Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) yarandığı vaxtdan xalqımızın qədim mədəni irsinin və zəngin tolerantlıq ənənələrinin təbliğinə qiymətli töhfələr verir. Son illər bu mərkəz dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı elmi-mədəni mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətləri yaratmışdır.
Prezident İlham Əliyev bu qurumun fəaliyyətini həmişə yüksək qiymətləndirmiş, Azərbaycanın siyasi, mədəni həyatında onun əhəmiyyətli rol oynadığını bildirmişdir. Cənab Prezident Gəncədə Filarmoniyanın yeni binasının açılışı mərasimində bir daha mərkəzin fəaliyyətinin müasir dövrdə böyük əhəmiyyət daşıdığını diqqətə çatdıraraq demişdir: “Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xətti ilə keçirilən qlobal forumlar dünya miqyasında nadir beynəlxalq tədbirlərdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən artıq beş dəfə Bakı Qlobal Forumu keçirilib. Bu forumlarda onlarla həm fəaliyyətdə olan, həm də keçmiş dövlət və hökumət başçıları iştirak edirlər. Hər il bu forum keçirilir və forumun işində mən də iştirak edirəm. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətini ən azı ildə bir dəfə qəbul edirəm. Həmişə onlara tövsiyə edirəm ki, mütləq Gəncəyə də gedin. Onlar dəfələrlə burada olublar və Gəncə haqqında onların təəssüratları çox müsbətdir.”
Məlumat üçün bildirək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi tədbirlərinin keçirilməsi çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin Vətəni Gəncə şəhərində xüsusi toplantıda təsis edilmişdir. Mərkəz Azərbaycan Respublikasında təsis olunmasına baxmayaraq, qərarverici qurumu dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən təşkil olunmuş beynəlxalq idarə heyətidir.
Nizami Gəncəvi Beynəlxalq mərkəzinin fəal iştirakı və təşkilatçılığı ilə ümumbəşəri məsələlərin ətraflı müzakirəsinin aparıldığı və sivilizasiyalararası dialoqun qurulması, eləcə də qlobal əhəmiyyətli layihələrin dəstəklənməsi baxımından mühüm əhəmiyyətə malik bir sıra mötəbər forumlar keçirilmişdir.
Ölkə Prezidenti mərkəzin ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması, həmçinin Azərbaycanın dostlarının əhatə dairəsi və coğrafiyasının genişləndirilməsi istiqamətində işlərin davamlılığını təmin etmək məqsədi ilə bu təşkilata səkkiz yüz min manat vəsait ayrılması barədə 23 avqust 2017-ci il tarixdə xüsusi sərəncam imzalamışdır.
Mərkəzin həmsədrləri Latviya Respublikasının sabiq Prezidenti Vaira Vike-Freiberqa və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldindir. İdarə heyətinin üzvləri isə müxtəlif ölkələrin sabiq prezidentləri, beynəlxalq təşkilatların nümayəndələri, məşhur alimlərdir. Azərbaycan tərəfindən isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ( o, həm də İcra Şurasının sədridir) və Gəncə Şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyevdir.
Mərkəzin baş ofisi Bakıda yerləşməsinə baxmayaraq, fəaliyyəti müxtəlif ölkələri əhatə etməkdədir. Mərkəzin həmsədri xanım Vaira Vike-Freiberga qarşıya qoyulan məqsədi daha aydın ifadə edərək demişdir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, XII əsr dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin qorunmasında və təbliğində mühüm rol oynamışdır. Biz qarşımıza böyük şairin əsərlərini bütün dünyada təbliğ etmək, tolerantlıq və qarşılıqlı anlaşma ideyalarını önə çəkmək məqsədini qoymuşuq. Beynəlxalq mərkəzin fəaliyyətini təkcə regionda deyil, həm də bütün dünyada təbliğ etmək lazımdır. Mərkəzin tanınmış alimlər və görkəmli siyasi xadimlərdən ibarət idarə heyətinin üzvləri qarşılarına başqa nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq yaratmaq məqsədi qoymuşlar.”
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin Bakıda keçirilmiş VI Beynəlxalq toplantısı xüsusilə əlamətdar olmuşdur.Toplantıda mərkəzin gördüyü işlər haqqında hesabat dinlənilmiş, təşkilatın qeydiyyatı, büdcəsi, nizamnaməsi, strukturu, eləcə də Nizami Gəncəvi irsinin təbliği, həyata keçiriləcək layihələr, qarşıda duran vəzifələr, qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı İsmayıl Seragəldinin hazırladığı Akademik proqram layihəsi müzakirə edilib.
Bu ilin sentyabr ayında NGBM İdarə Heyətinin üzvləri Amerika Birləşmiş Ştatlarının Nyu-Yorkda keçirilmiş “Concordia” sammitində iştirak ediblər. NGBM-nin dəstəyi ilə baş tutan sammitdə idarə heyətinin üzvləri -- Bolqarıstanın sabiq prezidentləri Rosen Plevneliyev, Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Laqumciya, Rumıniyanın keçmiş dövlət başçısı Emil Konstantinesku, Finlandiyanın eks-prezidenti Tarya Halonen, Nigeriyanın sabiq prezidenti Olusegun Obasanjo, Ərəb Liqasının keçmiş baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa, həmçinin, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko və xanımı iştirak ediblər.
Sammit çərçivəsində mərkəzin üzvləri qitələrarası əməkdaşlıq, miqrant və qaçqınların dəstəklənməsində özəl sektorun mobilləşdirilməsi, maliyyə, enerji, ticarət, investisiya və digər məsələlərə həsr olunmuş müzakirələrə qatılıb, bir sıra görüşlər keçirmiş və “Apeal of Conscience” Fondunun təsis etdiyi mükafatın növbəti təntənəli təqdimatında iştirak etmişlər.
Bu ilin oktyabr ayında Almaniyanın Franktfurt şəhərində keçirilən Beynəlxalq Kitab-Sərgi Yarmarkasının təşkilatçılarından biri də Nizami Gəncəvi BM idi. Milli pavilyonda “XVIII-XXI əsrlərdə alman dilli nizamişünasların elmi tədqiqatlarının nəticələri” və “Berlin Dövlət Kitabxanasında qorunan 21 ədəd “Xəmsə” poemalar toplusunun qədim əlyazmalarına çəkilmiş miniatür nümunələrinin tədqiqi” mövzularında məruzələr səsləndirilmişdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi noyabrın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində “Balkanların Avropa gələcəyi” mövzusunda konfrans keçirəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, konfransda Avropaya inteqrasiya ilə bağlı mövcud problemlər və onların həll yolları, Avropa İttifaqının gələcəyi, üzv ölkələr, o cümlədən Balkanlar üçün təhlükəsizliyin təminatı, sosial-iqtisadi inkişaf perspektivləri, əməkdaşlığın gücləndirilməsi və s. mövzularda müzakirələr aparılacaq.
Qeyd edək ki, Bosniya və Herseqovina ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq əlaqələri mövcuddur. 2016-cı il noyabrında Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX toplantısı, fevral ayında isə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Mladen İvaniçin dəstəyi ilə “Dinlərarası dialoq və ekstremizmə cavab” mövzusunda xüsusi toplantı keçirilmişdir.
Əlbəttə, mərkəzin fəaliyyətinin ildən-ilə genişlənməsi, ilk növbədə, Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin təşkilatın fəaliyyətinə verdiyi dəstəyin nəticəsidir.
Hazırladı:
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.