“Xətainin qılıncı və qələmi”

Dünən AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin anadan olmasının 530 illik yubileyi ilə bağlı “Xətainin qılıncı və qələmi” adlı ədəbi-bədii mərasim keçirildi. Məclisi muzeyin direktoru akademik Rafael Hüseynov açaraq bildirdi ki, Şah İsmayıl Xətai qüdrətli Azərbaycan Səfəvi dövlətini yaradaraq böyük xidmətlər göstərmişdir.

1501-ci ildə Şah İsmayıl 14 yaşında tərəfdarlarını başına toplayarq Azərbaycan dövlətinin əsasını qoyur və Təbrizdə özünü şah elan edir. Tarixçi İsgəndər bəy Münşi həmin dövr hadisələrindən bəhs edən “Tarixi-aləmarayi- Abbasi” əsərində yazırdı ki, “Şah İsmayıl Təbrizə ruh bədənə daxil olan kimi  daxil oldu”. Şah İsmayıl Xətai milli dövlətçilik ənənələri, milli ruh yaratmaqla Azərbaycan coğrafiyasını da genişləndirdi. Onun yaratdığı ülgülər, qəliblər indiki müstəqil Azərbaycanın, bütün xalqımızın can atdığı azadlıq ideyalarının təməl daşları hesab edilir.

Araşdırmaçı şair Şahin Fazil Xətainin bir tarixi şəxsiyyət və şair kimi təbliği və tədqiqi istiqamətində gördüyü işlərdən danışdı. Bildirdi ki, o, hazırda İsgəndər bəy Münşinin “Tarixi-aləmarayi-Abbasi”  əsərini Azərbaycan dilinə çevirir. Sonda Ş.Fazil Xətainin şeirinə yazdığı təxmisini oxudu.

Xalq şairi Sabir Rüstəmxanlı tədbirin əhəmiyyətini xüsusi vurğulayaraq son dövrlər Azərbaycan xalqının tarixi şəxsiyyətləri, sərkərdələri, şair və yazıçıları haqqında xoşagəlməz yazıların artmasından narahatlığını ifadə etdi. Şah İsmayıl Xətai haqqında məkirli yazıların xalqımızın milli birliyi və milli ruhuna qarşı təxribat kimi qiymətləndirdi. Şair çıxışının sonunda hələ 19 yaşında olarkən qələmə aldığı “Vətən” şeirini söylədi.

Filologiya üzrə elmlər doktoru, professor Nüşabə Araslı atası, akademik Həmid Araslının ötən əsrdə sovet rejimi dövründə Şah İsmayıl Xətai ilə bağlı araşdırmalarından danışdı. Şairin əsərlərinin dərsliklərə salınması zamanı akademikin üzləşdiyi çətinliklərdən söz açdı.

Filologiya elmləri doktoru, professor Paşa Kərimov isə son dövrlər dünyanın müxtəlif muzey və kitabxanalarında əldə edilən əlyazmalar barəsində məlumat verdi. Qeyd edildi ki, əldə edilən sənədlər bir daha təsdiq edir ki, Səfəvilər hakimiyyəti dövründə bütün yazışmalar Azərbaycan dilində aparılmışdır.

Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli çıxışında qeyd etdi ki, Şah İsmayıl sufi dəyərlərə əsaslanan dünyəvi dövlət qurmağı qarşısına məqsəd qoymuşdu.

Şah İsmayıl Xətai haqqında məqalələri toplayıb kitab halında çap etdirən Axund Hacı Soltan Əlizadə şəxsi vəsaiti hesabına çəkdirdiyi “Xətai və Füzuli” əsərini muzeyə hədiyyə etdi.

Xalq artisti Alim Qasımov, Əməkdar artislər Fərqanə Qasımova, Təyyar Bayramov, İlahə Əfəndiyeva, aşıq İlham Əsgəroğlu və başqaları Şah İsmayıl Xətainin sözlərinə yazılmış muğam və mahnılar ifa etdilər, “Koroğlu” dastanından parçalar səsləndirildi.

Tədbir noyabrın 24-də işini davam etdirəcək.

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında