Fikrət Əmirovun xatirəsi anılıb

Görkəmli bəstəkar, tanınmış ictimai xadim Fikrət Əmirovun xatirəsi Fəxri xiyabanda anılıb. Anım mərasimində tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək bildirib ki, Fikrət Əmirovun yaradıcılığı zəngin milli köklərə söykənir. O, Azərbaycan musiqisinin yeni mərhələdə inkişafında çox böyük rol oynayıb. F. Əmirovun simfonik muğam və muğam-poema janrlarında olan əsərləri Azərbaycanın özünəməxsus musiqi mədəniyyətinin malik olmasından xəbər verir. Sənətkarın yazdığı “Nizaminin xatirəsinə” simfoniyası, “Şur” və “Sevil” operası, “Azərbaycan kapriççiosu”, “Gülüstan-Bayatı-Şiraz”, “Nəsimi əfsanəsi” kimi simfonik əsərləri ona böyük şöhrət gətirib.

Xalq artisti vurğuladı ki, o, həmçinin bir sıra məşhur mahnıların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Həyatının son illərində F.Əmirov balet sənəti sahəsində daha məhsuldar işləyib. 1973-cü ildə o, “Nəsimi dastanı” baletini, 1979-cu ildə isə Şərq nağıllarının motivləri əsasında “Min bir gecə” baletini yazıb. Fikrət Əmirovun sonuncu irihəcmli əsəri “Nizami” baleti olub.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli bəstəkarın yaradıcılığından söz açıb. Bildirib ki, Fikrət Əmirovun yaratdığı zəngin musiqi əsərləri musiqimizin inkişafında xüsusi mərhələ təşkil edir.

Sonda Fikrət Əmirovun oğlu, , Əməkdar incəsənət xadimi Cəmil Əmirov ailəsi adından mərasim iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, Fikrət Əmirov müxtəlif janrlarda biri-birindən əsrarəngiz musiqi əsərləri yaradıb. Tədbir sənətkarın doğum gününə-- anadan olmasının 95 illiyinə həsr olunub.

 Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında