Sumqayıtda Qarabağ haqqında filmin təqdimatı

...Vətən uğrunda döyüşlərdə bir ayağını itirməsindən şərəf duyan qazi özünə çoxlu dayaqlar tapmasıyla öyünür. Ortopedik Bərpa Mərkəzində “ayağı” yerinə qaytarılandan sonra o, hərbi libasını geyinib küçəyə çıxır. Hamı qaziyə qəhrəman kimi baxır.

Hətta balaca oğlan və qızlar oyuncaq silahlarını götürərək, onun əmrilə hərbi marş sədaları altında mətin addımlarla irəliləyirlər. Döyüş ruhu ekrandan dalğa-dalğa tamaşa salonuna nüfuz edir. Azərbaycanın Qarabağ mücadiləsində qələbəsinin heç də uzaqda olmadığına inam daha da güclənir.

Yenicə lentə alınmış "Qazi” qısametrajlı filminin Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət Mərkəzində ictimaiyyətə təqdimatı, bütövlükdə, məhz bu təəssüratı yaratmışdır. Günümüz üçün çox zəruri sayılan bu ekran əsəri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Kitab Yayımı İşinin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən araya-ərsəyə gətirilib. Yarım saatlıq filmin sujet xətti bir Qarabağ döyüşçüsünün taleyindən bəhs edir. Ekrandan sanki doğrudan-doğruya barıt qoxusu gəlir, qazinin cəbhədən sonrakı həyat epizodlarının yeri gəldikcə xronikal arxiv və döyüş kadrlarıyla əvəzlənməsi seyrçinin duyğu və düşüncələrinə sirayət etməyə bilmir. Filmdə baş rolu Qarabağ qazisi Kənan Nəcəfli yetərincə təbii şəkildə ifa edir.

Gənc rejissor Kamal Almuradlının quruluş verdiyi, Gəray Əlibəyovun ssenari müəllifi olduğu ekran əsərində ötən əsrin əvvəllərindən başlayaraq erməni qəsbkarlığına, eləcə də İkinci Dünya müharibəsində 416-cı Taqanroq diviziyasının sıralarında alman nasiziminə qarşı mübarizədə həlak olmuş igidlərimiz də ehtiramla anılır. Döyüşlərdə sağlamlığını itirən, lakin bir an belə ruhdan düşməyən Kənan kimi oğullarımızla isə hər kəs haqlı olaraq fəxr edir.

Təqdimat mərasimində ziyalılar, millət vəkilləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Milli Məclisin deputatı, yazıçı-publisist Aqil Abbas, Əməkdar jurnalist Eyruz Məmmədli, Əməkdar artist İzaməddin Bağırov və başqaları çıxışlarında Vətənin bütövlüyü və azadlığı uğrunda çarpışanların şücaətindən söz açıb, “Qazi” filminin məziyyətlərindən danışıblar.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında