Noyabrın 20-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib.
Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə sahib 6-18 yaş arasında 380 uşaq iştirak edib.
Forum başlamamışdan öncə uşaqların əl işlərindən ibarət sərgi və foyedə uşaq hüquqlarına dair filmlər nümayiş olunub.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ötən üç forumda iştirak edən uşaqlar estafeti IV Forumun iştirakçılarına təhvil veriblər.
Sonra Azərbaycanda dövlət uşaq siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Baş nazirin müavini Əli Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub (Təbrik məktubu qəzetin bugünkü nömrəsində dərc edilir).
Əli Əhmədov Prezident İlham Əliyevin təbriklərini uşaqlara çatdırmaqdan məmnun olduğunu bildirib. O deyib ki, uşaqlar həm sayca artmalı, həm də onların potensialını müəyyənləşdirən digər keyfiyyət parametrlərinə malik olmalıdırlar. Bütün dövlət qurumları, o cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının qorunması, uşaqların sağlam böyüməsi üçün dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyət göstərirlər.
Forumun əhəmiyyətini qeyd edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Prezident İlham Əliyev hər zaman uşaqlara diqqət göstərir, onların hüquqlarının qorunması sahəsində bütün imkanları yaradır. Uşaqların hüquqlarının müdafiəsi valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir. Hər bir sənəddə, qanunvericilik aktlarında uşaq problemləri öz əksini tapıb. 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində uşaqların daha yaxşı təhsil almaları, sağlam böyümələri, rahat şəraitdə, təmiz mühitdə yaşamaları və digər məsələlərlə bağlı bir çox məqsəd və hədəflər göstərilib. O hədəflərə çatmaq üçün çox çalışmaq lazımdır. İnanırıq ki, estafet çox etibarlı əllərdədir.
Komitə sədri uşaqların hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi vurğulayıb. Hicran Hüseynova Forumun məhz 20 noyabrda keçirilməsinin heç də təsadüfi olmadığını və bu tarixin artıq 61 ildir Ümumdünya Uşaqlar Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, Ümumrespublika Uşaq forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından çox əhəmiyyətlidir. Forumlar uşaq hüquqlarının qorunması və təbliği, uşaqlarla bağlı siyasi və hüquqi qərarların qəbulu, qanunvericilikdə, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması və onların maraqlarının qorunması, uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanının yaradılması, dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin diqqətinin uşaqların hüquq və azadlıqlarının qorunması və təmin edilməsinin zəruriliyinə cəlb edilməsi məqsədilə keçirilir. Forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.
UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Əfşan Xan Forumun uşaqların gələcək həyatlarında danılmaz əhəmiyyəti olacağına əminliyini bildirib. Azərbaycan hökumətinin uşaqlara və onların hüquqlarının təmin olunması məsələlərinə çox həssaslıqla yanaşdığını qeyd edən Əfşan Xan bütün uşaqları öz ailələrinin və xalqlarının gələcəyinə davamlı töhfə verməyə qadir vəziyyətə gətirmək üçün onlara imkanlar yaratmağın vacibliyini vurğulayıb. UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru uşaqlara, xüsusilə ən həssas vəziyyətdə olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlara dünyanın hər yerində həssaslıqla yanaşmanın vacib amil olduğunu qeyd edib.
Türkiyə Respublikasının ailə və sosial siyasət nazirinin müavini Mehmet Karabay, Bolqarıstanın Uşaqların Müdafiəsi üzrə Dövlət Agentliyinin sədr müavini Valentin Dimitrov Forumun keçirilməsində uşaqların fikirlərinin nəzərə alınması və onların maraqlarının qorunmasını yüksək qiymətləndirdiklərini qeyd ediblər. Bildirilib ki, uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək fürsətinin verilməsi onların hüquqlarının təmin edilməsinə böyük kömək göstərməkdir.
Sonra AZƏRTAC tərəfindən hazırlanan, Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun seçim mərhələsini özündə əks etdirən videoçarx nümayiş olunub. Forumda iştirak edən uşaqların regionlarda seçimi zamanı göstərdiyi köməyə görə AZƏRTAC-a AQUPDK tərəfindən xüsusi təşəkkür elan edilib.
Budəfəki Forumda daha bir yeniliyə imza atılıb. Belə ki, uşaqlar hökumət nümayəndələri ilə dialoqa girərək onlara müxtəlif suallar ünvanlamaq imkanı qazanıblar. Uşaqların tribunasına dəvət olunan Milli Məclisin sədr müavini Bahar Muradova, AQUPDK-nın sədri Hicran Hüseynova, daxili işlər nazirinin müavini Oruc Zalov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev “Uşaq hüquqları: inkişaf üçün birləşək”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar”, “Uşaqların internet təhlükəsizliyi”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi”, “Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu”, “Vətəni sevək, ona layiq olaq. Qarabağ həqiqətlərini dünyaya çatdıraq” kimi mövzularda uşaqların suallarını cavablandırıblar.
Forum çərçivəsində Türkiyə və Bolqarıstandan uşaqlar çıxış ediblər.
Daha sonra Forum iştirakçıları adından Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya verilməsi üçün ölkəmizin bütün bölgələrindən gətirilmiş torpaqlarla hazırlanmış Azərbaycan xəritəsi təqdim olunub.
Rəsmi hissənin sonunda bölgələrdən olan uşaqların təkliflərini əks etdirən video nümayiş etdirilib. Burada ən çox maraqla qarşılanan Cocuq Mərcanlıdan olan qız uşağının uşaqların öldürülməsi faktına dünya ictimaiyyətinin diqqətini yönəltməsi olub. Cocuq Mərcanlı sakini Ermənistanın vandal siyasətinə son qoyulması üçün dünya birliyi tərəfindən təzyiq göstərilməsinin vacibliyini vurğulayıb.
Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət, beynəlxalq təşkilatlara bəyanat və Forumun bəyannaməsi qəbul edilib.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.