Bugünlərdə Bakının və demək olar ki, bütün respublikamızın mədəni həyatında əlamətdar bir hadisə baş verdi – müasir İran təsviri sənətinin qadın nümayəndələri arasından sayılıb-seçilən üç xanım rəssamın əsərlərindən ibarət sərginin açılışı oldu.
İran İslam Respublikasının Azərbaycan Respublikasında Səfirliyinin Mədəniyyət Mərkəzi ilə Azərbaycan Rəssamlar İttifaqının birgə təşkil etdikləri sərginin vernisajında ittifaqın sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək, dost və qonşu ölkə olan İranla Azərbaycan arasında hərtərəfli əlaqələrin çoxəsrlik tarixə malik olduğunu, xüsusən, mədəni və ədəbi əlaqələrin ötən minilliklərdən başlayaraq, davam və inkişaf etdiyini, bizim günlərimizdə daha yüksək zirvələrə qalxdığını göstərdi.
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev öz nitqini Azərbaycan–İran əlaqələrinin müasir vəziyyətinin təsvirinə və şərhinə həsr etdi. Göstərdi ki, bu gün hər iki ölkənin xalqları bir-birini daha yaxşı tanımağa meyillidir və bu istəyi reallaşdırmaqdan ötrü bir-biri ilə şəxsi tanışlığa, dost və qardaş olmağa can atırlar. Elə bu səbəbdəndir ki, ölkələrimiz arasında turizm əlaqələri də artan surətlə inkişaf edir.
Nazir müavini onu da göstərdi ki, əlaqələrimizin inkişafının yeni məzmun və mündərəcə kəsb etməsi hər iki dövlətin başçılarının–Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhaninin xoş məramlı isti münasibətlərindən qaynaqlanır.
Ədalət Vəliyev çıxışını bu sözlərlə bitirdi:
– Əminəm ki, bu sərginin açılışı da xalqlarımızın bir-birinə təvəccöh göstərməsi yolunda yeni bir möhtəşəm addım olacaqdır.
Mikrofon İran İslam Respublikasının Azərbaycan Respublikasında səfiri doktor Cavad Cahangirzadəyə təqdim edildi. Səfir ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqalərin möhkəmləndirilməsini xalq diplomatiyasının uğuru kimi qiymətləndirdi və bu sahədə əldə edilən nailiyyətlərdən misallar gətirdi. Belə ki, Bakıda İran filmləri həftəsi, Sədi və Hafiz kimi dünya şöhrətli şairlərin yubileyləri, Təbrizdə dahi Azərbaycan şairi Füzulinin həyat və yaradıcılığına həsr edilmiş konfrans, hər iki xalqın eyni haqla və eyni iftixarla bizim şairimiz adlandırdığı ustad Şəhriyarın şəninə Tehranda, Bakıda və Təbrizdə unudulmaz təntənəli tədbirlər təşkil edilmişdir.
Azərbaycanın Xalq artisti, bəstəkar Tofiq Bakıxanovun, Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayevin, görkəmli şair, şərqşünas-alim, professor Şahin Fazilin və digər elm və incəsənət xadimlərinin İrana və İranın da bu kimi peşə sahiblərinin Azərbaycana qarşılıqlı səfərləri xalqlarımız arasında mənəvi vəhdət körpüsünün etibarlı dayaqları rolunu oynayır. Doktor Cahangirzadə ümid etdiyini bildirdi ki, İranın müasir fırça ustalarını təmsil edən üç nəfər xanım rəssamın əsərlərindən ibarət sərginin Bakıda nümayiş etdirilməsi İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında hərtərəfli dostluq və əməkdaşlıq körpüsünün daha etibarlı və uzunömürlü olacağının yeni bir rəmzidir.
Səfirliyin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi sərginin təsviri sənət sahəsində ilk qaranquş olduğunu, İranda incəsənətin bu sahəsinin inkişaf dövrü yaşadığını, gələcəkdə belə sərgilərin davamlı olacağını, Azərbaycan Respublikası rəssamlarının da əsərlərinin İranda sərgilərinin təşkil ediləcəyini bildirdi, ümumiyyətlə, bu sahədə görülmüş və görüləcək işlər barədə ətraflı məlumat verdi.
Sərginin açılışında çııxış edən görkəmli rəssam-dizayner, Tehran Universitetinin professoru Məhvəş Soheyli rəfiqələri adından vernisaj iştirakçılarını salamladı və müasir İranın təsviri sənət nümunələrinə göstərdikləri böyük marağa görə dərin təşəkkürünü bildirdi, eyni zamanda, sərginin təşkilatçılarına ən səmimi minnətdarlıqlarını çatdırdı.
Qeyd etmək lazımdır ki, sərgidə əsərləri nümayiş etdirilən iranlı qadın rəssamların hər üçü Vətən hüdudlarından çox-çox uzaqlarda yaxşı tanınan, bir sıra xaricı ölkələrdə ad-san çıxarmış fırça ustalarıdır. Tehran İncəsənət Univrersitetinin magistri Fatimə Sadat (Rahil), Rəşt şəhərindəki Çeşm Əndaz Mədəniyyət-İncəsənət İnstitutunun rəsm müəllimi Haniye Azmude həyatı idrak gözü ilə görməyi bacaran, arzu və düşüncələrini kətan üzərinə məharətlə köçürən rəssamlar kimi ad-san çıxarmışlar. Onların əsərləri tamaşaçıları həyata və gələcəyə nikbin nəzərlərlə baxmağa çağırır və bu xoşbəxt qələcəyi quranlara hörmət və ehtiram hissləri aşılayır. Bu əsərlərin bir çoxu müstəqillik yolunda inamla irəliləyən Azərbaycan xalqının da ürəyindəndir. Elə buna görədir ki, sərgi Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının böyük marağına səbəb oldu, Azərbaycan–İran mədəni əlaqələrinin daha da möhkəmləndirilməsi yolunda yeni bir etibarlı körpüyə çevrildi.
Hacı RAFİQ,
“Say” qəzetinin baş redaktoru,
“Vahid” Ədəbi Məclisinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.