İnformasiya texnologiyaları bazarında böyük artım gözlənilir

Nəqliyyat, Rabitə və  Yüksək Texnologiyalar Nazirliyinin  Məlumat Hesablama Mərkəzinin məlumatına  görə,  “Forrester Research” tədqiqat şirkəti dünya informasiya texnologiyaları bazarında proqram təminatı və konsaltinq xidmətləri sayəsində sürətli artım proqnozlaşdırır.

 Ekspertlərin gözləntilərinə görə, 2017-ci ildə qlobal proqram və aparat təminatının, eləcə də servislərin satış həcmi ötən ilə nisbətən 3,4 faiz artacaq.  2018-ci ildə bu xərclər 4 faiz artaraq  3 trilyon təşkil edəcək. Daha çox artımı proqram təminatı və informasiya texnologiyaları  konsaltinq xidmətləri nümayiş etdirəcək. “Forrester Research”  2017-ci ildə informasiya texnologiyalarının avadanlığının satışında 2,6 faiz, 2018-ci ildə isə 3 faiz artım gözləyir. Bu halda dünya telekommunikasiya texnikasına xərclərin müvafiq olaraq 3,1 və 1,5 faiz artacağı proqnozlaşdırılır.

 Tədqiqatçılar tərəfindən  informasiya texnologiyaları autsorsinq xidmətləri seqmentinin artımı cari ilin yekunları üzrə 2,2 faiz qiymətləndirilir. Telekommunikasiya sektoru xidmətləri 2017-ci ildə 2,2 faiz artsa da, 2018-ci ildə 2 faiz azala bilər. Eyni azalma  informasiya texnologiyaları  autsorsinq sahəsində gözlənilir.  Bundan başqa, şirkət qlobal  informasiya texnologiyaları  sahəsində üstünlük təşkil edən əsas tendensiyaları sadalayıb. Birincisi, analitiklər İT bazara müsbət təsir göstərən iqtisadi vəziyyətin yaxşılaşmasına diqqət yetirirlər. 2017-ci ildə dünya iqtisadiyyatında vəziyyət ötən ilin siyasi və iqtisadi sarsıntılarından sonra normallaşmağa başlayıb. Bu nisbi stabillik biznes və dövlət sektoruna 2018-ci ildə informasiya texnologiyaları  xərclərində daha fəal olmağa imkan verəcək.

 Mütəxəssislər “bulud” xidmətləri üçün xərclərdə artımı ikirəqəmli templərlə proqnozlaşdırırlar. Lakin seqmentin inkişafı ənənəvi lokal  informasiya texnologiyaları  məhsullarının satışına mane olur ki, bu da bazarın inkişafını dayandıran amildir. Eyni zamanda,  “bulud” hesablamaları bazara kömək edir. Belə ki, “bulud” hesablamaları sayəsində korporativ proqram təminatının satışı 2017-ci ildə 10 faiz artacaq, buradakı mədaxil isə artıq kompüterlərə quraşdırılan proqramlar üçün lisenziyaların satışını üstələyir. Birləşdirici proqram təminatı, sistem inteqrasiyası xidmətləri və informasiya texnologiyaları  autsorsinq kimi digər kateqoriyalarda “bulud” həllərinin xərclərdə payı cüzidir. Bu isə ənənəvi seqmentlərin zəif artımını kompensasiya etməyə kifayət etmir.

 Analitiklər xəbərdarlıq edir ki, zəif iqtisadi artım riskləri əksər regionlarda qalır. Bu səbəbdən şirkətlər İT və digər büdcə xərclərində ehtiyatlı olmaqda davam etməlidirlər. Bununla yanaşı, ekspertlərin 2017-ci ilin sonunadək  informasiya texnologiyaları  sahəsi üzrə proqnozları ilin əvvəli ilə müqayisədə daha optimistdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında