Azərbaycanın dövlət müstəqilliyinin ərsəyə gətirdiyi demokratik dəyərlər zəminində, söz azadlığı prinsiplərinin gerçəkləşdiyi ilk dövrdə bir qrup gənc jurnalistin nəşrə başladığı “525-ci qəzet” suverenliyimizlə qoşa addımlayaraq, zamanın sınağından çıxaraq əsrin dörddə biri qədər yol keçib. Demokratik mətbuatımızın tarixi təcrübəsindən və azad sözün verdiyi yeni imkanlardan qədərincə yararlanan bu müstəqil nəşrin 25 yaşa çatmasını demokratik medianın qədir-qiymətini bilən geniş ictimaiyyət əlamətdar hadisə kimi qeyd edir.
Bakı Dövlət Universitetində keçirilən təntənəli yubiley mərasimini giriş sözü ilə açan təhsil ocağının rektoru, akademik Abel Məhərrəmov ali məktəbin dəyirmi salonuna toplaşan elmi-mədəni və media ictimaiyyətinin nüfuzlu nümayəndələrini salamlayaraq, “525-ci qəzet”in kollektivini ürəkdən təbrik etdi, redaksiyaya yeni uğurlar arzuladı. O, ölkənin müstəqil qəzetləri arasında mötəbər yer tutan qəzetin yekun yubiley məclisinin burada keçirilməsinin təsadüfi olmadığını qeyd etdi.
Alim bildirdi ki, ölkənin oxunaqlı, sevilən qəzetini BDU-nun yetirmələri yaratmış və yaşatmışlar. Ali məktəblə bu redaksiyanı o qədər sıx tellər birləşdirir ki, biz özümüzü bir kollektiv sayırıq. Bu yubileyə də əlamətdar hadisə kimi yanaşdıq. Qəzet redaksiyasının ilk ciddi yubileyini doğma universitetdə qeyd etmək istəyini də məmnunluqla qəbul etdik. Jurnalistika fakültəsinin kafedra müdiri, professor
Cahangir Məmmədlinin rəhbərliyi, fəal müəllifliyi ilə hazırlanan və bu gün məclis iştirakçılarına təqdim etdiyimiz “525” – zamanın sınağında” adlı topluda qəzetin uca məramı, keçdiyi sınaq yolu, cəmiyyətin bu nəşrin fəaliyyətinə verdiyi yüksək qiymət geniş əksini tapıb.
Çıxışını “525-ci qəzet”, həqiqətən, bügünün və gələcəyin qəzetidir, əsl ümumxalq tribunasıdır” – sözləri ilə tamamlayan rektor Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin xüsusi plaketini redaksiyaya hədiyyə etdi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Vüqar Səlimov “525-ci qəzet”in ötən 25 ildə dövlətçilik prinsiplərinə, ümummilli dəyərlərə sadiqliyini, demokratik mediamızın inkişafına layiqli xidmətini vurğulayaraq, peşəkar kollektivi səmimi təbrik etdi, onun yazarlarına ölkəmizin tərəqqisinə, demokratiyanın təntənəsinə qələmləri ilə bundan sonra da yaxından kömək göstərməyi arzuladı.
Sonra professor Cahangir Məmmədli “525-ci qəzet”in 25 illik səmərəli fəaliyyəti, onun çağdaş jurnalistikamızın inkişafına göstərdiyi xidmət barədə məruzə etdi. Media nəzəriyyəçisi bildirdi ki, milli jurnalistikamız sovet ideoloji çərçivələrindən xilas olduqdan sonra ondan əvvəlki demokratik mətbuatmızın ənənələrindən, söz azadlığının mahiyyətindən xəbəri olmayanlar “açıq qapı” axını yaradanda, mövcud qəzetçilik təcrübəsi ayaqlar altında qalanda “525-ci qəzet” azad mətbuat prinsiplərinə əsaslanaraq, əsl müstəqil qəzet buraxmaq yolu tutdu. “525-ci qəzet”in redaksiyası Xalq yazıçısı Elçinin dediyi kimi, “Azərbaycan quruculuğunun ciddi və aktual problemlərini işıqlandırmaqla, 70 illik fasilədən sonra, milli mətbuat ənənələrinin unudulmadığını göstərdi, bu yolu davam etdirdi.” 25 illik uğurlu marafon isə bu yolun doğru-düzgünlüyünü sübut edərək, xalqımıza layiqli bir söz tribunası bəxş edib.
Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin professoru, ölkə jurnalistlərinin qocaman müəllimi Şirməmməd Hüseynov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrininin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Türkiyə səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “525-ci qəzet”i fərqləndirən özəlliklərdən danışdılar, redaksiya kollektivinə təbriklərini və xoş arzularını çatdırdılar.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, təhsil naziri Mikayıl Cabbarovun təbrikləri qəzetin baş redaktoru Rəşad Məcidə təqdim edildi.
Çıxış və təbriklərdə bildirildi ki, “525-ci qəzet” nəşrə başladığı ilk gündən Azərbaycan həqiqətlərini obyektiv və peşəkarlıqla təqdim etmiş, ictimai-siyasi və mədəni proseslərdə fəal mövqe qazanmışdır. Qəzetdə dərc olunan yazılar mövzu rəngarəngliyi, obyektivliyi və elmi-mədəni irsimizin təbliği ilə həmişə diqqəti çəkir. “525-ci qəzet” 25 ildir ki, təzə informasiyalardan tutmuş aktual ictimai-siyasi məsələlərə, ədəbi-mədəni yeniliklərədək geniş spektrdə gerçəkliyi öz səhifələrinə gətirir. Qəzetdə xalqımızın tarixi, milli-mənəvi dəyərlər, elm, təhsil, ədəbiyyat, sənət məsələləri önəmli yer tutur.
25 illik fəaliyyəti dövründə “525-ci qəzet” milli mətbuat tariximizdə xüsusi rol oynamış “Əkinçi”, “Molla Nəsrəddin”, “Azərbaycan” və s. nəşrlərimizin ənənələrinə sadiqlik göstərib. Baş redaktor Rəşad Məcid modern media rəhbəri, çevik jurnalist kimi obyektivliyi və tərəfsizliyi, peşəkarlığı və operativliyi ilə seçilən “525-ci qəzet”i ölkənin oxunaqlı və nüfuzlu gündəlik nəşri səviyyəsinə yüksəldə bilib.
Yubilyar nəşrin baş redaktoru Rəşad Məcid fəaliyyətlərinə verilən yüksək qiymətin tutduqları yolun düzgünlüyünə bir daha inam yaratdığını, kollektivə yaradıcı enerji bəxş etdiyini söyləyərək dedi: “Haqqımızda kifayət qədər xoş söz eşitdik. Bütün bunlara görə minnətdarlığımızı bildiririk. Bu münasibəti qazanmışıqsa, özümüzü xoşbəxt sayırıq. Bakı Dövlət Universitetinin qəzet haqqında kitab çap etməsi isə bizi çox sevindirdi. Redaksiya müstəqilliyimizin tarixi bəxşişi olan söz azadlığının keşiyində möhkəm dayanacaq, milli varlığımızı hər şeydən uca tutacaq”.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.