Azərbaycan mətbuatının böyük ustadı

Beynəlxalq Muğam Mərkəzində çağdaş Azərbaycan jurnalistikasının və ədəbiyyatının tanınmış simalarından biri, “Şöhrət” ordenli Əməkdar jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Yazıçılar Birliyinin təşkilatçılığı ilə təşkil olunan yubiley mərasimində elm, incəsənət və mədəniyyət xadimləri ilə yanaşı, Milli Məclisin deputatları və dövlət rəsmiləri də iştirak edirdilər.

Muğam Mərkəzinin foyesində yazıçı-publisistin yaradıcılığına dair bukletlər, dövri mətbuatda dərc edilmiş məqalələrinin və ədəbi yaradıcılığının toplandığı əsərlərinin yer aldığı sərgi yubiley mərasiminə toplaşan ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılandı.

Tədbiri açan Xalq artisti Nurəddin Mehdixanlı yubilyar haqqında qısaca məlumat verərək bildirdi ki, 90 yaş insan həyatının kamillik və müdriklik zirvəsidir. Əli İldırımoğlunun bu zirvəyə yolu yorulmaz yaradıcı fəaliyyətdən, Vətənə və xalqa xidmətdən keçir. Öz dəyərli əsərləri, elmi-publisistik məqalələrilə Azərbaycan jurnalistikasına və ədəbiyyatına çox dəyərli töhfələr bəxş etmiş, daim mədəni irsimizi zənginləşdirməyə, milli-mədəni dəyərlərimizi təbliğ etməklə onları yaşatmağa çalışmış bir insanın ömrü hər bir insan üçün örnəkdir. Keçdiyi həyat yolunda yuxusuz gecələr, zəhmət dolu illər Əli İldırımoğlunu kamil şəxsiyyət və əsl vətəndaş kimi formalaşdırmış, onun respublika ictimaiyyəti arasında nüfuzlu bir insan kimi tanınmağında müstəsna rol oynamışdır.

Təbrik nitqi ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubilyarı təbrik edərək qeyd etdi ki, gənc yaşlarından ölkəmizin müxtəlif bölgələrində xüsusi müxbir işləyən Əli İldırımoğlu sadə insanların həyat tərzindən, onların əmək fəaliyyətindən ölkənin ictimai çətinliklərindən yazmaqla zamanın reallıqlarını ədəbi tariximizdə yaşatmağa çalışmışdır. Bu real həyat həqiqətlərindən ən dolğunu Qarabağ mövzusudur, desək yanılmarıq. Çünki uşaqlıq illərini, gənclik çağlarını Azərbaycanın bu dilbər guşəsində keçirmiş qələm ustası Vətən sevgisi ilə yanaşı, həm də Vətən nisgili, yurd həsrəti ilə yaşayır.

Natiq çıxışına davam edərək bildirdi ki, Əli İldırımoğlu yaradıcılığında mühüm yer tutan onun jurnalist fəaliyyətidir. Ustad qələm sahibi zamanın çətinliklərini, qarşılaşdığı ədalətsizlikləri ciddi tənqid etməklə peşəsinə olan məhəbbəti nümyiş etdirir. O, sözə məsuliyyətlə, ciddi yanaşır. Onun ədəbi dilin saflığının qorunmasına verdiyi töhfələr ictimaiyyətin müzakirəsinə çıxardığı əsərlərində öz geniş əksini tapmışdır. Azərbaycan dilinin saflığını qorumaq isə milli-mənəvi dəyərləri, milli mənliyimizi və əlbəttə, irsimizi qorumaqdır.

Sonra çıxış üçün səhnəyə Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov dəvət olundu. Natiq yubilyarın doğum gününü Milli Dirçəliş Günündə qeyd etməyin böyük xoşbəxtlik olduğunu diqqətə çatdıraraq bildirdi ki, yazıçı, publisist və jurnalist Əli İldırımoğlu bütün mənalı həyatında öz qələmi ilə milli dirçəliş və şüurun oyanışına ləyaqətlə xidmət etmişdir. Onun ərsəyə gətirdiyi romanların hər biri yaxın keçmişimizi özündə əks etdirən böyük tədqiqat əsəridir.

R. Hüseynov bildirdi ki, bu əsərlərin əsası onun “Kommunist” qəzetində çalışdığı illərdə qoyulub və onların qiymətini hələ sonralar dərk edəcəyik.

Sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov yubilyara rayon ictimaiyyətinin təbriklərini çatdırdı və ona xatirə hədiyyəsi təqdim etdi.

Tədbirdə qeyd edildi ki, Əli İldırımoğlu pedaqoji əmək fəaliyyətinə 14 yaşında – Sovetlər Birliyinin çətin dövrlərində, 1941-ci ildə ibtidai sinif müəllimi kimi başlamışdır. Məktəbdə çalışarkən əvvəlcə Laçın Pedaqoji Texnikumunu, 1946-1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun tarix fakültəsini bitirmişdir. Yenidən pedaqoji fəaliyyətini davam etdirən Əli İldırımoğlu dünyaya göz açdığı doğma Qubadlı rayonunun Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 1951-ci ildən rayon maarif şöbəsinin inspektoru vəzifəsində çalışan yubilyarımız Qubadlıda nəşr edilən “Avanqard” rayon qəzetinin məsul katibi, sonra isə redaktoru vəzifələrində çalışmğa başlayandan ədəbi –publisistik yaradıcılığa geniş meydan verir.

Üç il “Avanqard” qəzetinə redaktorluq edən Əli müəllim, özünün etiraf etdiyi kimi, ilk vaxtlar jurnalistikada çətin günlər yaşasa da, bir müddət sonra onun qələminin kəsəri özünü göstərir. Çox keçmir ki, “Kommunist”, “Bakinski raboçi” və “Kənd təsərrüfatı işçisi” qəzetlərində tez-tez çıxış edən “Əli İldırımoğlu” imzası bütün respublikaya səs salır.

Bir müddət sonra tale elə gətirir ki, Əli müəllim o vaxtkı “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin Naxçıvan bölgəsi üzrə xüsusi müxbiri təyin edilir. Beləcə 10 il böyük bir bölgədə çox nüfuzlu mətbuat orqanının xüsusi müxbiri vəzifəsində çalışır və bu müddətdə çalışdığı redaksiyanı ləyaqətlə təmsil edir. Əli müəllim “Təcili yardım” adlı ilk felyetonunu da məhz Naxçıvan bölgəsidə çalışdığı illərdə yazır.

Əli İldırımoğlu (Məmişov) yüzlərlə oçerk, felyeton, hekayə və povestdən ibarət “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, ikihissəli “Zorən jurnalist”, habelə “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarını qələmə alır.

Bəli, bu gün bir əsrə yaxın yaşı olan anadilli nəşrin – “Xalq qəzeti”nin kollektivi bu qəzetin səhifələrində XX əsr Azərbaycan jurnalistikasının qızıl fonduna daxil olan nümunələr yaratmış ustad yazarın – Əli İldırımoğlunun, bir sıra dəyərli ədəbi-publisistik əsərləri ilə müstəqil Azərbaycanın söz xəzinəsini zənginləşdirən müdrik ziyalının və mətbuat xadiminin 90 illik yubileyi münasibətilə keçirilən təntənəyə böyük qədirbilənliklə, ən səmimi duyğularla qoşulur, yubilyara uzun ömür, cansağlığı arzulayır.

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında