Emin Sabitoğlunun 80 illiyi ilə bağlı tədbir

Prezident İlham Əliyevin sərəncamına əsasən, görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun 80 illik yubileyi ölkəmizdə geniş qeyd edilir.

 Bu günlərdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birlikdə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Emin Sabitoğlunun yubileyinə həsr olunmuş “Emin Sabitoğlu yaradıcılığında teatr və kino musiqisi” tədbiri keçirilmişdir. Tədbirin hazırlanmasında bəstəkarın qızı, musiqişünas, professor Ceyran Mahmudovanın böyük əməyi olmuşdur.

 Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmış və bildirmişdir ki, musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. O, 600-dən çox mahnı, 9 musiqili komediya yazıb, 40-dək filmə musiqi bəstələyib. “Şükriyyə”, “Ağ çiçək”, “Kəpənək”, “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq, yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları musiqisevərlərin dillər əzbəridir.

Emin Sabitoğlu “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş bir sıra məşhur filmlərin musiqisini yazıb. “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “İstintaq”, “Dantenin yubileyi”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” kimi filmlərin musiqisi mədəniyyətimizin qızıl fonduna daxil olmuş sənət incilərindəndir.

Muzeyin şöbə müdiri Xanım Abdinova Emin Sabit-oğlunun həyat və yaradıcılığı haqqında danışmışdır.

 Tədbirdə teatrşünas, tənqidçi, professor, Əməkdar incəsənət xadimi İlham Rəhimli, kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, musiqişünas alim, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə Emin Sabitoğlu yaradıcılığında teatr və kino musiqisi haqqında danışmışlar.

Xalq artistləri Amaliya Pənahova, Yalçın Rzazadə, Hacı İsmayılov, bəstəkarın həyat yoldaşı, müğənni Xədicə Abbasova Emin Sabitoğlu haqqında xatirələrini tamaşaçılarla bölüşmüşlər. Şair-publisist Fəxrəddin Meydanlı bəstəkara həsr etdiyi şeirini ifa etmişdir.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Azərbaycan Dövlət Teatr Muzeyinin zəngin arxiv materialları əsasında hazırlanmış videoçarx və slayd-şou nümayiş olunmuşdur.

 Tədbirin qonaqları arasında musiqi ictimaiyyətinin nümayəndələri, Emin Sabitoğlunun ailə üzvləri, teatr, kino xadimləri, Bakı muzeylərinin əməkdaşları, KİV nümayəndələri və başqaları olmuşlar.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında