Akademik Həsən Əliyevin təbiətin mühafizəsi ilə bağlı gördüyü işlər bu gün də uğurla davam etdirilir

Şamaxıda Azərbaycanın görkəmli torpaqşünas alimi, ictimai-siyasi xadim, akademik Həsən Əliyevin 110 illik yubileyi münasibətilə elmi konfrans keçirilib. Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev böyük alim, akademik Həsən Əliyevin Azərbaycanın müasir tarixinin ən parlaq simalarından biri olduğunu qeyd edib, ölkəmizdə təbiət elminin inkişafındakı böyük xidmətlərindən danışıb.  Vurğulanıb ki, ömrünü Azərbaycan təbiətinin qorunmasına və zənginləşdirilməsinə həsr edən akademik Həsən Əliyevin 110 illik yubileyi Prezident İlham Əliyevin 2017-ci il 7 fevral tarixli Sərəncamı ilə ölkə səviyyəsində qeyd olunur.

Elmi konfransda AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək, görkəmli alimin keçdiyi çətin, lakin şərəfli ömür yolundan danışıb, gənc alimlər üçün örnək olan bu ömrün yarım əsrdən çoxunun ölkəmizdə coğrafiya, torpaqşünaslıq elmlərinin inkişafına, ətraf mühitin mühafizəsinə və ekologiya məsələlərinə həsr edildiyini diqqətə çatdırıb. Bildirib ki, Həsən Əliyev dünyanın bir sıra ölkələrində keçirilən müxtəlif konfranslarda, seminar və simpoziumlarda təmsil olunub, əsərləri elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Daha sonra çıxış edən Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri İsmayıl Quliyev, ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev, Şamaxı rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, rayonun Dəmirçi kəndindən ağsaqqal Osman Şükürov, akademik Həsən Əliyevin aspirantı, aqrar elmlər üzrə fəlsəfə doktoru Gülmurad Musayev təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onun mühafizəsinin təşkili sahəsində alimin fəaliyyəti barədə ətraflı məlumatlar veriblər. Həmçinin Azərbaycan təbiətinin, xüsusilə meşələrin qorunması, mühafizəsi və bərpası ilə bağlı gördüyü işlərdən danışıblar. Çıxışlarda qeyd olunub ki, akademik Həsən Əliyev təbiətşünas və coğrafiyaçı, torpaqşünas və ekoloq-alim kimi nəinki Azərbaycanda, eyni zamanda, dünyada tanınan elm xadimidir. O, Azərbaycan elminə layiqli töhfələr verib, əsasən də torpaqşünaslıq, ekologiya, botanika, biocoğrafiya, meşəşünaslıq, bitkiçilik, təbii ehtiyatların qorunması, səmərəli istifadəsi kimi fundamental problemlərlə bağlı tədqiqatlar aparıb. Onun əsərlərində qeyd olunan ekoloji problemlər və onların həlli yolları bütün dövrlər üçün öz aktuallığını saxlamaqdadır.

Bildirilib ki, Həsən Əliyevin uzun illər rəhbərlik etdiyi Təbiəti Mühafizə Komitəsi meşələrin mühafizəsi və bərpası, habelə respublikamızın ayrı-ayrı bölgələrində yaşıllaşdırma üzrə böyük layihələr reallaşdırıb. Görkəmli alim, akademik Həsən Əliyevin təbiətin mühafizəsi ilə bağlı gördüyü işlər bu gün də uğurla davam etdirilir, onun tövsiyələri əsasında torpaqlardan səmərəli istifadə olunması prosesi həyata keçirilir.

Elmi konfransın sonunda tədbir iştirakçıları akademik Həsən Əliyevin 110 illik yubileyinə həsr olunan slaydlara baxıblar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında