Milli musiqi alətlərimiz yad təsirlərdən patentlə qorunacaq

“Tarixi-fəlsəfi aspektdən yanaşsaq, mədəniyyət insanın hərtərəfli fəaliyyətinin nəticəsi kimi meydana çıxıb. Mədəniyyətin maddi aspekti dünyanın obyektiv, görünən hissəsini, mənəvi aspekti isə ruhani, təsəvvür edilən tərəfini əks etdirir. Lakin real həyatda maddi və mənəvi mədəniyyət bir-birindən ayrılmazdır. Mədəniyyət geniş mənada insanlara humanist hisslər aşılamağa, dünyamızı zənginləşdirməyə yönəlib. Bu dəyərlər gənc nəslin bədii-estetik təfəkkürünün, yaradıcı qabiliyyətinin, etik-estetik zövqünün inkişafında və formalaşmasında misilsiz rol oynayır.” Bu sözlər Patent və Əmtəə Nişanları Mərkəzinin əməkdaşı, yazıçı-jurnalist Şərif Kərimlinin “Azərbaycan milli musiqi alətlərinin patentlə mühafizəsi” adlı kitabına yazdığı giriş sözündəndir.

Azərbaycan milli musiqi alətləri ilə bağlı ilk dəfədir ki nəfis şəkildə çap olunan bu toplu araşdırmaçı mütəxəssislərin, Patent və Əmtəə Nişanları Mərkəzinin gərgin əməyinin məhsuludur. Kitab ölkə musiqişünasları, alətşünaslar, mədəniyyət işçiləri, tələbələr, eləcə də beynəlxalq musiqi ictimaiyyəti üçün qiymətli elmi mənbədir. Musiqi mədəniyyətimizin inkişafında önəmli xidmətlər göstərmiş musiqi alətlərimizin tarixi baxımdan araşdırılması və öyrənilməsi, onlara yeni nəfəs verilməsi, xalqımıza məxsusluğunun təsdiq edilməsi və yad təsirlərdən patentlə qorunması milli dəyərlərimizin qorunması baxımından çox əhəmiyyətlidir. Layihə rəhbəri və tərtibçisi Şərif Kərimli olan kitabın məsləhətçiləri Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidov və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimidir. Kitabın bədii tərtibatçısı rəssam Taleh Məlikovdur.

Orta əsrlərdə Azərbaycan ərazisində geniş yayılmış və xalqımızın mədəni məişətində uzun illər istifadə olunmuş, eramızdan çox-çox əvvəllərə təsadüf edən simli, nəfəs və zərb musiqi alətləri ilə Azərbaycan musiqi mədəniyyətində hərtərəfli inkişaf mərhələsi başlanmışdır. Bu alətlər haqqında dahi şairimiz Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Şərq musiqi mədəniyyətinin yaradıcılarından sayılan Səfiəddin Urməvinin, Əbdül Qadir Marağainin, Mir Möhsün Nəvvab Qarabağinin əsərlərindən geniş məlumatlar almaq olar. XV-XVI əsrlərdə yaşamış klassik rəssamların miniatür sənət əsərlərində də orta əsrlərdə istifadə olunmuş musiqi alətlərinin geniş təsviri verilmişdir.

 Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin fikrincə, “zaman-zaman Azərbaycan tarixinə, musiqisinə, kulinariyasına, bütövlükdə mədəni dəyərlərinə vandal münasibətilə tarixin bütün dövrlərində seçilmiş bədnam qonşularımız olan ermənilər vaxtaşırı musiqi alətlərimizə də hücum etmiş, onları mənimsəməyə, erməni musiqi alətlərinə çevirməyə cəhd etmişlər. Bu proses indi də davam edir.”

 Təkcə musiqi deyil, musiqi alətləri də xalqın milli, mənəvi, tarixi dəyərləri ilə sıx bağlıdır. Bu alətlərdə ifa olunan musiqilərin təsirindən bəzən o alətə şeirlər qoşulub, bədii obraz səviyyəsinə qaldırılıb, məhəbbət izhar olunub. “Əzizim balabanı, Asta çal balabanı...” kimi. Amma erməni saxtakarları xalqımızın bir cox milli mədəniyyət nümunələri kimi balabanı da hədəfə alıb, onu bəzən “erməni düdüyü” kimi də qələmə verməyə cəhd etmişlər. Bəzən isə, hətta balabanla ifa olunan “Sarı gəlin”, “Gözəlim sənsən”, “Sən gəlməz oldun” və s. Azərbaycan mahnılarını mənimsəməyə, öz adlarına çıxmağa çalışırlar.

Milli musiqi alətlərimiz bədii sözün qüdrətini artıran ifa ustalığı ilə sanki əsrlər boyu xalqımızın qəlbində, mənəvi dünyasında yaşatdığı və nəsildən-nəsilə şifahi şəkildə ötürdüyü qüdrətli bir mədəniyyətin əvəzsiz nümunələrini əbədiyyətə qovuşdurur. İnanırıq ki, bu kitab milli musiqi alətlərimizin dünya səviyyəsində daha inamla qorunmasına xidmət edəcək, xalqımızın milli dəyərlərinin özünəməxsusluğuna hüquqi zəmin yaradacaq.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında