Görkəmli tarzənin yaradıcılıq gecəsi keçirildi

Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, Əməkdar artist Milli Konservatoriyanın müəllimi, professor Həmid Vəkilovun həyat və yaradıcılığına həsr olunmuş gecə keçirildi. Mədəniyyət və Turizm Nazirliyi, Az.TV-nin Mədəniyyət kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın tanınmış elm, sənət adamları, ustad tarzənin yaxın dostları və ailə üzvləri iştirak etdilər.

Gecəni giriş sözüylə açan sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı Həmid Vəkilovun çoxşaxəli, zəngin yaradıcılıq yolundan söz açdı. O, ifaçılıqda öz dəst-xətti olan sənətkarın tara gətirdiyi bir sıra yeniliklərin onu respublikada novator tarzən kimi də tanıtdığını qeyd etdi. Milli Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Həmid Vəkilovun təkcə ifaçılıq məziyyətlərindən deyil, eyni zamanda, bəstəkarlıq və pedaqoji fəaliyyətindən, bu günədək ərsəyə gətirdiyi çoxsaylı tələbələrinin qazandığı nailiyyətlərdən də söz açdı.

Professor Vidadi Xəlilov isə Həmid Vəkilovun ifaçılığına yüksək qiymət verərək bir bəstəkar kimi də onun yaradıcılığının çox dərin fəlsəfi mahiyyəti olduğunu dedi. Qeyd etdi ki, bütün bunlar Azərbaycan mədəniyyətinin uğurlu inkişafına verilən töhfədir.

Gecədə ifaçının Azərbaycan Televiziyasının videoarxivində saxlanan lent yazılarından T. Quliyevin “Qızıl üzük”, N. Əliverdibəyovun “Vals Skertso”, H. Xanməmmədovun tar ilə simfonik orkestr üçün konsertin II hissəsi, “Bayatı Şiraz” muğamı və bir çox digər musiqi nümunələri nümayiş olundu. Mərasimin yaddaqalan musiqi nümunələri sırasında  Həmid Vəkilovun bəstələrini ifa edən Milli Konservatoriya müəllimlərinin çıxışları da var idi.

Əməkdar artist, muğam-televiziya müsabiqələrindən tamaşaçılara yaxşı tanış olan tarzən
Sahib Paşazadənin ifasında ilk dəfə səslənən Həmid Vəkilovun  tar ilə simfonik orkestr üçün 2 nömrəli konserti də maraqla qarşılandı.

Gecə Həmid Vəkilovun Türkiyə Cümhuriyyəti Başqanlığı simfonik orkestrinin müşayiəti ilə ifa etdiyi konsertin görüntüsü, ifaçının tədbir təşkilatçılarına və iştirakçılarına  təşəkkürü ilə sona yetdi.

Rafiq SALMANOV,
“Xalq qəzeti”
Foto müəllifindir


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında