“Qaranlıqdan işığa – Əsgər ağa Gorani”

Yeni kitablar

Azərbaycan Milli Kitabxanasının dəyirmi salonunda bu günlərdə işıq üzü görmüş daha bir dəyərli nəşr – yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının “Qaranlıqdan işığa – Əsgər ağa Gorani” kitabı ictimaiyyət nümayəndələrinə təqdim edildi.

Mərasimi giriş sözü ilə açan kitabxananın direktoru, professor Kərim Tahirov yeni kitabı XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış tanınmış ziyalı, maarifçi ədib, milli teatrın, mətbuatın və xeyriyyə hərəkatının yaradılmasında öz müəllimi Həsən bəy Zərdabiyə yaxından kömək etmiş Əsgər ağa Adıgözəlov Goraninin ömür yolunun, ictimai-mədəni və ədəbi fəaliyyətinin daha dolğun öyrənilməsini hədəfə alan qiymətli qaynaq kimi səciyyələndirdi.

Görkəmli zərdabişünas, Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmov milli teatrın və mətbuatın yarandığı dövrdə Bakı real gimnaziyasında Həsən bəy Zərdabinin istedadlı yetirmələrindən biri olmuş Əsgər ağanın “Əkinçilər” nəslinin fədakar nümayəndəsi kimi sonrakı zəngin və çoxtərəfli fəaliyyəti ilə milli oyanış hərəkatımızda özünəməxsus yer tutduğunu vurğuladı. Alim bildirdi ki, Qarabağ və Gəncə kübarları nəslindən olması səbəbindən sovet dövründə bu millətsevər ədibin və ictimai xadimin ömür yolu və fəaliyyəti kifayət qədər öyrənilməmişdi. Bu baxımdan araşdırmaçı Gülhüseyn Kazımlının ciddi arxiv axtarışları nəticəsində hasilə gətirdiyi və digər tədqiqatları və bioqrafik materialları da əlavə etdiyi bu toplu milli oyanış, maarifçi ədəbiyyat və anadilli mətbuat tariximizin dərindən öyrənilməsinə dəyərli töhfədir.

Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Aslan Cəfərov, Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin rəhbəri, şair Ənvər Əhməd, BDU-nun professoru Alxan Bayramoğlu, ədəbiyyatşünas Vaqif Yusifli, Xalq artisti Fikrət Verdiyev, Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu və digər çıxış edənlər bu il anadan olmasının 160 illiyi tamam olan Əsgər ağa Goraninin unudulmaz şəxsiyyətinə və milli istiqlalımıza yönəlik fəaliyyətinə işıq salan kitabın müəllifini təbrik etdilər, görkəmli maarifçinin yubileyinin qədirbilənliklə qeyd olunması gərəkliyinə toxundular.

Mərasimdə bildirildi ki, Əsgər ağa Haqvеrdi bəy oğlu 3 may 1857-ci ildə Gəncəbasarın Goran-Boyəhmədli kəndində anadan olub. Məşhur “Qarabağnamə” müəlliflərindən Qarabağ xanlığı mirzəsi Adıgözəl bəy Qarabağinin nəvəsidir. Bakı real gimnaziyasını qızıl mеdalla bitirərək Moskvada Pеtrovski-Razumovski adına Kənd Təsərrüfatı Akadеmiyasına daxil olub. Ali təhsildən sonra ustadı Həsən bəy Zərdabi kimi vətənə dönüb, Gəncə qubеrniya idarəsində və Tiflis dairə məhkəməsində müxtəlif məsul vəzifələrdə çalışıb.

 5 il Gəncə bələdiyyəsinə rəhbərlik edən Əsgər ağa Gəncədə şəhərin ictimai-mədəni inkişafına çalışıb,  öz hеsabına qız məktəbi açıb. Əsgər ağa 9 mart 1910-cu ildə vəfat edib. Maarifçi ziyalı milli kübarlığa mənsub Ziyadoğlu və Qacarlar nəslindən Əbülfət ağanın qızı Bəyim xanımla еvlənib, dörd övlad böyüdüb (Danyal bəy, Mikayıl bəy, Lülpər xanım və Əli bəy).

Əsgər ağa Goraninin nəticəsi Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov ailəsi adından “Qaranlıqdan işığa” kitabının müəllifinə və iştirakçılara minnətdarlığını bildirdi.

Sonda Gülhüseyn Kazımlı kitab üzərində necə çalışmasından söz açdı, qəhrəmanının zəngin və mənalı həyatının silsilə tədqiqatlar üçün mövzular verdiyini söylədi, təqdimat mərasiminin təşkilatçılarına təşəkkürünü ifadə edti.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında