Sivilizasiyalararası dialoq məkanı

“Bakı prosesi”nin 10-cu ildönümü qarşısında

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Sənəddə deyilir: “Azərbaycan Respublikasındakı mövcud mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti bu çoxmillətli və çoxkonfessiyalı ölkəni dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanıtmışdır. Azərbaycan dövləti tərəfindən mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər onun mədəni müxtəlifliyə dəstəyinin bariz göstəricisidir.”

“Bakı prosesi” ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışıdır. “Bakı prosesi” həm multikultural, həm də interkultural beynəlxalq və yerli fəaliyyətlərin davamlı məcmusudur. Təsadüfi deyil ki, “Bakı prosesi” çərçivəsində ilk dəfə 2008-ci il dekabrın 2-3-də paytaxtımızda təşkil olunmuş Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 İslam ölkəsi də dəvət edildi və həmin tədbirdə yeni bir formatın əsası qoyuldu.

“Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il oktyabrın 13-15-də Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransına Azərbaycanın təşəbbüsü ilə 10-dan artıq Avropa dövləti də dəvət olundu. Azərbaycan tərəfindən atılan bu addımlar beynəlxalq tədbirlərin iştirakçılarının tərkibinin müəyyənləşdirilməsinə yeni ənənələr gətirdi. Konfransın ilk günü tədbirdə iştirak etən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv ölkələr arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda “dəyirmi masa” keçirildi və birgə bəyanat qəbul edildi. Bu, dünyada model kimi qəbul olunan “Bakı prosesi”nin başlanğıcı idi.

Ekspertlərin fikrinə görə, bu gün hadisələri proqnozlaşdırmaq çətindir. Doğrudan da, hadisələr o qədər sürətlə inkişaf edir, məzmun və xarakteri elə şəkildə dəyişir ki, onları qiymətləndirmək bir o qədər asan olmur. Ancaq bütün baş verənlərin ana xətti ondan ibarətdir ki, milli, mədəni, ideoloji və dini ziddiyyətlər gündən-günə artır və bunun nəticəsi olaraq yaranan münaqişələr dəhşətli faciələrə gətirib çıxarır. Bu mənada hər yerdə dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgəyaşama, tolerantlıq kimi şüarların və təbliğat işlərinin yayılması olduqca vacibdir. Yəni, hər hansı bir ölkə bu məsuliyyətli missiyanı öz üzərinə götürməli və bunu daşımaq haqqına sahib olmalıdır. Azərbaycan bu mənada nümunə göstərdi. Bakı mədəniyyətlərarası dialoqun keçirildiyi məkana çevrildi.

2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropada və qonşu regionlarda davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti “Bakı prosesi” təşəbbüsünü irəli sürmüşdür. Konfransda “Mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı bəyannaməsi” qəbul edilmişdir. 2010-cu ildə “Bakı prosesi” artıq regional təşəbbüsdən qlobal çağırışa çevrilməyə başlamışdır.

Ötən on il ərzində ölkədə “Bakı prosesi” çərçivəsində, həmçinin bu təşəbbüsün məqsədləri istiqamətində çoxsaylı beynəlxalq tədbirlər
və layihələr gerçəkləşdirilmişdir. UNESCO, 
BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilən ümumdünya mədəniyyətlərarası dialoq forumları BMT və strukturlarının mədəniyyətlərarası dialoqun qurulması və inkişafı, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə sahəsində qlobal platforma statusu qazanmışdır. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu uğurlu prosesin və fəaliyyətin nəticəsi idi.

Birləşmiş Millətlər Təşkilatı Baş katibinin 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasının 72-ci sessiyasındakı “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində 2008-ci ildən etibarən müvəffəqiyyətlə reallaşdırılan “Bakı prosesi”ni xüsusi vurğulaması sivilizasiyalar arasında qədim dövrlərdən bəri körpü rolunu oynamış Azərbaycanın mədəniyyətlərarası dialoqa hazırkı mərhələdə verdiyi töhfələrin beynəlxalq miqyasda etirafı olaraq qiymətləndirilməlidir.

Bakıda iki ildən bir keçirilən mədəniyyətlərarası dialoq forumlarının hər dəfə mövzuları yenilənir, dünya ölkələrinin bu foruma marağı getdikcə artır. Bu vaxta kimi Bakıda dördüncü dəfə baş tutan forumlarda iştirakçı ölkələrin sayı artmaqda davam edir. Belə bir fakta diqqət yetirək: IV Mədəniyyətlərarası Dialoq Forumunda 120 ölkədən olan 800-dən artıq qonaq iştirak etmiş, 50-dən çox beynəlxalq qurum özünün yüksək səviyyəli nümayəndəsini Bakıya göndərmişdi.

Prezident İlham Əliyev çıxışlarından birində demişdir ki, gələn il “Bakı prosesi”nin 10-cu ildönümü qeyd ediləcək. Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən mədəniyyətlərarası dialoq sahəsində liderlik xidmətlərinə görə “Bakı prosesi” mükafatı”nın təsis edilməsi təşəbbüsü irəli sürülüb ki, həmin mükafat mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində olduqca fəal rol oynamış şəxslərə təqdim ediləcəkdir.

Artıq yubileylə bağlı tədbirlər planının hazırlanmasına start verilmışdir.

Hazırladı:
 M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında