Görkəmli təşkilatçı, istedadlı mütəxəssis, sadə insan

Natiq Əliyev – 70

Yaşasaydı bu gün 70 yaşı tamam olacaqdı. Təəssüf ki, energetika naziri Natiq Əliyev respublikamızın təşəbbüsü ilə Azərbaycandan dünyaya ünvanlanan, həm regionu, həm də bütün Avropanı əhatə edən qlobal enerji layihələrinin geniş vüsət aldığı bir vaxtda dünyasını dəyişdi. Bu il iyunun 9-da vəfat etmiş Natiq Əliyev həmin layihələrin, müstəqil Azərbaycanın neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin fəal iştirakçılarından biri idi. O, ümummilli liderimiz Heydər Əliyevin böyük müdrikliklə işləyib hazırladığı və respublika Prezidenti İlham Əliyevin qətiyyətlə gerçəkləşdirdiyi neft və qaz strategiyasının təntənəsi üçün ona etibar edilmiş  sahələrdə var qüvvə ilə çalışır,  Azərbaycanın milli maraqlarının təmin olunmasını özünün başlıca vəzifəsi sayırdı. 

Natiq Əliyevi təkcə Azərbaycanda deyil, Türkiyə, Rusiya və Böyük Britaniyadan tutmuş, Amerika Birləşmiş Ştatlarına qədər – dünyanın bir çox ölkəsində də yaxşı tanıyırdılar. Onun adı Azərbaycan nefti ilə, “Əsrin müqaviləsi” Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə, məşhur “Şahdəniz” layihəsi ilə və bir sıra digər qlobal layihələr qırılmaz surətdə bağlı idi. O, bilikli neft mütəxəssisi, neft işinin bacarıqlı təşkilatçı, Azərbaycanın neft-qaz strategiyasının aparıcı simalarından biri kimi tanınmışdı.

Düzdür, respublikamızın ictimaiyyəti, dünyanın neft-qaz mərkəzləri  Natiq müəllimi bizim Dövlət Neft Şirkətinin prezidenti olandan sonra tanımışdılar. Mən isə onu Azərbaycan Neft və Kimya İnstitutunu bitirdiyi vaxtdan tanıyırdım. Natiq müəllimin həyat və fəaliyyətinin təxminən yarım əsrlik bir dövrü mənim gözlərimin qabağında keçmişdi.

Natiq Əliyev 1947-ci il noyabr ayının 23-də Bakıda anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində) dağ mühəndisi-geoloq ixtisası üzrə ali təhsil almışdı.

Onunla ilk görüşümü mən bu gün də yaxşı xatırlayıram. 1970-ci il idi. O vaxt mən  “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyi baş direktorunun müavini – baş geoloq vəzifəsində çalışırdım. Bu istehsalat birliyi elə həmin o 70-ci ildə yaradılmışdı.  SSRİ Neft Sənayesi Nazirliyi İranla sərhəddən başlayaraq, Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar işlərinin və digər işlərin görülməsini bizə – Azərbaycan neftçilərinə həvalə etmişdi. Qarşımızda  dənizin özü boyda geniş bir fəaliyyət meydanı açılmışdı. Buna görə də bizim neftçi peşəsini qəlbən sevən, bilikli və cəsarətli gənc mütəxəssislərə ehtiyacımız var idi.

Günlərin birində mənə dedilər ki, Neft və Kimya İnstitutunun istedadlı məzunlarından biri çox istəyir ki, öz əmək fəaliyyətinə bizim kollektivimizdə başlasın. İxtisasını soruşdum, cavab verdilər ki, mühəndis-geoloqdur. Dedim, çağırın gəlsin, tanış olub görək, qabında nə var. Gəldi, söhbət elədik. Gördüm ki, kifayət qədər bilikli, savadlı və diribaş oğlandır. Xeyir-dua verib, ğöndərdim onu “Azərdənizneftkəşfiyyat” Trestinin kompleks dəniz geoloji-kəşfiyyat kontoruna.  Amma o vaxt heç ağlıma da gəlməzdi ki, illər ötəcək və həmin bu gənc mühəndis- geoloq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti, daha sonra ölkənin energetika naziri olacaq, görkəmli dövlət xadimi kimi tanınacaq.

Natiq Əliyev kompleks dəniz geoloji – kəşfiyyat kontorunda çox yaxşı işlədi. Amma bir müddətdən sonra elmlə məşğul olmaq istədiyini bildirdi. Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasında təhsil almağa başladı. 1974-cü ildə dissertasiya müdafiə edib, geologiya-mineralogiya elmləri namizədi, daha sonra böyük elmi işçi oldu. 1979-cu ildə isə yenidən bizim kollektivə qayıtdı və   kompleks geoloji-kəşfiyyat kontorunun geologiya şöbəsinin rəisi təyin edildi.

O vaxt biz SSRİ Neftçıxarma Sənayesi Nazirliyinin nəzdində fəaliyyət göstərirdik və buna görə də hər il Xəzər dənizində apardığımız geoloji-kəşfiyyat işlərinin nəticələri barəsində Moskvada hesabat verir, gələcək işlərimizi razılaşdırırdıq. Moskvaya ezamiyyətə gedərkən mən rəhbərlik etdiyim mütəxəssislər qrupuna Natiq Əliyevi də daxil edirdim. Rus dilini yaxşı bildiyi üçün ittifaq nazirliyində mənə çox kömək edirdi. Lakin bizim birgə işimiz çox da uzun sürmədi. 1984-cü ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsindən mənə zəng edib dedilər ki, Mərkəzi Komitənin neft və kimya şöbəsinə təlimatçı lazımdır. Savadlı, təcrübəli, təşəbbüskar bir adam axtarırıq. Kimi məsləhət görə bilərsiniz?

Baxmayaraq ki, Natiq Əliyev özümüzə də lazım idi, mən bu yüksək hazırlıqlı gənc mütəxəssisin gələcək inkişafını nəzərə alaraq, çox fikirləşmədən elə o saat onun adını çəkdim və əlavə etdim ki, onu dəvət etsəniz, peşman olmazsınız.

O danışıqdan 10-15 gün sonra Natiq Əliyev Mərkəzi Komitənin neft və kimya şöbəsində çalışmağa başladı, daha sonra sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri oldu. Mərkəzi Komitədə işlədiyi illərdə də Natiq Əliyev neftçi həmkarları ilə yaxından əlaqə saxlayır, işlərimizlə maraqlanır, müəyyən çətinliyimiz olanda köməyini əsirgəmirdi.

Sonra Sovet İttifaqı dağıldı. Azərbaycan müstəqillik əldə etdi. Lakin respublikada  vəziyyət yaxşı deyildi.  Çox gərgin və mürəkkəb bir dövr idi.  Ölkədə qeyri-sabitlik hökm sürürdü, maliyyə və texniki təchizat məsələlərinin nə vaxt həll ediləcəyini heç kim bilmirdi. Respublika iqtisadiyyatının digər sahələri kimi,  neft və qaz sənayesi də ağır böhran içində idi. Buna görə də hələ 1979-cu ildə kəşf olunmuş “Günəşli” yatağının dərinsulu hissəsində, 1985-ci ildə kəşf edilmiş  “Çıraq” və  1987-ci ildə kəşf olunmuş “Azəri” yataqlarında işləmək mümkün deyildi. Yalnız “Günəşli” yatağının suyun dərinliyi 200 metrə  qədər olan hissəsinin işlənilməsi mümkün idi. Belə vəziyyətdə Azərbaycanda rəhbərliyə qayıdan ümummilli lider Heydər Əliyev respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmağa başladı. 1993-cü il avqustun 9-da o, Natiq Əliyevə böyük etimad göstərərək, onu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin etdi. 

O vaxt “Azəri”, “Çıraq” yataqlarının və  “Günəşli” yatağının  dərinsulu hissəsinin ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: Ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək!  Xarici neft şirkətlərinin ölkəmizə sərmayə qoymasına qarşı çıxan qüvvələr mövcud idi. Bu qüvvələr həm respublikanın özündə, həm də xaricdə fəaliyyət göstərirdilər. Buna görə də Azərbaycan Prezidenti neftçi mütəxəssisləri ətrafına toplayıb, onlarla məsləhətləşdi. Prezidentin və neftçilərin fikirləri üst-üstə düşdü və xarici neft şirkətlərini ölkəmizə dəvət etmək qərara alındı. Beləliklə də, Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasına start verildi.

Belə bir dövrdə Azərbaycan neftinin taleyi ilə bağlı işlərin ağırlığı SOCAR-ın prezidenti kimi Natiq Əliyevin üzərinə düşdü. 

Azərbaycan Prezidentinin sərəncamı ilə “Azəri-Çıraq-Günəşli (AÇG) “ yataqlarının işlənilməsi üzrə tender elan olundu. 1994-cü ilin martında Bakıda  xarici şirkətlərlə danışıqlara başlandı. Sonra  danışıqlar Türkiyənin İstanbul şəhərində davam etdirildi. Danışıqların həlledici mərhələsi isə ABŞ-ın Hyuston şəhərində oldu. Danışıqlar çox gərgin keçirdi. İş hətta o həddə gəlib çatırdı ki, bəzən tərəfdaşlarımız, bəzən də biz acıq edib, danışıqlar zalını tərk edirdik. Lakin axırda hər şey yaxşı qurtardı. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevin rəhbərlik etdiyi mütəxəssislər qrupu üzvlərinin – o vaxt SOCAR-ın xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin, şirkətimizin xarici sərmayələr idarəsinin rəisi Valeh Ələsgərovun, SOCAR-ın digər əməkdaşlarının və mənim iştirakımla ay yarım davam edən danışıqlarda Azərbaycan tərəfi öz milli maraqlarının təmin edilməsinə nail oldu. Nəhayət, 1994-cü il sentyabrın 20-də AÇG yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında sonralar dünyanın müasir neft tarixinə “Əsrin müqaviləsi” kimi düşmüş məşhur saziş imzalandı. Bu sazişlə də Azərbaycan özünün yeni inkişaf dövrünə  qədəm qoydu.

Natiq Əliyev 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi layihəsi Rəhbər Komitəsinin sədri, 2002-ci ildən Bakı-Tbilisi-Ceyhan Şirkəti Direktorlar Şurasının sədri oldu. “Əsrin müqaviləsi”ndən sonra imzalanmış 34 müqavilənin hər birində onun böyük əməyi var. Bu müqavilələrin 24-ü onun Dövlət Neft Şirkətinə rəhbərlik etdiyi dövrdə imzalanıb. Digər müqavilələrin hazırlanması prosesində də Natiq Əliyev yaxından iştirak edir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük enerji siyasətinin, o cümlədən məşhur neft və qaz layihələrinin müvəffəqiyyəti üçün əsl peşəkarlıq göstərirdi.

Natiq Əliyev həm də istedadlı tədqiqatçı-alim, elmlər doktoru idi. O, Xəzər dənizində neft-qaz yataqlarının axtarışı və kəşfiyyatına, enerji sektorunun ayrı-ayrı məsələlərinin öyrənilməsinə dair 100-dən çox elmi əsərin müəllifi kimi tanınmışdı.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Natiq müəllim nazir vəzifəsinə təyin olundu. Nazirliyə rəhbərlik etdiyi illərdə Azərbaycanın neft və qaz strategiyası çərçivəsində çox işlər gördü. “Şahdəniz” layihəsi onun bilavasitə iştirakı ilə həyata vəsiqə almış möhtəşəm layihələrdən biridir. Enerji təhlükəsizliyi üzrə qlobal layihə kimi tanınan “Cənub” qaz dəhlizi üzrə əməkdaşlığın qurulmasında və layihənin həyata keçirilməsi işində də onun xidmətləri heç vaxt unudulmayacaq.

Beynəlxalq enerji siyasəti sahəsində nüfuzlu mütəxəssislərdən olan Natiq Əliyev bu vəzifədə də Azərbaycanın sosial-iqtisadi yüksəlişi və enerji təhlükəsizliyinin təmin olunması, enerji resurslarından istifadənin  səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsi, neft sənayesinin və energetikanın inkişafı üçün bütün bilik və təcrübəsini səfərbər etmişdi.

Natiq Əliyevin ölkəmiz və xalqımız qarşısında xidmətləri yüksək qiymətləndirilmişdir. O, müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeninə, “Əməkdar mühəndis” fəxri adına, bir sıra xarici ölkələrin mötəbər mükafatlarına layiq görülmüş, doğma xalqının nəzərində bir vətənpərvər mütəxəssis və rəhbər işci kimi ucalmışdı. Bununla yanaşı, Natiq Ağaəmi  oğlu  Əliyev onunla təmasda olanların  hər birinin xatirində sadə, səmimi və mehriban bir insan olaraq qaldı. Sadəlik Natiq müəllimin həyat tərzi idi. Onu tanıyanların qəlbində də həmişə sadə bir insan kimi yaşayacaq.

Xoşbəxt YUSİFZADƏ,
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında