“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Dağılaraq zirvələrə doğru qalxırıq” adlı qrup sərgisi açılıb.
“YARAT” Müasir İncəsənət Mərkəzində açılan sərgi müxtəlif mədəniyyətlərin tarixinə və monumentallığa, habelə insan entropiyasının və yenidən oyanışın sabit vəziyyətinə münasibətləri araşdırır. Sərgi Reza Arameşin, Vaciko Çaçxianinin, Yan Fabrın, Qoşka Matsuqanın və Stefen Q.Rodsın yaratdığı əsərlər vasitəsilə itki və unutqanlıqla davamlı mübarizə apararaq, irəli getmək üçün ikili ambisiyadan yararlanır.
Vaciko Çaçxianinin “Lakin ah, mənim düşmənlərim və oh, mənim dostlarım - hər iki tərəfdən yanan şam” əsəri sənətkarın “Orada olmayan qış” adlı filmi ilə söhbətdən bəhs edir.
Öz iti ilə birlikdə Gürcüstanın əsrarəngiz mənzərəsindən ötüb keçən ortayaşlı qafqazlı bir kişi yük maşınının arxasınca əcaib bir sosialist abidəsi sürükləyir. Zahirən çox adi görünən bu yol gəzintisi o dövrdə yaşamış nəslin tarix itkisini ifadə edir. Qarşısıalınmaz itki hekayəsi Stefen Q.Rodsın “Vilkommen fərziyyəsi” əsərinin faciəvi quruluşu ilə bir az da gücləndirilir. Bu əsər xüsusilə də Nyu-Orleanın son və tarixi təcrübəsini əks etdirərək, bizim nəslin üzləşdiyi ekoloji və iqtisadi iflasın qəbul edilməməsinin fəlakətli nəticələrinə toxunur.
Növbəti məkanda Qoşka Matsuqanın “Başlanğıcdan əvvəl və yekundan sonra” silsiləsindən olan iki əsər robotlar tərəfindən çəkilmiş rəsmlərin (Patrik Tresset hazırlamışdır) siyahısını təqdim edir. Sivilizasiyanın keçdiyi tərəqqi yolu ardından bəşəriyyətin yaradıcı və dağıdıcı proseslərinə nəzər salınır. Rəssamın “Bəşəriyyətin oyanması və onun dağıdıcı təbiəti” əsəri ibtidai dövrün ox ucluqlarından tutmuş, müasir heykəllərə qədər həm yerli, həm də ümumdünya tarixi və bədii artefaktlarını ehtiva edir. İnstalyasiya, robot texnologiyası vasitəsilə bilik və mədəni istehsalda növbəti addım kimi texnoloji tərəqqini təqdim edir. Robotlar tərəfindən çəkilmiş təsvirlərə qarşı isə Yan Fabrın əllə çəkilmiş “Yerdən ulduzlara gedən yol çəkilməyib” monumental parusini təqdim olunur. Əsər gecə heyvanların yuxuya getdiyi və gündüz heyvanların oyandığı mistik saatı tərənnüm edir. Təbiətin bərpaedici gücünü vurğulayan bu əsər həm təbii, həm də yaradıcı bir proses kimi davamlı yenidən canlanma dövrünə səbəb olur.
Yeni və fərqli texnoloji vasitələr, valehedici təbiət və idarəolunmaz sosial-siyasi coşqunluqla əhatələnən bəşəriyyət bir daha təhlükəli vəziyyətlə üzləşir. Reza Arameşin irimiqyaslı heykəlləri - Payızın bir hissəsi – renessans bağının öyrənilməsi - qədim abidələrin yıxılmasını xatırladaraq, fəthdən daha çox zərər çəkmiş yeni bir qəhrəmanın yüksəlişindən xəbər verir.
Beş bədii mövqeni gələcək üçün fərqli təkliflər kimi qarşılaşdıraraq, bu sərgi hər iki tərəfdən yanan şam kimi öz məhdudiyyətləri ilə qarşı-qarşıya qalan bəşəriyyət haqqında bir şeir kimi çıxış edir.
Sərginin kuratorları Suad Garayeva-Maleki və Byörn Geldhofdur.
Sərgiyə giriş sərbəstdir.
Qeyd edək ki, “YARAT” Müasir İncəsənət Məkanı paytaxt Bakıda yerləşir. Bu qeyri-kommersiya təşkilatı Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. “YARAT” ölkəmizdə müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin respublika daxilində və beynəlxalq aləmdə təbliği ilə məşğuldur. “YARAT” (azərbaycanca “yaratmaq” sözünün mənasında) tərəfindən indiyədək əksəriyyəti Bakıda təşkil olunmaqla 200-dən artıq layihə həyata keçirilib. “YARAT” Müasir İncəsənət Mərkəzi, “ARTIM” Layihə Məkanı, “YAY” Qalereyası və “YARAT” Emalatxanaları “YARAT” Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir.
“YARAT”ın daimi sərgi məkanı - “YARAT” Müasir İncəsənət Mərkəzi 2015-ci ilin martında fəaliyyətə başlayıb. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dövründə hərbi donanmanın qərargahı olmuş bu yeni, 2 min kvadratmetrlik ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Burada müvəqqəti sərgilərlə yanaşı, “YARAT”a məxsus daimi kolleksiyanın əsərlərini təqdim edən sərgi də nümayiş etdirilir. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların əsərlərindən ibarətdir.
“ARTIM” Layihə Məkanının əsas məqsədi gənc və istedadlı nəslin motivasiyası və inkişafına istiqamətləndirilmiş peşəkar platformanın yaradılması, incəsənət təhsil ocaqlarının tələbə və məzunlarının yeni eksperimental layihələrinə dəstək verməsini öhdəsinə götürür.
“YAY” Qalereyası Bakının tarixi məkanı, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin mərkəzində yerləşir. Qalereya “YARAT” qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycan incəsənəti üçün infrastrukturun dəstəklənməsi məqsədilə 2012-ci ildə təsis edilib. Qalereya sosial müəssisədir və “YAY” Qalereyasında (“yaymaq” sözündəndir, ötürmək, çatdırmaq mənasında) satışlardan əldə olunan bütün gəlirlər rəssamlar və “YARAT” təşkilatı arasında bölüşdürülür.
“YARAT” Rezidentura Proqramı müxtəlif sahələr üzrə açıq, tədqiqata əsaslanmış, təcrübəyə malik və bizim regionu kəşf etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulub. Proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramının sonunda hazırlanmış sənət əsərləri “ARTIM” Layihə Məkanında nümayiş olunur.
Təhsil proqramı “YARAT”ın yarandığı ildən fəaliyyətinin əsas məqsədlərindən biridir. “YARAT”ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident proqramlarından, praktiki məşğələlərdən, mühazirələrdən, ustad dərsləri, teatr tamaşaları və film nümayişlərindən ibarətdir. “YARAT” ictimai proqramları keçirməklə geniş auditoriya ilə təmasda olmağa çalışır. İctimai proqramlar icmaların qurulması və müasir incəsənət haqqında geniş anlayışın və iştirakın qurulmasına dəstək göstərir.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.