Əsl sənət əsəri adlana biləcək poeziya (Nazim Hikmət) nümunəsi oxucunu mətnə uyğun ovqata kökləyir, həyatının keçmişlə bağlı xəfif, kövrək anlarını xatırladır, ruhu saran saf duyğuların əsrinə çevirir, həyat, zaman, insan, ölüm, qəzavü-qədər haqqında düşündürür, indidən keçmişə iz salır, ötənlərin səhvlərini, ağrı-acılarını yaddaşa qaytarır... Əli Nəcəfxanlının “Söz yerə düşməsin” (Bakı, “Qanun” nəşriyyatı, 2017) adlı kitabında toplanan şeirlər də belədir; oxucunun qəlbinə hakim kəsilir, onu təsirləndirir, haqqın, ədalətin varlığına inandırır, ona daxilən bir rahatlıq, yüngünlük gətirir.
Əli Nəcəfxanlının poeziyasına dərindən bələdliliyimə görə deyə bilərəm ki, o, şeir yaradıcılına Yardımlı dağlarının cazibəsinə düşdüyü gündən başlayıb, dağların kədər yükünə çiyin verməyə özündə güc tapdığı andan əlinə qələm alıb. Bax, elə buna görə də şeirlərini oxuyanda duyğulanırsan; beynində, düşüncəndə nə vaxtsa özünə yer alan dağ, zirvə xatirələri canlanır, o dağlara üz tutub deyilən bayatılar yada düşür, yaşadığın sevincli, kədərli günlər gözlərin önündə keçmişin xəfif fonunu yaradır. Belə zamanda nə illah eləyirsən, ruhunu saran, səni dünəninə qaytaran olaylardan qopub ayrıla bilmirsən. Və mənə elə gəlir ki, bu, həm də Əlinin şeirlərində ifadə olunan ovqatın oxucuya olan məhrəmliyindən irəli gəlir… “Vətən dağları” şeirində yazdığı kimi:
…Hər qaya oyuğu-qala mazğalı,
Yoxuş nəfəs kəsir, eniş-qəzalı…
Güllərin şehiylə dəstamaz alıb
Namaza dayanır Vətən dağları...
...Dağlarla görüşəndə, üz-üzə qalanda Əlinin ruhu, düşüncəsi, ovqatı “şəlalənin sularında qüsullanır”, təzələnir, “bulaqlar həsrətinə züy tutur”. Burda qarşılaşdığı bir məzarlıqda isə “hər daş bir tapmacaya dönür”; o daşlardan “ulusunun, elinin sorağını” almağa can atır. Elə bu məqamda aranda-şəhərdə itirdiyi, boşa verdiyi günlərin, ayların təəssüfünü dilə gətirir:
…Vaxtım itib, baxtım itib aranda,
Etdiklərim dəryalarda damladı.
“Əli” yazım bir qayanın üstünə,
Bəlkə özgə yadigarım qalmadı.
Dağların hər fəslinin ecazkarlığını yaşayan müəllif təbiətlə doğmalığını, yaxınlığını nəzərə çarpdırmaq üçün sənətkarlıqla elə lövhələr yaradır ki, təsvir olunan mənzərələr oxucunu heyrətləndirir; “Payız” şeirində saralmış yarpaqların tökülməsi ilə mürgülü xatirələrin oyanması, küləyin pıçıltısı, həzin musiqiyə - rekviyemə çevrilməsi, ömrün enişli-yoxuşlu dolanbaclarında ötən, itən illərin yaşanan nisgili, həyəcanı kimi psixoloji ovqatlar elə ustalıqla, peşəkarlıqla verilib ki, oxucu bu əhvaldan yaxa qurtara, təbiətin cazibəsindən xilas ola bilmir:
...Sərgərdan bir xəzəl qondu çiynimə,
Həsrət sarısını geydim əynimə,
Qəmli “Qaragilə” düşdü beynimə,
Yaman ağlamalı fəsildi, payız…
…Elə sürüşkəndi diklər, yoxuşlar,
Viranə könlümü döyür yağışlar.
Hələ harasıdı, qabaqda qış var,
Yaman ağlamalı fəsildi, payız…
...Bu payızdan sonra qış gəlir, qayğılar bir az da artır, ağrı-acılar çoxalır, “üst-üstə yığılan qar qalaqları yolların belində şələ olur” və bu zaman Adəm övladı yazın həsrətini yaşayır, “bircə bu qışdan da qurtula bilsək…” nidası ilə günləri sayır. Əli bu ovqatı “Qışın soyuğu” şeirində belə ifadə edir:
...Bu fevral tösmərək başa çatarmı?
Bu qarın altında bənövşə varmı?
Səbir tükənsə də, sual qurtarmır,
Bircə bu qışdan da qurtula bilsək...
Ana haqqında saysız-hesabsız şeirlər yazılıb, laylalı günlərin həsrətindən nə qədər danışılıb. Bu müqəddəs varlığın yoxluğu ağrıyla, əzabla dilə gətirilib. Yer üzünün ilk əsgərinin ana, ilk himninin də ana laylası olması iddia edilib. Ana itkisi taleyin ən ağır yumruğu sayılıb. Səməd Vurğun anasız həyatı zindan kimi dəyərləndirib.
Əli Nəcəfxanlı da bu mövzuda qələmini sınayıb. Anasının həyatla vidalaşdığı, torpağa əmanət edildiyi anları elə təsvir edib ki, “Ana itkisi” şeirini oxuduqca nə vaxtsa hər birimizin ömründə yaşanan bu üzüntü və kədər yenidən içimizi göynədir:
...Anam damla-damla tükənirdi,
Ağrısı bıçaq kimi
Saplanmışdı canına.
Əzrayıl gəlib çıxartdı.
Və anamı apardı
Anasının yanına.
“Tapşırıq”da isə üzünü torpağa tutub sanki yalvarır:
...Deyirlər, soyuqdu üzün,
Barı qoynun isti olsun.
Ana deyilsənmi özün?-
Gözün onun üstə olsun!
Hər dəfə dəmiryolu vağzalında gedib-gələn qatarları görəndə Əli uşaqlığını, gəncliyini xatırlayıb o illərə qayıdır. Dəmiryolçu olan atasının “uzun qollarının göy damarlarını” relslərə oxşatdığı, “paravoz oyuncaq görməsə də” paravoza mindiyi vədələr gözləri önünə gəlir, “o güləyən atalı günlərinin” bəxtəvərliyi yada düşür, “ağlayan atasız günləri” isə içini göynədir... Ağır sınaqla üzləşəndə, kədərlə qarşılaşanda yenə də gözü onu axtarır, onun köməyindən bəhrələnəcəyinə ümid bəsləyir. Düşüncələrindən sanki yuxudan oyanırmış kimi qəfildən ayılıb deyir:
...Atasız günlərim acı həqiqət,
Atalı günlərim şirin bir yuxu.
Qarışıb paravoz tüstülərinə
Göylərə çəkilib atamın ruhu...
Əli şeirlərində yurd-yuvasını elə təsvir edir ki, xəyalında onu öz doğma od-ocağın kimi qəbul edirsən; gözlərin önünə uşaqlığın, gəncliyin keçən yol-riz, çöl-çəmən, oxuduğun məktəb, əzizlərinlə keçirdiyin günlər, itirdiklərin... gəlir və belə anlarda qəlbini keçmişin həsrəti, nisgili bürüyür. Bununla belə “dolan bulud boşaldığı” kimi, ürəyində nə vaxtdan qubar bağlayan dərd, kədər də sanki yüngülləşir. Düzdür, bu, az bir zaman çəkir. Amma o qısa vaxt sənə ömrün boyu duyğularına, hisslərinə tab gətirməyə bir güc, qüvvə verir, çiyinlərində gəzdirdiyin dərd yükünü bir az da doğmalaşdırır, öləziməkdə olan ruhunu dirçəldir, özünə, ilkinliyinə qayıdışı, bununla da durulmanı gerçəkləşdirir...
...Əlini yaxından tanıyanlar yaxşı bilirlər ki, onun qəlbən, bütün varlığıyla bağlandığı ədəbiyyatdan heç bir iddiası, umu-küsüsü yoxdur; illərdi ki, başını aşağı salıb vicdanla yazı-pozuyla məşğuldur və ən ali mükafatı, ənamı da xalqa namuslu qulluqda görür:
...Yaxına qoymadım mən çuğulluğu,
Yaşatdı könlümü sevgi bolluğu.
Ən ali rütbəmdi xalqa qulluğum,
Elə bu rütbədə şaham, a qardaş!
Bəli, Əli Nəcəfxanlı “xalqa qulluq” haqqını ləyaqətlə daşıyan, “oxucuya nüfuz edə bilən, amma bunun arxasında “otur məni oxu” yalvarışı yox, “otur məni oxu” diktəsi olan” (Sabir Rüstəmxanlı) istedadlı bir şair, istedadlı bir jurnalistdir...
Vaqif BAYRAMOV, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.