Təbiiliyin harmoniyası

Dinamika, işgüzarlıq, məsuliyyət hissi, cavabdehlik, mübariz əhval-ruhiyyə, məqsədə nail olmaq üçün səriştə və inadkarlıq onun həyat kredosu, fəaliyyət tərzi üçün xarakterik cizgilərdir. Sənətində və şəxsiyyətində emosional keçidlər sərtliklə kövrəkliyin vəhdətində özünü daha qabarıq büruzə verərək milli özgürlük koloritini gücləndirir. Hisslərin, duyğuların coşub-çağlayan məqamında molbertin sıxacları arasında tarıma çəkilmiş kətanla üz-üzə dayanmağı, poetik düşüncələrin portretini rənglərin polifonik qurşağından, zərif, incə qovşağından faydalanaraq təbiiliyin harmoniyasını yaratmaqdan yorulmaq bilmir. Haqqında söz açdığımız rəssam, heykəltəraş, qrafika ustası, Azərbaycan Rəssamlar İttifaqının üzvü, beynəlxalq festival laureatı, Respublika Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Məhərrəm oğlu Quliyevdir.

O, 1956-cı ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. İxtisas təhsilini Bakıdakı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb. Həmin təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək, 1980-ci ildə təyinatla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sərəncamına göndərilib. Rafiq Məhərrəm oğlu bir müddət incəsənət bilikləri şöbəsinin müdiri vəzifəsində çalışıb, Azərbaycanda xalq yaradıcılığının öyrənilməsi və təbliği sahəsində fəaliyyət göstərib. Sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil alan Rafiq uzun illər respublikanın müxtəlif guşələrində yaşayan istedadları üzə çıxarmaqla yanaşı, özü də yaradıcılıqla ciddi məşğul olaraq, rəngkarlıq, qrafika və heykəltəraşlıq sahəsində yaddaqalan, bənzərsiz əsərlər yaradıb. Xüsusilə rəngkarlığa aid işlərinin müxtəlif miqyaslı yerli və xarici sərgilərdə nümayiş etdirilməsi uğurlu olub, müəllifini cəmiyyətdə tanıdıb və sevdirib. Onun Azərbaycan təsviri sənətinin problemlərindən bəhs edən tədqiqatları böyük maraq doğurur. Rəssamın “Azərbaycan incəsənətində rəmzi-bədii şərhə yüksəlmə” (2007), “Təsviri sənətdə insan dünyası” (2009) və “Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət” (2013) kitablarını sənətşünaslıq elmimizə, bütövlükdə Azərbaycan mədəniyyətinə dəyərli töhfə hesab etmək olar.

R.Quliyevin rəngkarlıq yaradıcılığında hansı janrın ələyatımlılığından, hansı boyanın imkanlarından, rəng çalarlarının üstünlüklərindən söz açmaq çətindir. Çünki o, müəyyən janra, boyaya rəğbətini büruzə versə də, peşəkarlıq, səriştə, araşdırdığı mövzuya vurğunluq bütün əsərlərinin bədii-estetik mahiyyətində, cazibəsində duyulmaqdadır.

Etiraf olunmalıdır ki, Rafiq incəsənət aləmində daha çox rəngkar kimi tanınır. Bununla belə, o, heykəltəraşlıq, tətbiqi-sənət sahəsində də özünəməxsus üslubu, ifadə tərzi, işıq kontrastlarının qabarıqlığı, rəmzi detalların tipikliyi, obrazın bütövlüyü, canlılığı ilə fərqlənir. Doğrudur, sovet dönəmində şablon, trafaret mövzulardan kənaraçıxmalar, milliliyə və müstəqil düşüncə tərzinə meylilik arzuolunan hal deyildi. Rafiq müəllim bədii yaradıcılığında rejimin məhdud çərçivələrinə sığışmır, bəzən onun məlum yasaqlarını sənətin qüdrətinə, füsunkarlığına tabe edirdi.

Rəssamın rəngkarlıq əsərləri sırasında süjetli kompozisiyalar daha çox diqqəti cəlb edir. Mühitin, əhval-ruhiyyənin qabarıq panoramını belə lövhələrdə canlandırmaq peşəkar fırça ustası üçün o qədər də çətin deyil. “Xeyir-dua” əsərində rəssamın doğulub boya-başa çatdığı kənddə müşahidə etdiyi toy mərasiminin ən duyğulu, həyəcanlı məqamı təsvir edilmişdir. Toy libası geyinmiş, milli adət-ənənəyə uyğun bəzədilmiş gəlin bəy evinə yola salınmazdan əvvəl valideynlərinin, yaxın qohumlarının xeyir-duasını almağı intizarla gözləyir. Ön planda papağını gözlərinin üstünə basmış, saç-saqqalı ağarmış, çayı stəkanda soyusa da, qəlyanına dərin qüllab vuraraq onu tüstülədən atanın qayğılı siması verilmişdir. Başı örtüklü ana ötən günlərin xiffətindən tam azad deyildir. Qızının gəlinlik libası ilə ananın geyimi arasındakı fərqi sənətkar cəmiyyətdəki ziddiyyətlərdən daha çox, onun inkişaf dinamikasının göstəricisi kimi təqdim edir. Ayrılıq nə qədər xoşməramlı olsa da, hamının çöhrəsindən nigarançılıq duyulmaqdadır. Bu məqamda ayrılıq anının uzanmasına son qoyacaq, narahatçılığı təbəssümlə əvəzləyəcək xeyir-duanı hər kəsin intizarla gözləməsi portretin ümumi kompozisiyasını təşkil edir.

“Xeyir-dua”dakı qəlyanlı kənd ağsaqqalı Rafiq Quliyevin yaradıcılığında bir dəfə görüntülənib yoxa çıxan, təsadüf olunmayan obrazlardan deyil. Tipik olduğu qədər də, yaddaqalan, mənalı sifət cizgiləri, ciddi baxışı, qayğılı görüntüsü olan müdrikə biz rəssamın yağlı boya ilə işlədiyi “Ümid”, “Hisslər”, “Fraqment” və s. tablolarında da rast gəlir, müxtəlif rakurslardan müşahidə etmək, izləmək imkanı qazanırıq. Eləcə də “Xeyir-dua”dakı Gəlin obrazı “Fraqment”, “Söhbət” və digər lövhələrdə qabarıq verilmişdir. Bu vurğulanan məqamlar tamaşaçıda əminlik yaradır ki, rəssam sevimli obrazlarını həyatdan seçir və yaradıcılıq boyu onları izləyir, fərqli situasiyalarda rənglərin dili ilə onların fikir və düşüncələrini ifadə etməyi bacarır.

“Sarı gəlin” obrazı Rafiqin yaradıcılığında milli koloriti və tarixi ənənəsi ilə seçilən, təbiət gözəli timsalında təqdim olunan, güllərin, çiçəklərin rəngindən, rayihəsindən süslənən bir Vətən qızının bədiiləşdirilmiş portretidir. Tabloda cazibədarlığı, zərifliyi, gözəlliyi şərtləndirən detallar kompozisiyanın mükəmməlliyini tamamlayır, rənglərin harmoniyası eyniadlı mahnı qəhrəmanının Azərbaycan təbiətinin qüdrətindən, bənzərsizliyindən təcəlla tapdığını təsdiqləyir.

“Sarı gəlin” portreti görkəmli sənətkarın qadın obrazları cərgəsində kübarlığı, ifalılığı, cazibədarlığı, milliliyi, mükəmməlliyi ilə seçilən, tarixilik və müasirlik rakurslarından yanaşdıqda məmləkətini dünya müstəvisində təmsil etmək səviyyəsinə ucaldılan Azərbaycan qadını nümunəsidir.

Rəssamın yaradıcılığında bütün fəsilləri ilə görüntülənən, rəngarəng, göz oxşayan Azərbaycan təbiəti – güllü-çiçəkli, barlı-bəhərli Vətən torpağı, ləpələri nəğmə zümzümə edən dənizi, çayı, şəlaləsi, qucağına sığınmış kəndləri ilə vüqarlı, əzəmətli görünən dağları, mənzərələri, onu gündən-günə gözəlləşdirən, min naz-nemətlə barındıran, zənginləşdirən zəhmətsevər insanları araşdırma predmetinə çevrilmiş, böyük sevgi və rəğbət hissi ilə təqdim edilmişdir.

“Lalələr”, “Yağışdan sonra”, “Yazın gəlişi”, “Nar ağacı, nar çiçəyi”, “Mənzərə”, “Küsdümgül”, “Natrümort”, “Güllər”, “Buket” və b. rəsmlərdə adlarından da məlum olduğu kimi, onun çiçəyə, təbiətin yaratdığı gözəlliklərə sevgisini, vurğunluğunu izhar etməklə yanaşı, rənglərin bəzən açıq, işıqlı, bəzən də solğun, tutqun çalarlarından yerli -yerində faydalanaraq hər kəsin birmənalı bəyəndiyi torpağın ecazkar töhfələrinə laqeydliyin, diqqətsizliyin mövcudluğunu da vurğulamağı unutmur. Gülün, çiçəyin taleyindən ifadə olunan narahatlıq insanları Tanrının yaratdıqlarına daha həssas olmağa çağırır.

Dəniz lövhələri rəssamın yaradıcılığında, demək olar ki, digər mövzularla müqayisədə üstünlük təşkil edir. Bu mənzərələrdə kükrəyən, şahə qalxan dalğalara, fırtına və tufanların məcrasından oynatdığı mavi dənizə təsadüf edilmir. “Dənizin nağılı” sahildə lövbər salmış “Qayıqlar”ın qəlbindən axan qara qanları ovsunlaya bilmir... “Qağayıların döyüşü” dəniz sükutunu “Lirika”ya çevirməyə hesablansa da, yalnız “Mayak”ın işıq yaddaşında yaşam haqqı qazanır. Onun tablolarında dəniz sanki canlı, duyğulu, düşüncəli orqanizmdir, insan taleyi yaşayır – qayğılı, narahat, məsuliyyət hissi daşıyan ömür...

Dağ, kənd, çay, şəlalə obraz kimi düşüncələr aləmini tamamlayan, bütövləşdirən bədii detallardır. “Yağışdan sonra”, “Çaylaq”, “Yazın gəlişi”, “Köhnə kənd”, “Mənzərə”, “Ağsaqqal”, “Axşam” və digər lövhələrdə doğma, tanış kənd mənzərələri, ucalıq, əzəmət rəmzi olan dağlar və dağ ağırlığında el, Vətən dərdini çiyinlərində daşıyaraq ömrün qış çağında yumaq kimi bükülən kənd ağsaqqalı... Rəssam maraqlı süjetlər əsasında mükəmməl kompozisiyalar quraraq tamaşaçını düşündürmək, hisslərlə rənglərin səssiz dialoqunu qurmaq bacarığını böyük ustalıqla sezdirə bilir.

Azərbaycanın Xalq rəssamı, Respublika Dövlət mükafatı laureatı Kazım Kazımzadə təsadüfi deyildir ki, Vətənimizin dilbər guşələrini, əsrarəngiz gözəlliklərini tablolarında canlandıran sənətkar haqqında demişdir: “Rəssam Rafiq Quliyevin yaradıcılığında tarixi yaddaşa diqqət və ehtiramın ifadəsi diqqətimi daha çox cəlb etdi. Çünki yaradıcı adam üçün bu, çox vacib keyfiyyətdir. İnanıram ki, o, bu cür başlanğıcla özünün yaxın gələcəkdə də uğur qazanacağına zəmin yaratmışdır.”

Yaradıcı şəxsiyyətdə, sənətkarda vətənpərvərlik keyfiyyətinin, milli-tarixi yaddaşa ehtiramın önəmliliyini vurğulayan K.Kazımzadənin dəqiq müşahidələri, elmi proqnozları demək olar ki, bu gün özünü tamamilə doğrultmuşdur. Rafiq Quliyevin yaradıcılıq palitrası çoxçalarlı və çoxşaxəli olmaqla yanaşı, yurdsevərlik duyğusu, dövlətçilik hissiyyatı ilə süslənmişdir.

 “İlk şum” əsəri rəssamın torpağa sevgisinin bədii ifadəsi, zəhmət adamlarına rəğbətinin, ehtiramının əyani təcəssümüdür. Sübh çağı, dağlar arxasından dan yerinin qızardığı, şəfəqlərin ağ buludları qırmızılı-çəhrayılı rəngə boyadığı anlarda tüstüsü ərşə bülənd olan çəhrayı traktorla yerin şumlanması, kotan caynağının torpağın bağrını sökməsi, uzaqlarda görünən kəndin uğurlu və xeyirli sabahlarından xəbər verir. Bu mənzərədə torpaq, dağ və nurlu səma arasında rəng keçidlərinin təbii harmoniyası duyulmaqdadır.

Onun əsərlərinin əksəriyyətində tarixilik və müasirlik tendensiyası vətəndaş-rəssam mövqeyindən təqdim edilmişdir. Bu düşüncənin qabarıqlığına diqqət yetirmək, fərqinə varmaq, təzadlar arasındakı bəzən görünməz incə, zərif vəhdəti həssaslıqla müşahidə etmək üçün “İçərişəhər” və “Yeniləşən Bakı” tablolarının önündə bir anlıq dayanaraq yaşanan duyğuların çoxqatlı rəng çalarlarında yuvarlandığının şahidi olmaq yetərlidir. Bu iki əsərin yaranma tarixi illərlə ölçülsə də mahiyyəti, məzmunu, süjet xətləri arasında əsrlər yaşayır...

Rafiq Quliyevin təsviri incəsənət təmayüllü əsərlərində tariximizin, mədəniyyətimizin, adət-ənənələrimizin zamanın sınağından üzüağ çıxan unikal tərəflərinin təcəssüm tapması, milli-mənəvi dəyərlərimizdən qədərincə barınması qürur və iftixar hissi doğurur.

Asif Rüstəmli,
AMEA Ədəbiyyat İnstitutu mətbuat tarixi və publisistika şöbəsinin müdiri,
filologiya üzrə elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında