Lətif Kərimov fenomeni

17 noyabr Azərbaycan xalçaçılıq sənətində müstəsna xidməti olan Xalq rəssamı Lətif Kərimovun doğum günüdür. Bu münasibətlə Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva ilə söhbəti təqdim edirik.

– Röya xanım, istərdik ki, söhbətimizə Lətif Kərimovun həyat yolu, onun bir şəxsiyyət kimi insani keyfiyyətlərindən başlayaq.

– Bu böyük sənət xadiminin əvəzsiz xidmətləri haqqında dəfələrlə danışılıb, yazılıb və yazılacaq da. Demək istəyirəm ki, xalça sənəti onun üçün peşə yox, həyatının mənası, tale yazısı idi.

Lətif Kərimov 1906-cı il noyabrın 17-də Şuşada anadan olub. Burada anasının toxuduğu xalçalar onun qəlbində bu sənətə həvəs yaradıb. Elə bu sənətdə ilk müəllimi də anası olub. Zaman keçmiş, o, xalçaçılığın sirlərini öyrənmiş, sənətkar və alim kimi yetişmişdir.

1912-ci ildə Lətif Kərimovun ailəsi İranın Məşhəd şəhərinə köçüb və burada Mirzə Ələkbər Hüseynzadənin xalçaçılıq emalatxanasında çalışıb. Təbriz və Ərdəbil şəhərlərində məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənib.

1928-ci ildə Vətənə dönüb və bir il sonra “Azərxalça” Birliyində rəssam-təlimatçı, sonralar oranın bədii-texniki rəhbəri vəzifələrində çalışıb.

Lətif Kərimov Azərbaycanda xalçaçılıq elminin banisidir. O, Azərbaycan Respublikası Elmlər Akademiyasında ayrıca xalça sənəti şöbəsini açmağa nail olub, ömrünün sonunadək həmin şöbənin rəhbəri kimi çalışıb və eyni zamanda, pedaqoji fəaliyyət göstərib. Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və peşəkar xalçaçı rəssamların yetişdirilməsi məhz onun adı ilə bağlıdır.

Lətif Kərimovun ən əhəmiyyətli xidmətlərindən biri də  bu günlər 50 illik yubileyini  qeyd etdiyimiz Azərbaycan Xalça Muzeyinin yaradılması idi.

– Lətif müəllimin fenomen şəxsiyyət olduğunu dəfələrlə öz çıxış və müsahibələrinizdə bildirmisinz. Onun bu keyfiyyəti nədən qaynaqlanırdı?

– Sözsüz ki, onun feno-meninin açarı şəxsiyyətindədir. Lətif müəllim, hər şeydən əvvəl, gördüklərinə və duyduqlarına yaradıcı münasibət bəsləyən sənətkar idi. O, nadir ornamental, süjetli-tematik xalçaların, metal, mərmər, çini məmulatının müəllifi, görkəmli qrafik-rəssam idi.

Lətif Kərimovun sehrli, ilməli dünyası məhz xalçadan başlayır, lakin, o təkcə хalçaçılıq sahəsində dеyil, dеkorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir.

Onun fəaliyyəti, sənətşünas kimi tədqiqatları daim yüksək qiymətləndirilmişdir. Böyük elmi əhəmiyyəti olan əsərlərinə, ələlxüsus “Azərbaycan хalçalarının ornamentlərinin mənşəyi” kitabına görə 1950-ci ildə Lətif Kərimova Leninqrad (indiki Sankt-Peterburq) şəhərində sənətşünaslıq namizədi alimlik dərəcəsi vеrilmişdir. Onun monumental tədqiqat işlərindən biri də 3 cildlik “Azərbaycan xalçası” kitabı bu sənətlə bağlı müasir dövrümüzdə də dəyərli nəşr hesab edilir.

Onun yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Azərbaycan Rəssamlar İttifaqının üzvü L.Kərimov I dərəcəli Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq rəssamı kimi fəxri adlara, orden və medallara layiq görülmüşdür. O, Azərbaycan mədəniyyətini dünyanın bir çox ölkəsində məharətlə təmsil edib.

Bəs onun fədakarlığından, bu şəxsiyyətin tam şüurlu şəkildə özünü fəda etmək kimi qeyri-adi keyfiyyətindən necə söz açmayaq? Azərbaycan хalçaçılığının müхtəlif növlərinə aid kompozisiya və naхışları toplamış və bеləliklə Quba, Şirvan, Bakı, Qazaх, Gəncə, Qarabağ, Təbriz хalça qruplarına daхil olan 150-dən artıq хovlu və хovsuz хalça məmulatı çеşidlərini yığıb, onların rəngli rеproduksiyasını hazırlamışdır. Nədənsə, mən onun bir fikrini də yadıma saldım: “Çox çətindir. Rəqabətsizlik hiss etmək.” Bu sənətdə onun rəqibi yox idi. Bunu özü də anlayırdı. Lətif müəllim həm Azərbaycan xalçalarını, həm də öz adını dünyada əbədiləşdirib.

– Deyirsiniz L.Kərimov müəlliminiz olub. Onu necə xatırlayırsınız?

– Əslində, Lətif müəllim mənim ustadım olub. Buna görə özümü xoşbəxt hesab edirəm. Həm tələbkar, həm də mərhəmətli müəllim olub. Onun verdiyi məsləhətlər, nəsihətlər həyatım boyu mənim yol göstərənim olub. O, həmişə deyirdi: “Bu sənətə xidmət edirəm. Anamın xanada atılan surətli əlləri və mənim ilk vurduğum ilməm gözümün qabağındadır”. Bir də deyirdi: “Sənin nənən xalça toxuyurdu, sənin bu sənətə gəlməyin təsadüfi deyil. Bunu həmişə yadda saxla. Sənin qanında Şuşamın ruhu var. Sən məni yaxşı anlayarsan”.  Qarabağ torpağına çox bağlı idi Lətif müəllim!

Mən onun şagirdi və davamçısı olduğumdan şərəf duyuram. Heç zaman Azərbaycan milli xalçaçılıq sənətinin qaynaqlarında duran, xalqına ona xas olan unikal sənəti aşılayan ustadı unutmuram. Bir gün Lətif müəllim V.Q.Moşkovanın “XIX əsrin axırı – XX əsrin əvvəllərində Orta Asiya xalqlarının xalçaları” adlı kitabını mənə bağışladı və kitabın üzərinə aftoqraf yazdı.

 O, məni “gənc sənətşünas” və “xalçaşünas” adlandırdı. Bu yazı artıq mənim üçün yol göstəricisi olmuşdur. Mənim xalça sənəti elmində ilk böyük addımım 1983-cü ildə L.Kərimovla birlikdə Londonda tanınmış “Halı” jurnalında nəşr olunan “Vaq – Vaq” məqaləm oldu. “Lətif Kərimov fenomeni” kitabımda, həmçinin müəllifi olduğum “Həyatımın naxışları” sənədli filmində də ona hörmətim, minnətdarlığım öz əksini tapıb. Bu yaxınlarda ingilis dilində çapdan çıxan “Azərbaycan xalçaları ensiklopediyası”nı ustadım Lətif Kərimovun xatirəsinə həsr etmişəm.

Lətif Kərimovun necə insan olduğunu, həyat yolunu bilmək istəyənlər “Həyatımın naxışları” xalçasına baxıb çox şeylər öyrənə bilərlər. Mənim üçün Lətif Kərimov adının arxasında incə hissiyyatlı, öz əqidəsində qətiyyətli insan, sənətkar, alim bir şəxsin taleyi canlanır.

Lətif Kərimov 1991-ci ildə dünyasını dəyişib. Onun yoxluğu Azərbaycan mədəniyyəti üçün çox böyük itki idi.

Lətif müəllimə söz vermişdim ki, həyatım boyu bu sənətə bağlı olacağam. Onun yaratdığı muzeydə əməkdaşlarla birlikdə 49 il xidmət etmişəm. Bu mənada muzeydə indi də Lətif müəllimin ruhu, nəfəsi duyulur. O, hər ilmədə, hər ornamentdə bizimlə birgədir…

Onun doğma yurdu olan Şuşanın işğal olunmasından qabaq, muzey əməkdaşdalarımızla birlikdə orada yerləşən filialın eksponatlarının Bakıya köçürülməsinə, düşmən əlinə düşməməsinə nail olduq.

İndi tez-tez Lətif müəllimin bu sözlərini xatırlayıram: “Röya, xalçadan tut! Bu sənət heç vaxt səni tənha qoymaz, xəyanət etməz. Ancaq bu sənət səninlə qalacaq. Xalça həmişə səni saxlayar, kömək edər və sevindirər.”

Şübhəsiz, böyük şəxsiyyətin, mənə tövsiyəsi həyat yolumun başlıca istiqaməti olub və olacaq. Onun ölməz ruhunu həmişə hiss edirəm. Ruhun şad olsun, ustad!

Mehdi MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında