açıldı və həmin şöbəyə institutun direktoru akademik Həsən Əliyev şəxsən özü rəhbərlik etməyə başladı.

Ətraf mühitin mühafizəsi ilə əlaqədar böyük alimin elmi düşüncələri, narahatlıqları məhz onun “Həyəcan təbili” kitabında öz əksini tapdı. 1982-ci ildə işıq üzü görən bu kitab həqiqətən füsunkar, zəngin flora və faunaya malik Azərbaycan təbiətinin mühafizəsinin zəruriliyi ilə əlaqədar çalınan həyəcan təbili idi. Təsadüfi deyil ki, akademik öz fikirlərini oxucuları ilə bölüşərək yazırdı: “Əlimə qələm alarkən torpağın tədqiqindən başladım. Bəs torpağın dərdi? Torpağın dərdi çoxdur. Onu düşünmək, görmək və hiss etmək lazımdır. Torpaq dilə gəlib şikayətləndi. Kimdən? “Özünün süd verib, bəslədiyi” insanlardan, sinəsinə yara vuranlardan, gözlərinə zəhər tozu üfürənlərdən. Mən isə torpağın övladlarından biri kimi haray saldım, dövri mətbuatda məqalələrlə çıxış etdim, dedim ki, qoy səsimi hamı eşitsin. Oxucular səsimə səs verdilər. Dedilər ki, “təbil çal”, qoy hamı eşitsin. Kitabın adını da nəşriyyat, dostlarım qoydular: “Həyəcan təbili”. Dedilər ki, “Həyəcan təbili”ni haradan asaq ki, hamı eşitsin. Dostlarımdan biri dedi: “Həyəcan təbili”ni insanların qulağının dibindən asmaq lazımdır...”.

Ümummilli liderimiz Heydər Əliyev vaxtilə yazırdı: “Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin  genefondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, yalnız birgə səylərlə həll etmək mümkündür... Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir...”.  Akademik Həsən Əliyev bu vəzifələri diqqətlə dəyərləndirir və deyirdi ki, təbiətin bizə bəxş etdiyi ən qiymətli sərvət torpaqdır. Torpaq çörək ağacımız olmaqla bərabər, həm də yaşayışımızın əsasını təşkil edir. Əslində alim torpağın müqəddəsliyinin səbəbini onun həyat mənbəyi olmasında görürdü.

Həsən müəllim təbiətə qarşı son dərəcə həssas və qayğıkeş münasibət bəsləyirdi. Təbiətlə bağlı heç nə onun nəzərindən qaçmırdı. Bir misal deyim. Narbənd ağacı nadir ağaclardan sayılır. Deyilənə görə, bir dəfə Həsən Əliyev Naxçıvanda olarkən yolu Böyükdüz maili-düzənliyindən keçir. Birdən diqqətini Narbənd ağaclarının tüstüləndiyi çəkir. Yaxınlaşıb görür ki, ağaclara od vurulub. Ağacların xilasına kömək edə bilməyəcəyini başa düşüb özünü danlayır. “Hardasan, ay Mirzə Cəlil”- deyə, dərindən köks ötürür. Başını qucaqlayıb sanki ağaclarla birgə fəryad edir... Deyirlər ki, bu məqamda onu dindirən olsaydı, yəqin ki, uşaq kimi hönkür-hönkür ağlayacaqdı... Yenə Mirzə Cəlili düşünüb dodaqaltı pıçıldayır: Bu insanlar ayılmadı ki, ayılmadı...

Həsən Əliyevin elmi fəaliyyəti çoxcəhətlidir. O, bir sıra elmi-tədqiqat institutlarına rəhbərlik etmiş və neçə-neçə görkəmli alimin yetişməsində mühüm rol oynamışdır. Bununla bərabər, dünyanın bir sıra ölkələrində  Azərbaycan təbiətinin spesifik xüsusiyyətləri ilə əlaqədar mühazirələr oxumuş və onun genetik-coğrafi cəhətdən öyrənilməsini məqsədəuyğun hesab etmişdir.

Akademik Həsən Əliyev təbiətşünaslıq elminə böyük töhfələr verən çoxsaylı qiymətli kitabların müəllifidir. Bu kitabların arasında   “Həyəcan təbili”nin xüsusi yeri var.  Akademik “Həyəcan təbili” kitabında yazırdı: “Meşələr böyük sərvətdir, əvəzsiz xəzinədir... Ərazisinin 25-30 faizi meşə ilə örtülü olan bir ölkədə heç vaxt quraqlıq  təhlükəsi yaranmaz, tarlalarından isə daim sabit və yüksək məhsul götürülər...”.

Həsən Əliyevin elmi fəaliyyətini statistik rəqəmlərlə ifadə etsək, deyə bilərik ki, o, 500 elmi əsərin, onlarla kitab və monoqrafiyanın müəllifi olmuşdur.  Rəhbərliyi ilə ölkəmizdə böyük alimlər dəstəsi – 40-a qədər elmlər namizədi,  8 elmlər doktoru yetişmişdir. Həsən müəllimin elmi varisliyini bu alimlər nəsli qorumuş və inkişaf etdirmişlər. Torpaqşünaslıq, coğrafiya, əkinçilik, təbiəti mühafizə və digər elmi istiqamətlərdə aparılan tədqiqat işləri öz bəhrəsini vermişdir. Respublikamızda bu sahələrdə elmi sistemlər qurulmuş və praktik fəaliyyət uğurlu nəticələr verməyə başlamışdır. Akademik Həsən Əliyevin elmi irsi bu gün də xalqına xidmət etməkdədir. 

Həsən müəllim yalnız elmi fəaliyyətlə kifayətlənməmiş, elmin təbliği, cəmiyyətin maarifləndirilməsi  və jurnalistika  sahəsində mühüm  işlər görmüşdür. Hələ 1925-ci il oktyabr ayının 5-də “Şərq qapısı” qəzetində “Bizə də teatr lazımdır”, 1929-cu ildə “Molla Nəsrəddin” jurnalında “Müəllim lazımdır” məqalələrini dərc etdirməsi bunun bariz ifadəsidir. Onu da xatırladım ki,   Həsən Əliyev bu fəaliyyətini  ömrü boyu davam etdirmişdir. Belə ki, o, uzun illər  “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olmuş, respublikanın müxtəlif mətbuat orqanlarında aktual publisistik elmi məqalələrlə çıxış etmişdir.

Burada diqqətçəkən bir məqamı da qeyd etmək istərdim. 1970-ci ildən etibarən Həsən Əliyevin elmi fəaliyyətinin yeni dövrü başlanır. Bu dövrdə onun “Meşələrin torpaq prosesinə təsiri”, “Azərbaycanın Kürboyu-Tuqay meşələri”,  “Yaşıl sərvətin keşiyində”,  “Naxçıvan MSSR-nin torpaqları”, “Böyük Qafqazın torpaqları”, “Azərbaycanın torpaq ehtiyatları, onlardan səmərəli istifadə olunması və qorunması” və s. kimi dəyərli kitabları nəşr olunur. Alimin əsərləri keçmiş SSRİ-nin sərhədlərini aşaraq ABŞ, Fransa, Belçika, Şərqi Avropa ölkələrində, Vyetnam və Yaponiyada  geniş içtimaiyyətə çatdırılır.

Həsən Əliyev məktəbinin yetirmələri çoxdur. İndi respublikanın elmi-tədqiqat institutlarında, ali təhsil ocaqlarında çalışan onlarca torpaqşünas alim vaxtilə akademikin  diqqət və qayğısı ilə əhatə olunmuşlar.  

Akademik Həsən Əliyevin bir şəxsiyyət kimi böyüklüyü təkcə onun tədqiqatları, elmi kəşfləri, humanistliyi, vətənpərvərliyi ilə məhdudlaşmamışdır. O, geniş qəlbinin hökmü ilə doğma Azərbaycanın kənd və qəsəbələrini qarış-qarış gəzmiş, zəhmətkeş insanlarla görüşmüş, problemlərini öyrənmiş, onları təbiətin mühafizəsi ilə əlaqədar maarifləndirmişdir.

Həsən Əliyevin şöhrəti, elmi kəşfləri coğrafi sərhəd tanımırdı. O, demək olar ki, dünyanın əksər ölkələrində beynəlxalq elmi konfranslara, forumlara dəvət alır, doğma Azərbaycanı, onun füsunkar təbiətini elmi məruzələri ilə təbliğ edirdi.

Akademikin  xatirəsinə ən böyük abidə Azərbaycan təbiətinin yaşıllaşdırılmasına qayğı, təbiətin sağlamlaşdırılmasıdır. Respublikamızda Prezident İlham Əliyevin ətraf mühitin, xüsusilə yaşıllıqların mühafizəsi və artırılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, habelə  rayon rəhbərlərinin təşkilatçılığı ilə davamlı olaraq ağacəkmə kampaniyası keçirilir. Yaşıllaşdırma, abadlıq, səliqə-sahman yaratmaqla bağlı görülən işlər ölkəmizin ekologiyasının sağlamlığına  və  gözəlliyinə, insanlarımızın  rahatlığına  xidmət edir. Bu istiqamətdə reallaşdırılan tədbirlər davamlı xarakter daşıyır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ekologiyamıza, təbiətimizə böyük qayğısı da göz önündədir. Onun bu sahədə gördüyü işlər nəinki ölkəmiz, eləcə də dünyanın bütün  təbiətsevərləri üçün əvəzsiz örnəkdir.

Böyük alim sələflərini yad etdiyi kimi, xalqımız və dövlətimiz də alimin ölkə qarşısında əvəzsiz xidmətlərini unutmur və unutmayacaqdır. Bunun bariz nümunəsi kimi Azərbaycan Prezidenti İlham Əliyevin respublikamızda görkəmli elm və dövlət xadimi akademik Həsən Əliyevin 110 illik yubleyini qeyd etmək haqqında sərəncamı xalqımızın ürəyindən xəbər verir.

Göründüyü kimi, Həsən Əliyev xalqın və dövlətin tərəqqisi üçün əvəzedilməz işlər görmüşdür. Akademik elmi və ictimai fəaliyyəti ilə ölkəmizin, xalqımızın beynəlxalq  arenada tanınmasında, layiq olduğu mövqeyi qazanmasında dünya ictimaiyyətinin diqqətini Azərbaycana  yönəldə bilmişdir.

Bəxtiyar HÜSEYNOV,
ekoloq- jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında