Üzümçü alim Famil Şərifovun anım günü qeyd olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)  üzümçü alim, professor Famil Şərifovun anım günü keçirilib. Alimin adını daşıyan auditoriyada keçirilən tədbiri ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açaraq Famil Şərifovun Azərbaycanda üzümçülüyün inkişafındakı elmi və təcrübi xidmətlərindən danışıb. Natiq bildirib ki, F. Şərifov Azərbaycan üzümçülüyündə tanınmış mütəxəssis idi. Bu iş onun canına-qanına hopmuş, həyatının mənasına çevrilmişdi. Onun üzümçülüyün inkişafı ilə bağlı elmi əsrləri bu gün də tələbələr tərəfindən əvəzsiz bir mənbə kimi öyrənilir.

Hələ yetmişinci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda üzümçülük yenicə inkişaf edəndə Famil Şərifov bu hərəkatın önündə olub. Respublika rəhbərliyinin tapşırığı ilə o, üzümçülük rayonlarına təhkim edilib, bölgələri, təsərrüfatları bir-bir gəzib, həm elmi məsləhət və tövsiyələr verib, həm də özünün təcrübəsini artırıb.

Əməkdar müəllim, dosent, ADAU-nun professoru Bəhmən Əliyev Famil müəllimlə bağlı xatirələrini danışaraq, 80 illik yubileyi qeyd edilən alimin onu tanıyanların qəlbində həmişə yaşayacağını bildirib.

Famil Şərifovun yetirməsi, təhsil müəssisəsinin müəllimi Sevil Abdullayeva alimlə birgə çalışdığı illərdən danışıb. O, üzümçülüyə aid yenicə çap edilən iki kitabını alimin şəxsi arxivinə təqdim edib.

Aqranomluq fakültəsinin tələbələri Nərmin Verdiyeva və Nurlan Qədirov isə alimin tədris prosesində istifadə olunan əsərlərinin əhəmiyyətindən danışaraq, üzümçülüyün öyrənilməsində hazırladığı dərs vəsaitlərinin mühüm önəm daşıdığını diqqətə çatdırıb.

Çıxışlarda xüsusi qeyd edilib ki,  Famil Şərifov öz təcrübəsini gənc nəslə həvəslə öyrədib. Azərbaycan Dövlət Aqrar Universitetində əsaslı bazaya malik “Üzümçülük məktəbi” yaradan alimin xidmətlərindən biri də ölkədə ilk dəfə olaraq “Azərbaycan üzümü” atlasını hazırlaması olub. Alimin ötən əsrin səksəninci illərində yetişdirdiyi bayanşirə sortundan bir hektardan
800-1000 sentner üzüm yığılması dünya üzümçülük tarixində indiyədək rekord göstəricidir.

Sonda Famil Şərifovun oğlu Mobil Şərifov məzunu olduğu təhsil müəssisənin son illərdə uğurlu inkişafından söz açıb, atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ADAU-nun rəhbərliyinə və kollektivinə ailələri adından minnətdarlığını bildirib.

Qabil YUSİFOĞLU, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında