Tbilisi Açıq Universitetində azərbaycanlı alimin kitabının təqdimatı olub

Noyabrın 17-də Tbilisi Açıq Universitetində azərbaycanlı alim, Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Rza Talıbovun gürcü dilində çapdan çıxmış “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitabının təqdimatı keçirilib.

Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan tədbirlər çərçivəsində keçirilən təqdimat mərasimində Gürcüstanın nüfuzlu universitetlərinin alimləri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Universitetin prorektoru Zaur Amilaxvari çıxışında Azərbaycan və Gürcüstan arasındakı qədim dostluq əlaqələrindən danışıb. Ötən əsrin 60-cı illərində Bakıda təhsil aldığını bildirən prorektor deyib ki, Azərbaycan ən ağır günlərində gürcü xalqının yanında olub. Bu gün də elektrik enerjisini, təbii qazı və digər resursları Azərbaycandan alırıq. Gürcüstanın inkişafında Azərbaycanın özünəməxsus rolu var. Bu gün ölkələrimiz arasında elm sahəsində də əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan Zaur Amilaxvari tələbələrə təqdim olunan kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, belə kitabların yazılması elm və təhsil sahəsində münasibətlərimizin inkişafında mühüm rol oynayır. O, Rza Talıbovun kitabını olduqca sanballı təhqiqat əsəri adlandırıb. Prorektor kitabın gürcü dilində nəşr olunmasında göstərdiyi dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkür edib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında ölkələrimiz arasındakı qədim dostluq əlaqələrindən danışıb, xalqımızın ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində münasibətlərimizin yeni müstəvidə daha da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Səfir diplomatik münasibətlərimizin 25-ci ildönümü ərəfəsində bu cür tədbirlərin keçirilməsinin, alimlərimizin əsərlərinin hər iki dilə tərcümə olunmasının vacibliyini qeyd edib. Bildirib ki, bu gün oxuculara təqdim olunan kitabda Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələri, Azərbaycan–Çin əməkdaşlığı geniş tədqiq olunub. Bu da tələbələr və bu sahədə araşdırma aparmaq niyyətində olan tədqiqatçılar üçün fundamental mənbə rolunu oynaya bilər.

Tədbirdə digər çıxış edənlər elmi əsərin mahiyyətindən danışıblar. Bildirilib ki, Rza Talıbovun “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” kitabı qitə ölkələrinin dünya siyasətində və beynəlxalq xarici əlaqələrdəki yerinin və əhəmiyyətinin, həm də Azərbaycan ilə əlaqələrinin dərindən tədqiq və təhlil edildiyi yüksək elmi-təcrübi əhəmiyyətə malik olan əsər kimi müasir siyasi elmimizin uğurlarından biri olmaqla yanaşı, beynəlxalq münasibətlər ixtisasında təhsil alan tələbələr, tədqiqatçılar, siyasətçilər, gənc müəllimlər üçün faydalı mənbədir.

Qeyd edək ki, kitab Çin, Yaponiya, Koreya Respublikası, Malayziya, Vyetnam kimi Asiya ölkələrinin dünya siyasətindəki yeri, rolu və mövqeyinə həsr olunub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin dərslik kimi təsdiq etdiyi “Asiya ölkələri beynəlxalq münasibətlər sistemində” adlı kitab ali məktəblərdə dərslik kimi istifadə edilir.

Kitab MDB ölkələrinin bir çoxunun ali məktəblərində də tədris olunur.

Xətayi ƏZİZOV,
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında