Ölkəmizdə muzey işinin yaranması ötən əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət muzeyi kimi fəaliyyət göstərmişdir. Maddi mədəniyyət nümunələrinin, müxtəlif nadir əlyazma və sənət əsərlərinin toplandığı bu muzeyin müvafiq şöbələri əsasında ötən əsrin 30-cu illərində artıq bir neçə muzey yaradılmışdır. Sonrakı illər ərzində Azərbaycanda yeni muzeylər fəaliyyətə başlamışdır. Yetmişinci illərdən etibarən respublikada muzey şəbəkəsinin inkişafı daha intensiv şəkil almış və yüzdən artıq yeni muzey yaradılmışdır. Ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev muzeyləri, xatirə muzeyləri təşkil edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, nazirliyin tabeliyində hazırda 136 muzey fəaliyyət göstərir. Bunlar müxtəlif profilli muzeylərdir: tarix və tarix-diyarşünaslıq, incəsənət və ədəbiyyat, elm, siyasət, mədəniyyət və incəsənət xadimlərinin memorial, hərbi-vətənpərvərlik və döyüş şöhrəti muzeyləri. Son illər regionlarda Heydər Əliyev muzeyləri yaradılır ki, bu mədəniyyət ocaqları da böyük öndərin irsinin öyrənilməsinə, onun ideyalarının təbliğinə və gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Muzey işinin yaxşılaşdırılması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci il 6 mart tarixli sərəncamından sonra bu sahəyə diqqət daha da artırılmışdır. Sərəncamda Azərbaycanda muzeylərin fəaliyyətinin müasir prinsiplər əsasında, dünya standartlarına müvafiq olaraq yenidən qurulmasını və muzey ekspozisiyalarının azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılmasını təmin etmək mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.
Ötən on il ərzində sərəncamda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində əsaslı tədbirlər reallaşdırılmışdır. Bir çox muzeylərin yerləşdiyi Muzey Mərkəzinin əsaslı təmiri, Xalça muzeyinin yeni binasının tikilib istifadəyə verilməsi, Azərbaycan milli incəsənət muzeyinin əsaslı təmirindən sonra Rəssamlar İttifaqının rəyi nəzərə alınmaqla, yeni ekspozisiyasının yaradılması ilə bağlı həyta keçirilən tədbirlər muzey işinə dövlət qayğısının bariz nümunəsidir.
Bundan başqa, reğionlarda da muzey işının inkişafı diqqətdən yayınmamışdır. Gəncə muzeylər şəhəri kimi tanınır. Prezident Gəncədə M.Ş. Vazehin muzeyinin açılışında demişdir: “Gəncənin digər muzeyləri də sakinlərin və turistlərin maraq dairəsinə daxildir. Mir Cəlal Paşayevin ev muzeyi, Gəncə tarix və diyarşünaslıq muzeyi, Nizami Gəncəvinin və İsrafil Məmmədovun xatirə-ev muzeyləri, Müasir incəsənət muzeyi buraya gələnlərin Gəncənin tarixi, görkəmli övladları, müasir incəsənəti haqqında dolğun məlumatlar əldə etməsi üçün zəngin eksponatlara malikdir.”
Balakən, Qusar, Xızı tarix-diyarşünaslıq muzeylərində, Lənkəran şəhərində Həzi Aslanovun ev muzeyində, Salyan rayon Heydər Əliyev muzeyində Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bədii-tərtibat işləri aparılıb. Sonrakı iillərdə də bu sahədə xeyli layihə həyata keçirilmişdir.
Bu gün Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Həmin ərazilərdə zəngin muzeylər, şəkil qalereyaları ilə yanaşı, çoxsaylı mədəniyyət nümunələrimiz də məhv edilib. İşğal altında olan rayonlarımızda vaxtilə ümumilikdə 100 mindən artıq əşyanın toplandığı 22 muzey fəaliyyət göstərib. Onların hamısı erməni silahlı qüvvələri tərəfindən talan edilib. Ümumilikdə işğal olunmuş ərazilərdə 762 mədəniyyət abidəsi və 1431 mədəniyyət müəssisəsi qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar vardır.
Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ tarixi muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan xalçası və xalq tətbiqi sənəti muzeyinin Şuşa filialı var idi. Ağdam tarix-diyarşünaslıq muzeyi, Qubadlı tarix-diyarşünaslıq muzeyi, Zəngilan tarix-diyarşünaslıq muzeyi, görkəmli musiqiçi Qurban Primovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı, Kəlbəcər rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam çörək muzeyi şəhərin bombalanması zamanı tamamilə yerlə-yeksan edilib.
Onu da qeyd edək ki, Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin tərkib hissəsi olduğundan işğal altındakı ərazilərimizdə qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir. Azərbaycanın işğal olunmuş ərazilərində erməni qəsbkarlarının törətdikləri vandalizm “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına, “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir.
Son illər Azərbaycanda fəaliyyət göstərən muzeylərinin beynəlxalq muzeylərlə də əlaqələri genişlənir, muzey işi sahəsində müxtəlif beynəlxalq sənədlər imzalanır. Muzeylər təmir olunarkən və ya ekspozisiyaları yeniləşdirilərkən beynəlxalq normalar nəzərə alınır. Muzey əməkdaşları da xarici muzeylərə ezam olunur və orada təcrübə mübadiləsi keçirlər. Mədəniyyət və Turizm Nazirliyində deyirlər ki, beynəlxalq normaları Azərbaycan muzeylərində tətbiq etməyə çalışırlar. Azərbaycan dövlət incəsənət muzeyində təmirdən sonra belə bir təcrübənin tətbiq edilmə imkanı yaranıb. Bundan başqa, Bakıda yeni yaradılmış Müasir incəsənət muzeyi tərtibat səviyyəsinə, digər imkanlarına görə dünyada fəaliyyət göstərən ən məşhur müasir incəsənət muzeyləri ilə bir sırada dayanır. Bu gün bu muzeydə açılan qeyri-adi sərgilər də hər kəsin marağına səbəb olur.
Bundan başqa, dünyanın məşhur muzeylərində Azərbaycan mədəniyyətinə dair guşələr fəaliyyət göstərir. Pakistanın İslamabad şəhərinin Etnoqrafiya muzeyində, Şərqi Qazaxıstan Vilayəti Arxitektura – etnoqrafiya və təbiət-landşaft qoruq-muzeyində, Özbəkistanın Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin Nizami Gəncəvi muzeyində, Çinin folklor, qadın və uşaq muzeyində və digərlərində Azərbaycana aid guşələr yaradılıb. Həmçinin dünyanın aparıcı muzeylərinin kolleksiyaları Azərbaycanda nümayiş etdirilir. Bu istiqamətdə Azərbaycan muzeyləri bir sıra layihələrə imza atır ki, bu da beynəlxalq əlaqələri genişləndirir.
Azərbaycanın muzey fondlarında saxlanılan maddi-mədəniyyət nümunələrinin sayı artıq 1 milyonu keçib. Muzey işçilərinin sayı 2 min nəfərdən artıqdır. Statistika göstərir ki, Azərbaycanda muzeylərə maraq da artmaqdadır. Belə ki, illərin statistikasına görə, muzeylərə gələn tamaşaçıların sayı milyon yarımı ötüb.
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.