Bu gün təkcə paytaxtımız Bakıda deyil, bölgələrimizdə də yeni mədəniyyət müəssisələri açılır, şəhər və rayonlarımızda bu sahədə əsaslı layihələr həyata keçirilir. Cənab Prezident bu yaxınlarda Gəncədə olarkən Filarmoniyanın açılış mərasimində demişdir: “Filarmoniya ən yüksək standartlara uyğun tikilib, həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından ən yüksək standartlara cavab verir. Gəncəyə əlavə yaraşıq verəcək bu filarmoniyanın şəhərin mədəniyyət və incəsənət sahələrinə çox böyük töhfəsi olacaq”.
Eyni zamanda cənab Prezident Gəncədə Dram Teatrı üçün yeni binanın tikiləcəyi barədə də məlumat vermişdir: “ Mən bu gün sizə onu da bildirmək istəyirəm və gəncəlilər də bilsinlər ki, Gəncə Dram Teatrının tikintisi ilə bağlı göstəriş verilib. Çox güman ki, gələn ildən başlayaraq teatrın tikintisi davam etdiriləcək, lazımi vəsait ayrılacaq və artıq bu teatrın tikintisinin nə vaxt başa çatacağı gəncəlilərdən asılı olacaq. “
Ölkə başçısının təşəbbüsü ilə respublikamızın müxtəlif bölgələrində tarixi abidələr bərpa edilir, muzeylər, kitabxanalar əsaslı təmir olunur, ən müasir standartlara cavab verən mədəniyyət ocaqları inşa edilərək insanların istifadəsinə verilir. Son illər bölgələrdə 34 yeni mədəniyyət obyekti tikilmişdir. Respublikamızda həyata keçirilən dövlət mədəniyyət və turizm siyasəti regionlarda da bu mühüm sahələrin inkişafına yeni təkan vermişdir. Bu gün bölgələrdə təşkil edilən mədəni tədbirlər həm keyfiyyət və kəmiyyət göstəriciləri, həm də əhatə dairəsi ilə əvvəlki illərdən əhəmiyyətli dərəcədə fərqlənir. Regionların ümumi inkişaf mənzərəsinə nəzər salsaq görərik ki, bölgələrdə təkcə iqtisadi göstəricilərin əldə olunması ilə kifayətlənilmir, həm də mədəni həyatın zənginliyinə böyük önəm verilir. Yerlərdə mədəniyyətin inkişafına diqqətin artması yeni-yeni mədəniyyət müəssisələrinin inşa edilməsi, bir-birindən maraqlı, rəngarəng tədbirlərin həyata keçirilməsi ilə nəticələnir.
Dövlətimizin başçısı cənab İlham Əliyev regionların inkişafı ilə bağlı deyib: “2004-cü ildə mənim təşəbbüsümlə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilmişdir. Bu proqramın ölkə tarixində çox böyük rolu vardır. İndi təsəvvür edin, əgər o proqram qəbul edilməsəydi, bizim bölgələrimiz hansı problemlərlə üzləşə bilərdi. Məhz bu birinci proqramın, ondan sonra ikinci, üçüncü proqramların qəbulu nəticəsində bölgələr dirçəldi, inkişaf etdi, böyük investisiya təmin edildi. 2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdir. Bu gün Azərbaycan bölgələrində lazım olan bütün infrastruktur layihələri icra edilib və biz sürətli inkişaf dövrünü yaşayırıq”.
Doğrudan da, indi ölkəmizin bütün bölgələrində sosial- iqtisadi inkişafın təzahürləri aydın nəzərə çarpır. Xüsusilə kənd təsərrüfatının inkişafına artan diqqət bu sahə işcilərinə mədəni xidmətin daha da təkmilləşməsini zəruri etmişdir. İndi təkcə region mərkəzlərində deyil, eləcə də qəsəbə və kəndlərimizdə də yeni mədəniyyət obyektləri inşa edilir.
Regionlarda təkcə yerli və respublika səviyyəli deyil, beynəlxalq tədbirlərin təşkili də xoş ənənəyə çevrilmişdir. Şəhər və rayonlar öz mədəniyyət brendlərinin yaradılmasına səy göstərir, mədəni xüsusiyyətlərini təbliğ etməyə çalışırlar. Öz rəngarəngliyi və zəngin proqramı ilə seçilərək, bütün iştirakçılarda, xüsusilə də xarici qonaqlarda zəngin təəssürat yaradan regional tədbirlər sırasında Göyçayda ənənəvi təşkil olunan “Nar bayramı”nı, Qubada keçirilmiş “Alma bayramı”nı və Qəbələdə “Mürəbbə bayramı”nı xüsusi qeyd etmək olar.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin keçən il ərzində bölgələrə səfərləri regionların mədəni həyatında bir çox yeniliklərlə yadda qalmışdır. Ölkəmizin 20-dən çox şəhər və rayonuna səfərləri çərçivəsində dövlət başçısı yeni mədəniyyət ocaqları və turizm müəssisələrinin açılışında iştirak etmişdir. Bunlardan Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Dövlət Rəsm Qalereyasının, Culfada uşaq musiqi məktəbinin, Lənkəran, Tərtər, Beyləqan, İmişli, Zərdab, Füzuli rayonlarında Heydər Əliyev mərkəzlərinin açılışını misal göstərmək olar.
Azərbaycanın mədəni irsinin qorunması istiqamətində aparılan islahatların davamı olaraq, Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün “Xalq yaradıcılığı paytaxtları” Proqramı çərçivəsində keçirilən təntənəli mərasimlər, konfranslar, dəyirmi masalar, konsertlər, festivallar, sərgilər və digər çoxsaylı tədbirlər təşkil edilmişdir.
Regionlarda xarici ölkələrin nümayəndə heyətlərinin, kollektivlərin və ekspertlərin iştirakı ilə təşkil edilmiş tədbirlər sırasında Şəki Xan Sarayının 250 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər, Ağsuda 4-cü Beynəlxalq Avrasiya arxeologiyası konfransı, Masallıda Beynəlxalq folklor festivalı, Qəbələdə “Azərbaycanın qədim şəhər mədəniyyəti dünya urbanizasiya kontekstində” mövzusunda beynəlxalq konfrans, Gəncədə dahi şair Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri önəmli yer tutur. Ümumiyyətlə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və iştirakı ilə son iki il ərzində ölkəmizin 45 şəhər və rayonunu əhatə edən respublika səviyyəli 100-ə qədər müxtəlif tədbir təşkil edilmişdir.
Rayonlarda inşa edilmiş Heydər Əliyev mərkəzləri bu gün əsl mədəniyyət ocağına çevrilmişdir. Bu mərkəzlərdə keçirilən yüksək səviyyəli tədbirlər əhalinin asudə vaxtının səmərəli təşkilinə imkan yaradır.
Söz yox ki, regionların mədəni inkişafı sahəsində qazanılmış uğur və nailiyyətlərlə yanaşı, müxtəlif aktual problemləri də qeyd etmək lazımdır. Bu xüsusda mühüm problemlərdən biri ixtisaslı kadrların, xüsusilə də ali təhsilli mütəxəssislərin çatışmazlığıdır. Bəzi regionlarda ali təhsilli mütəxəssislərə – kitabxanaçılara, klub işçilərinə, musiqi müəllimlərinə böyük ehtiyac var. Regionlarda mədəniyyət müəssisələri binalarının texniki vəziyyəti, mədəniyyət ocaqlarının maddi-texniki bazası da həlli vacib olan problemlər sırasına aiddir.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən regionlarda yeni mədəniyyət ocaqlarının inşası, müəssisələrin əsaslı təmiri və yenidən qurulması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Nazirliyin “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” pilot layihəsi Lənkəran şəhəri və İsmayıllı rayonlarında uğurla gerçəkləşmiş, bu bölgələrin klub sisteminin fəaliyyətində əsaslı dönüş yaranmışdır. Bu islahatların mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun sayıldığından, yeni layihə hazırlanaraq Şəki şəhərində və Abşeron, Balakən, Gədəbəy, Göygöl, Xaçmaz, Qazax, Qəbələ, Masallı, Şamaxı rayonlarında fəaliyyət göstərən klub sisteminə tətbiq olunmasına başlanılmışdır.
Regionlarda fəaliyyət göstərən muzeylərin inkişafı istiqamətində işlər davam etdirilmiş, onların maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının komplektləşdirilməsi, ekspozisiyaların genişləndirilməsi və yeni muzeylərin yaradılmasına diqqət artırılmışdır. Son illər ərzində respublikanın 19 muzeyində əsaslı təmir və bədii tərtibat işləri aparılmışdır. Mədəniyyət ocaqlarının əhali üçün cəlbedici olması, xüsusilə də uşaq, yeniyetmə və gənclərin kitabxanalara, muzey və qalereyalara, musiqi və incəsənət məktəblərinə, teatrlara üz tutması yerli orqanların prioritet vəzifələrinə çevrilməlidir.
Ölkəmizin hər bir bölgəsi özünəməxsus mədəni ənənələri ilə zəngindir. Xalqımızın ümumi mədəni sərvətini təşkil edən bu dəyərləri təkcə beynəlxalq səviyyədə deyil, ölkə daxilində də təbliğ etmək və tanıtmaq baxımından regionlararası mədəniyyət mübadiləsinin genişləndirilməsinə diqqətin artırılması vacibdir. Sürətlə qloballaşan bugünkü dünyada xalqımızın qədim adət və ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi olduqca əhəmiyyətlidir. “Mədəniyyət haqqında” yeni qanunun qəbul edilməsi, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında mədəniyyət siyasətinin strategiyasına dair mühüm maddələrin əks olunması bu vəzifələrin respublikamız üçün xüsusi əhəmiyyətini bir daha nümayiş etdirir.
Ölkə başçısının bölgələrə mütəmadi səfərləri zamanı onların mədəni həyatının inkişafına göstərdiyi diqqət onu deməyə əsas verir ki, yaxın gələcəkdə respublikamızın mədəni həyatı daha da zənginləşəcək, əhalinin mədəni tələbatının tam ödənilməsində əsaslı dönüş yaranacaqdır.
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.