Onu yaxşı tanıyırdım. Sadə, səmimi insan idi. Elə rolları da öz xarakterinə uyğun seçilirdi. Kinoda, teatrda yaratdığı rolların sayı-hesabı yoxdur. Hətta kiçik epiozodlarda rol alanda belə, aktyor məharətini əsirgəməzdi. Təbiətində komik cizgilər olduğundan bu tipli rolları ona daha çox həvalə edirdilər. O da bu rolları ilə səhnəyə və ekrana xüsusi ovqat gətirirdi.
Bu il 80 illiyini qeyd etdiyimiz Xalq artisti Eldəniz Zeynalov şərəfli sənət yolu keçmişdir. O, 1937-ci ildə dünyaya göz açmışdır. Hələ məktəbli ikən dayısı, müqtədir Xalq artisti Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еtmişdir.
Teatr İnstitutunda aktyorluq fakültəsini bitirdikdən sonra müəllimi Adil İsgəndərov onu “Əhməd haradadır?” filmində rəngsaz Əhməd rolunda çəkib. Bir neçə il sonra isə kinorejissor Eldar Quliyev Eldənizi “Bir cənub şəhərində” filmində baş rollardan birinə dəvət edib. Tofiq rolu onu bu sənətə daha çox bağladı. Əvvəla, deyim ki, bu film kinomuzun nailiyyətlərindəndir və maraqlı olan bu idi ki, filmdə əsas rolları gənclər ifa edirdilər. Hər birinin rolu da uğurlu alındı. E. Zeynalovun Tofiqi də bu cənub şəhərində yaşayan gənclərdən biridir. Eldar Quliyev onu məşqlərdən azad eləmişdi, çünki bu obraz gənc Eldənizin öz xarakterinə çox yaxın idi.
Onun qəhrəmanının atası müharibə dövründə Ukraynada həlak olmuş və orada da dəfn olunmuşdu. Atasının abidəsini ziyarətə gələn Tofiqin oradakı çıxışı və səfər zamanı bir qızla tanış olması səhnələri maraqlı və baxımlıdır. Tofiq Bakıda nişanlısını qoyub getmişdi. İndi özü ilə rus qızı gətirməsinin necə qarşılanacağını da yaxşı təsəvvür edirdi. Axı, özü də bu şəhərdə, bu məhəllədə dünyaya göz açmışdı. Nəticə, doğrudan da , acınacaqlı olur. Qızın qardaşı Murad onu bağışlamır. Bu şəhərin məhəllə qanunları belə özbaşınalıqları qəbul etmirdi. E. Zeynalov rolunu özünəməxsus formada, bir az ciddi, bir az da komik şəkildə təqdim etmişdi.
O vaxt Moskva televiziyasında bu filmə həsr olunmuş veriliş hazırlanmışdı. Filmdə aktyorun qəhrəmanının Ukraynadan gətirdiyi qız rolunda çıxış edən xanım – onun peşəsi aktrisa deyil – danışmışdı ki, Eldənizin onu qucaqlaması, doğrudan da, qəflətən alınmışdı. E. Zeynalov rejissora deyib ki, işığı söndürməsək, alınmayacaq. Filmdə belə epizodlar çoxdur və aktyor bu vəziyyətlərdən həmişə məharətlə çıxırdı.
İnstitutu bitirdikdən sonra Akademik Dram Teatrında işə başlayan gənc aktyora burada müxtəlif səpkili rollar həvalə edirdilər. Bu teatrda qoyulan “Ah Paris, Paris”, “Dəlilər və ağıllılar”, “Köhnə ev” və başqa onlarca tamaşadakı rolları ilə səhnədən də sözünü deməyi bacardı.
Tez-tez filmlərdə çəkilirdi. Eldəniz Zeynalov “Yeddi oğul istərəm”, “Rəqiblər”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Hər şey yaxşılığa doğru” “Babamızın babasının babası”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Mən mahnı qoşuram”, “”Yerlə göy arasında” və digər filmlərdə, “Qonşu qonşu olsa” teletamaşasında maraqlı, yaddaqalan obrazlar canlandırıb. Xarici film istehsalçılarının “Dulsineya Tobosskaya” (“Mosfilm”), “Təyyarələr enmədi” (“Özbəkfilm”) filmlərində də çəkilib. “Mozalan” satirik kinojurnalının neçə-neçə süjetində onun maraqlı, ifşa və islahedici rolları var. Bu kiçik rolları ilə o, dövrün bəzi qaranlıq məqamlarına aydınlıq gətirirdi.
Tamaşaçılar onu əvvəlcə yalnız komik obrazların yaradıcısı kimi qəbul edirdi. Lakin aktyorun imkanlarını üzə çıxarmağı bacaran rejissorlar onu tamaşaçıya hər tərəfdən tanıdıb. Eldəniz Zeynalov rollarında həm başqalaşırdı, həm də özü kimi tanınırdı – komik, xarakterik, dramatik obrazlarının hamısında. “Bir cənub şəhərində” filmində tipik bakılı gəncin, “Rəqiblər” kinonovellasında maraqlı psixologiyası olan ticarətçi, “Əhməd haradadır?” komediyasında şən fəhlə, “Yeddi oğul istərəm”də iki siyasi quruluş arasında çaşbaş qalmış kəndli, “Bəyin oğurlanması”ndakı mükəmməl epizodik rolu Eldəniz Zeynalovun yüksək istedad sahibi olmasının nəticəsi idi. Aktyorun özünün səhnədən, kamera qarşısından kənardakı davranışındakı səmimiliyinin dərəcəsi, rolun ifa tərzinin səmimiliyində də aydın görünürdü. Eldəniz Zeynalov insanlarla adi ünsiyyətdəki təbii səmimiliyini özündən asılı olmadan, aktyorluğuna da köçürürdü...
Tofiq Tağızadə “Yeddi oğul istərəm” filmini çəkəndə, ona Mirpaşa obrazını təklif eləmişdi. Amma o, atdan qorxduğu üçün bu roldan imtina etdi. Ona görə də Tofiq Tağızadə onu kəndli rolunda çəkdi. Çəkilişlərdə məzəli bir hadisə olmuşdu – qəhrəmanını güllə ilə vurub öldürürlər. O da deyir ki, nahaq yerə məni öldürdün. Bax, həmin epizod çəkiləndə kadr arxasında üzünü Tofiq Tağızadəyə tutub deyib ki, gərək filmin axırında öldürəydin, qonorarım yaxşı çıxaydı.
Onun haqqında maraqlı xatirələr çoxdur. Hamısı da xoş, ürəyəyatan xatirələr. Bir də ailəcanlı insan idi. Dəyərli övladları var. Oğlanlarından biri televiziya rejissorudur, digəri atasının yolunu davam etdirir. Qızı isə iqtisadçıdır.
Eldəniz Zeynalov “Humay” mükafatına, Əməkdar artist, Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2002-ci il noyabrın 5-də amansız ölüm onu aramızdan apardı. Bizə isə onun yaratdığı gözəl rollar yadigar qaldı.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.