Almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən sərgi

Parisdə UNESCO-nun Baş Qərargahında almanların Qafqaza gəlişinin 200 illiyinə həsr edilən sərgi təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub. Məlumatı Mədəniyyət və Turizm Nazirliyinin saytı verib.

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov bildirib ki,  bu sərgi müxtəlif mədəniyyət və dinlər arasında sülh, dialoq və qarşılıqlı hörmətin əhəmiyyətinə dair vacib mesajdır. Səfir almanların memarlıq, sənaye, kənd təsərrüfatı və şəhərsalma sahəsinə verdikləri töhfələrə toxunub. Həmçinin almanların ölkəmizə gəlişinin tarixindən, xalqımızın tolerantlıq mədəniyyəti sayəsində onların yerli mühitə asanlıqla inteqrasiyasından bəhs edib. Dini ayinlərini azad şəkildə həyata keçirən almanlar ölkəmizdə bir neçə kilsə də tikiblər.

A.Kərimov Azərbaycanın UNESCO-ya üzvlüyünün 25-ci ildönümündən də söz açıb. Dövlət müstəqilliyini bərpa edən ölkəmiz elə ilk gündən xarici işğala məruz qalıb. Lakin Azərbaycanın bütün çətinliklərə sinə gərdiyini və humanitar yardım alan ölkədən humanitar yardım edən dövlətə çevrildiyini deyib. Ölkəmizin UNESCO-nun layihələrinə maliyyə dəstəyindən danışıb.

Natiq mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla UNESCO arasında mühüm əməkdaşlıqdan söz açaraq, ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfələri diqqətə çatdırıb. Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri bir ailə kimi mehriban yaşayır.

İki ildən bir ölkəmiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna və Bakı Beynəlxalq Humanitar Forumuna ev sahibliyi edir. Mədəniyyətlərarası dialoqu təşviq etmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb və onun 10 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalanıb.

UNESCO-nun baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə köməkçisi Erik Falt sərginin önəmindən danışaraq bildirib ki, bu, Azərbaycanı yaxından tanımağa imkan verir. O, Azərbaycanı UNESCO-ya üzv olmasının 25 illiyi münasibəti ilə təbrik edib. Ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa töhfəsindən danışıb: “Sərgi ölkənizin multikultural olduğunu bir daha təsdiqləyir. Müxtəlif xalqların harmoniyada yaşadığından xəbər verir ki, bu da UNESCO-nun bəşəriyyətə verdiyi mesajla üst-üstə düşür.”

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva almanların ölkəmizə gəlişinin tarixindən, alman mədəni irsinin qorunub saxlanmasından söz açıb. Bildirib ki, Azərbaycan Prezidenti Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında sərəncam imzalayıb. Yubiley münasibətilə Berlin Humboldt Universitetində, Bakıda və Şamaxıda sərgilər təşkil olunub.

Sonra tədbir iştirakçıları gənc pianoçu Etibar Əsədli və Vurğun Vəkilovun ifasında Azərbaycan və alman bəstəkarlarının klassik musiqi sədaları altında sərgi ilə tanış olub və fikir mübadiləsi aparıblar.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında müxtəlif ölkələrin səfirləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında