Əli İldırımoğlu: mənalı ömrün akkordları

Yazıçı-publisist, Əməkdar jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə noyabrın 17-də Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, “Şöhrət” ordenli Əməkdar jurnalist Əli İldırımoğlunun 90 illik yubileyi qeyd olunub. Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

iştirakçılar əvvəlcə foyedə Əli İldırımoğlunun bədii-publisistik fəaliyyətinə dair dövri mətbuat materialları və kitabları əsasında hazırlanmış sərgi ilə tanış olublar.

Xalq artisti Nurəddin Mehdixanlının aparıcısı olduğu tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubilyarı təbrik edib, onun keçdiyi həyat yolunun gənc nəslə örnək olduğunu vurğulayıb. Nazir qeyd edib ki, gənc yaşlarından ölkəmizin müxtəlif bölgələrində müxbir işləyən Əli İldırımoğlu sadə insanların həyat yolundan, problemlərindən yazmaqla onların böyük rəğbətini qazanıb. Onun bədii əsərlərində Qarabağ mövzusu mühüm yer tutur, yaradıcılığının leytmotivində Vətənə sonsuz sevgi dayanır. Bütün bunlarla yanaşı, onun mühüm fəaliyyətlərindən biri də Azərbaycan dili ilə bağlıdır. O, daim dilimizin saflığının qorunmasına çalışıb.

Qeyd olunub ki, Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində dünyaya göz açan Əli İldırımoğlu (Məmişov) yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət “Yazım-yazmayım”, “Mayaklar”, “Telepat”, “Çinarlı”, “Dərd”, “Silinməz izlər” kitablarının, “Həmin adam”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, ikihissəli “Zorən jurnalist”, habelə “Aqibət”, “Qarlı gecələr”, “Daş yağan gün” romanlarının müəllifidir.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov doğum gününü Milli Dirçəliş Günündə qeyd etməyin böyük xoşbəxtlik olduğunu deyib. Alim vurğulayıb ki, jurnalist, publisist və yazıçı Əli İldırımoğlu bütün mənalı həyatında öz qələmi ilə milli dirçəlişə, milli şüurun oyanışına ləyaqətlə xidmət edib. Onun romanlarının hər biri böyük təcrübənin bəhrəsidir. Bu əsərlərin əsası onun “Kommunist” (indiki “Xalq qəzeti” – red.) qəzetində çalışdığı illərdə qoyulub və onların qiymətini hələ sonralar dərk edəcəyik.

Qırx il mətbuatda jurnalist kimi çalışdıqdan sonra 80-ci illərdən etibarən mütəmadi olaraq bədii əsərlər yazmağa başlayan Əli İldırımoğlu Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan yazıçıdır. Əksəriyyəti bioqrafik xarakter daşıyan romanlarında Azərbaycan həyatının elə detalları, mənəviyyatın elə məqamları əksini tapır ki, onu hər kəs müşahidə edə bilməz. “Həmin adam”, “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Daş yağan gün” və digər dəyərli əsərlərin müəllifi olan Əli İldırımoğlunun yaradıcılığı oxucular, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanır.

Akademik daha sonra deyib: “Əli İldırımoğlu qələm adamıdır. Ürəyini kağıza boşaldan söz sahibidir. O, dünyaya göz açandan dilini öyrəndiyi yerin-yurdun, dünyadan köçərək həmin yer-yurda qovuşmuş əziz, munis insanların taleyindən yazır. Əli İldırımoğlu ona görə yazır ki, o dili gələn nəsillər unutmasın, yazdıqları keçmişlə gələcək arasında körpü olsun. Ədib haqqında yazdığı o yerlər, o ata yurdu çoxdandır ki, düşmən tapdağı altındadır. Əli İldırımoğlu həmin qəlbisınıq yerlərin, o yerlərdəki gülün, bulağın, qayanın, mamırın dilindən yazır, o ruh unudulmasın deyə yazır”.

 Sonra Qubadlı Rayon İcra Hakimiy-yətinin başçısı Malik İsaqov yubilyara rayon ictimaiyyətinin təbriklərini çatdırıb, ona xatirə hədiyyəsi təqdim edib.

Çıxışlarda Əli İldırımoğlunun jurnalistlik fəaliyyəti, ölkəni qarış-qarış gəzməsi, Azərbaycanın mürəkkəb bir dövrünü ədəbiyyata gətirməsi, bütün yaradıcılığının doğulduğu yurda sonsuz sevgi ilə yoğurulması xüsusi vurğulanıb. Yubilyar xalqının bütün ali keyfiyyətlərini özündə cəmləşdirən nadir qələm adamlarından biri kimi səciyyələndirilib.

Sonra tədbir iştirakçıları Əli İldırımoğlunun həyat və yaradıcılığından bəhs edən filmə baxıblar. Filmdə yazıçının  fikirlərinə və xatirələrinə geniş yer verilib.

Yubiley gecəsi Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında musiqilərlə müşayiət olunub.

Sonda çıxış edən Əli İldırımoğlu tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında