XIX əsr Bakısının görüntüləri Fransada sərgilənib

Bakının 19-cu əsrdə çəkilmiş bəzi unikal və bu günə qədər nümayiş olunmamış fotoşəkilləri Fransanın Reims şəhərində “Musée-Hôtel Le Vergeur” otelində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin təşəbbüsü ilə sərgilənib.

Sərgirdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Gürcüstanın Fransadakı səfiri xanım Yekaterina Siradze-Delaunay və Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Labell də daxil olmaqla, 60-a yaxın qonaq iştirak edib.

TEAS-dan APA-ya verilən xəbərə görə, fotoşəkillər səyyah, fotoqraf, xeyriyyəçi və “Musée-Hôtel Le Vergeur” otelinin keçmiş sakini olmuş Hugues Krafft (1853–1935) tərəfindən çəkilib. O, 1896 və 1898-ci illərdə Rus çarı II Nikolayın xeyir-duası ilə Cənubi Qafqaza səyahət edib. Onun Paris Coğrafiya Cəmiyyətinin qızıl medalını və Fransa Akademiyasının Monthyon mükafatını qazanmış bəzi fotoşəkilləri 1902-ci ildə “Haçette” nəşriyyatı tərəfindən “Rus Türküstanından keçərkən” (Á travers le Turkestan russe) kitabında dərc olunub. Demək lazımdır ki, bu vaxta  kimi bəzi fotoşəkillər heç bir yerdə sərgilənməyib.

Hugues Krafft Azərbaycan da daxil olmaqla, Cənubi Qafqazın mindən artıq görüntülərini lentə alıb. Onların 547-si “Musée-Hôtel Le Vergeur” otelinin arxivində saxlanılır. Bu fotoşəkillər demək olar ki, yoxa çıxmış məkanı və zamanı özündə təcəssüm etdirir. Bəzilərində insanlar gündəlik həyatda öz fəaliyyətləri ilə məşğul olarkən, bəzilərində isə onların ilk fotoçəkiliş təcrübəsi olan hadisə üçün xüsusilə seçilmiş ən yaxşı paltarlarında cilvələnərkən əks olunublar. Ümumilikdə, Cənubi Qafqazda çəkilmiş şəkillərdən 26-sı 1898-ci ildə Bakıda çəkilib.

Fransada yaşayan gürcü tarixçisi Ana Çeişvilinin rəhbərliyi altında və TEAS Fransa ofisindən Ülkər Muller tərəfindən koordinasiya edilən bu maraqlı sərgi həm sosioloji, həm də etnoqrafik cəhətdən çox dəyərlidir.

Krafft tərəfindən təsis edilmiş Köhnə Reims Dostları Cəmiyyətinin sədri Jan-Fransua Kornü tədbir iştirakçıları qarşısında çıxış edərkən deyib: “Krafftın lentə aldığı fotoşəkilləri füsünkar mənzərə və abidələri, yerli xalqların geyim və mərasimlərini unikal və əvəzedilməz ifadələrə çevirdi. Krafft rus imperiyasına səfər etdikdə Bakı bir əyalət şəhəri idi. Lakin, o, şəhərin türk, fars və rus irsi ilə dolu olan memarlığına heyran qaldı. Krafft böyük səyyah, tarixçi, yazıçı, fotoqraf və etnoqraf idi. Əminəm ki, bu sərginin sayəsində iştirakçılar müasir Bakını ziyarət etmək istəyəcəklər”.

TEAS Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin bildirib: “Fransadakı şəxsi kolleksiyalarda və arxivlərdə saxlanılan fotoşəkillərə baxarkən, biz Hugues Krafftın Qafqazdakı səyahətlərinə aid fotoşəkillərin mövcudluğunu aşkar etdik və əmin olduq ki, onun Bakıya səfərini əks etdirən fotoşəkilləri dərc edilməyib. Bu sərginin nəticəsi olaraq TEAS Press Nəşriyyatı tərəfindən eyniadlı kataloq dərc olunub”.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev sərginin təşkili təşəbbüsünü yüksək qiymətləndirərək bildirib ki, bu cür sərgilər bizə Bakının qədim tarixini anlamağa və həmin dövrdə dünyadakı mövqeyini nəzərə almağa imkan verir. 19-cu əsrdən 20-ci əsrin əvvəllərinə qədər Rusiya İmperiyasının bir hissəsi olmağına və 1920-ci ildən sonra Sovet İttifaqının boyunduruğuna düşməsinə baxmayaraq, Bakı özünəməxsusluğunu qoruyub saxlayıb.

Gürcüstanın Fransadakı səfiri xanım Yekaterina Siradze-Delaunay, Fransada Cənubi Qafqaz ölkələrinin mədəniyyəti və tarixinin təbliğində bu cür layihələrin vacibliyini və simvolik əhəmiyyətə malik olduğunu vurğulayıb.

Reims şəhər merinin mədəniyyət məsələləri üzrə müavini Paskal Labell tarixin şahidi və mirasın qeydçisi kimi fotoqrafiyanın əhəmiyyətini və rolunu vurğulayaraq bu fotoşəkilləri Reims və Bakı arasında tarixi əlaqələrin  göstəricisi kimi dəyərləndirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında