Əfsanəvi kosmonavtika generalımız

Kərim Kərimov – 100

XX yüzillikdə Azərbaycanın dünyaca tanınmış, xalqımıza bəşəri şöhrət gətirmiş övladlarından biri, əfsanəvi kosmonavtika generalı Kərim Abbasəli oğlu Kərimovun anadan olmasının 100 illiyini xalqımız böyük qədirbilənliklə yad edir. Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın görkəmli oğlunun bir əsrlik yubileyinin onu vətənində layiqincə qeyd edilməsi üçün sərəncam imzalamışdır.

Həmin sənəddə bildirilir ki, sovet zamanında kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Kərimov kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərmişdir.

General-leytenant, korifey mühəndis Kərim Kərimovun çatdığı zirvə, əldə etdiyi misilsiz nailiyyətlərlə, qazandığı nüfuz və şöhrətlə təkcə onu bəşəriyyətə bəxş etmiş Azərbaycan xalqı deyil, keçmiş SSRİ-də yaşayan bütün xalqlar, bəşəri zəka və tərəqinin qədini bilən bütün insanlar fəxr edirlər. SSRİ-nin ən yüksək rəsmi mükafatları sayılan Lenin və SSRİ Dövlət (iki dəfə) mükafatlarını qazanmaq kimi nadir şöhrət tacı soydaşımıza qismət olmuşdur. Bunlardan əlavə, onun zəfər çələngində Lenin, Qırmızı əmək bayrağı (2 dəfə), Qırmızı ulduz ordenləri, müstəqil Azərbaycanın “Şöhrət” ordeni və çoxsaylı medallar sıralanmışdır.

Təəssüf ki, sovet dövründə hərbi-texnoloji sahədəki məxfilik səbəbindən xalqımız öz istedadlı və əzmkar oğlunun yüksəliş yolundan zamanında xəbərsiz qalmış, yalnız az sayda soydaşımız bu barədə məlumatlı olmuşdu.

Kərim Kərimov 1917-ci ilin noyabrın 14-də ( tarixin gedişinə əsaslı təsir göstərmiş Böyük Oktyabr sosialist inqilabından bir həftə sonra) Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdi. Atası Abbasəli Kərim oğlu Kərimov Peterburq Texnologiya İnstitutunu bitirdikdən sonra Bakıya qayıtmış, ömrünün sonunadək neft sənayesində mühəndis-texnoloq işləmiş, 1942-ci ildə 54 yaşında vəfat etmişdi. Anası Sürəyya Əsədulla qızı gimnaziya bitirmiş, ailəsinin qulluğunda dayanmışdı. Evdə Kərimdən kiçik iki oğlan da doğulmuşdu.

1925-ci ildə 8 yaşlı Kərim, 4 yaşlı Süleyman və 2 yaşlı Mustafa anadan yetim qalmışlar. Bundan sonra ataları bir daha ailə qurmamış, həyatını uşaqlarının böyüyüb- tərbiyələndirilməsinə həsr etmişdi. Bu işdə ona uşaqların ana baba-nənəsi Əsədulla və Səyyarə, Kazan Universitetində tibb təhsili almış həkim qardaşı Məlikməmməd kömək etmişdilər.

Anası dünyasını dəyişən il Kərim məktəbə getmişdi. Atası dindar olduğundan əvvəlcə ərəb əlifbasında oxuyub-yaza və “Quran”ı orijinaldan oxuya bilməsi üçün onu Azərbaycan məktəbinə qoymuş, az sonra ərəb əlifbası latın qrafikası ilə əvəz olunduğundan rus məktəbinə keçirmişdi. Yeniyetmə Kərim Opera və Balet Teatrının yanındakı 4 saylı (indi 8 saylı) məktəbin yuxarı siniflərində oxuyanda gələcək ömür-gün yoldaşına rast gəlmiş, orta təhsili bitirdikdən sonra onunla bir sinifdə oxumuş Zəhra Tağıyeva ilə evlənmək qərarlarını qətiləşdirmişdilər.

Kərim uşaqlıqdan radiotexnikaya böyük həvəs göstərmiş, şəhərdə “oxumamış” radio ustası kimi tanınmışdı. O, bu ixtisas üzrə Bakıda ali təhsil ocağı olmadığından sənədlərini Moskva Rabitə Akademiyasına göndərmiş, lakin Novoçerkassk Sənaye İnstitutunun axşam şöbəsinə qəbul edilmişdi. Bu, Bakıya yaxınlığına və gündüz işləmək imkanına görə Kərimin ürəyincə olmuşdu. İki il burada oxuduqdan sonra Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə köçürülmüşdü. Bu arada nənəsinin adını qoyduğu qızı Sürəyya dünyaya gəlmişdi. Bakıda o, gündüz oxuyub, axşam işləmiş, Mərdəkanda radio qovşağının müdiri olmuşdu.

Kərim Kərimov institutu bitirmək ərəfəsində Dzerjinski adına Artilleriya Akademiyasına dinləyici kimi cəlb olunmuş, bu onun gələcək böyük karyerasının başlanğıcı olmuşdu. Müharibə ilə əlaqədar akademiya Moskvadan Səmərqəndə köçürüldüyündən Kərim Xəzəri aşıb ora getmişdi. Bilik və bacarığına görə birbaşa beşinci kursa götürülmüş, beşillik proqramı bir ilə keçərək raket silahları ixtisası üzrə təhsil almışdı.

Ortancıl qardaşı Süleyman orta məktəbi bitirən kimi müharibəyə aparılmış, davanın ilk günlərində Lvov yaxınlığında 20 yaşında həlak olmuşdu. Bu xəbər ailəni möhkəm sarsıtmışdı. Sevimli oğlunun yoxluğuna dözməyən ata çox keçməmişdi ki, dünyasını dəyişmişdi. Bu xəbər Səmərqəndə gec çatmış, Kərimi atasının yasına getməyə buraxmamışdılar.

Kərim Kərimov Daşkənd kənd təsərrüfatı maşınqayırma və Sverdlovsk ağır maşınqayırma zavodlarında təcrübə keçmiş, son kurs dinləyicisi kimi ona texnik-leytenant rütbəsi verilmişdi. Akademiyanı baş texnik-leytenant rütbəsi ilə bitirdikdən sonra SSRİ Müdafiə Nazirliyinin qvardiya minaatan hissələrinin baş idarəsinin sərəncamına göndərilmiş, Moskvadakı “Katyuşa” reaktiv mərmi hissələrini yığan “N 385” zavodunda gecə növbəsinə işə götürülmüşdü.

9 May Qələbə gününü də Moskvada – Qızıl Meydanda qarşılamışdı.

Bu zaman onu Müdafiə Nazirliyinin aparatında–Baş Artilleriya İdarəsinin 8-ci raket şöbəsinə böyük mühəndis vəzifəsinə keçirmişdilər. Fədakar əməyinə və Qələbəyə köməyinə görə “Qırmızı ulduz” ordeni və “1941--1945-ci illərin Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbəyə görə” medalı ilə təltif edilmişdi.

1946-cı ildə Kərim Kərimov bir qrup zabitlə almanların müharibədə maye yanacaqla işləyən FAU-2 raketinin sirlərini öyrənmək üçün Almaniyaya göndərilmişdir. Onlar tapşırılan işin öhdəsindən uğurla gəlmişdilər. FAU-2 raketlərinin ilk sınağı 1947-ci ilin oktyabrında olmuşdu.

Həmyerlimiz 1946-cı ildə ailəsini Bakıdan Moskvaya, qaldığı yataqxana otağına gətirmişdi. O zaman onun ağlına da gəlməzdi ki, doğma Bakını bir də 42 ildən sonra görəcək...

1950-ci il hərbi mühəndis Kərim Kərimovun ömrünün ən xoşbəxt illərindən olmuş, Stalin mükafatı laureatı (SSRİ Dövlət mükafatı laureatı) adına layiq görülmüşdü. Bu onun maye yanacaqla işləyən raketlərin işlənib hazırlanmasındakı xidmətlərinə görə aldığı ilk dövlət mükafatı olmuşdu.

Sovet kosmik uçuşlarının start meydanı olan Baykonur kosmodromu tikiləndə Kərim Kərimov SSRİ Müdafiə Nazirliyində şöbə rəisi idi. Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının tərkibinə onu da daxil etmişdilər. Bu zaman onu şöbə rəisliyindən idarə rəisinin müavini vəzifəsinə irəli çəkmişdilər və vaxtından əvvəl mühəndis-podpolkovnik rütbəsi vermişdilər. Bir müddət keçəndən sonra isə idarə rəisi təyin olunmuş və vaxtından əvvəl mühəndis-polkovnik rütbəsi almışdı.

1961-ci ilin aprel ayının 12-də, SSRİ-nin təyyarəçi-kosmonavtı Yuri Qaqarin Baykonur kosmodromundan “Vostok” gəmisində kosmosa qalxanda onu dünyada ilk kosmik uçuşa yola salanların arasında Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının üzvü, mühəndis-polkovnik Kərim Kərimov da olmuşdu. Kremldə bu tarixi uçuşu həyata keçirənlərin təltifolunma mərasimində Kərim Kərimova Lenin ordeni və vaxtından əvvəl general-mayor rütbəsi verilmişdi.

General Kərim Kərimov 1965-ci ildən SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə qalmaqla yanaşı, yeni yaradılan Mülki Ümumi Maşınqayırma Nazirliyində Baş Kosmos İdarəsinin rəisi vəzifəsinə keçirilmiş və nazirliyin kollegiya üzvü olmuşdu. 1966-cı ildə isə soydaşımız Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri təyin edilmişi. Bu o dövr üçün Azərbaycan oğluna etibar edilən çox yüksək bir səlahiyyət idi. O, bu vəzifələrdə qalmaqla, 1974-cü ildən Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini vəzifəsini də icra ermişdi.

1943-cü ildə 26 yaşında böyük leytenant-texnik rütbəsi alan soydaşımız 1967-ci ildə – 50 yaşında general-leytenant-mühəndis rütbəsinə layiq görülmüşdü. Onun çiyinlərindəki iki kiçik ulduz 24 ildən sonra iki böyük ulduzla əvəz olunmuşdu. 1979-cu ildə general Kərim Kərimov kosmik tədqiqatlar sahəsindəki uğurlarına görə ikinci dəfə SSRİ Dövlət mükafatına, 1987-ci ildə isə ikinci dəfə Lenin ordeninə, “Oraq və çəkic” qızıl medalı verilməklə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.

1991-ci il general-leytenant Kərim Kərimovun kosmonavtika sahəsində xidmətinin son ili olmuşdur. O, SSRİ-nin süqutu və yaşının 73-ü keçməsi ilə əlaqədar istefa ərizəsi yazmışdır. SSRİ müdafiə nazirinin əmri ilə 52 il xidmətlə istefaya getməsi ilə əlaqədar Kərim Kərimova verilən “Təşəkkür fərmanı” ilə kosmos fatehlərinin komandanının əfsanəvi marafonu sona yetmişdir. Bundan sonra o, Dövlət Komissiyasında məsləhətçi kimi qalmışdır.

General Kərim Kərimovun olduqca gərgin və mənalı keçən ömür yolunun, demək olar ki, hamısı raket texnikasının, kosmik uçuşların öyrənilməsinə və təşkilinə həsr olunmuşdur. O bu işləri yerinə yetirən böyük alimlər, mütəxəssislər və kosmonavtlar ailəsinin əvvəlcə üzvü, sonra isə yüksək səviyyədə etiraf olunduğu kimi, 25 il əfsanəvi rəhbəri” olmuşdur.

1946-cı ildə Kərim Kərimov Bakıya gəlib, Zəhrasını və balaca Sürəyyanı daimi yaşamaq üçün Moskvaya aparmışdı. 42 ildən sonra--1988-ci ildə isə Bakıya Zəhrasız qayıtdı. Bu 42 ildə Kərim Kərimov general, məktəbli Sürəyya isə Moskvanın elmi-tədqiqat institutlarından birində şöbə müdiri olmuşdu. Zəhra xanıma doğma Bakısını, doğmalarını, yaxınlarını, oxuduğu məktəbi bir də gəlib görmək qismət olmadı...

Bakı aeroportunda təyyarənin pilləkənləri yanında onları milli geyimli qızlar Azərbaycanın nemətləri ilə qarşıladılar. Pişvazlarına vətənin tanınmış, nüfuzlu insanları çıxmışdılar. Ata və qızı ilk olaraq doğmalarının məzarlarını ziyarət etdilər. O vaxt verdiyi müsahibəsində general atasının onun həyat yoluna işıq salmış nəsihətini belə xatırlamışdı: “Atamın bir öyüdü yadımdan çıxmır: Dünya malına göz dikmə, o şey sənindir ki, özün qazanmısan”.

Sonrakı günlərdə Kərim Kərimov özünün yaxından köməkliyi ilə yaradılmış Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində oldu. Burada onu birliyin baş direktoru, professor Tofiq İsmayılov və akademik Hacıbəy Sultanov qarşıladılar. O, Azərbaycan Tarixi Muzeyində və vaxtilə oxuduğu 8 saylı məktəbdə də oldu. Sentyabrın 2-də isə Azərbaycan Dövlət Filarmoniyasında xalqımızın korifey oğlu ilə şəhər ictimaiyyətinin unudulmaz görüşü oldu.

Bu mübarək gəlişdən sonra general-leytenant Kərim Kərimov vaxt tapan kimi Bakıya gəlirdi. Hər gəlişində bizim çalışdığımız Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinə də baş çəkirdi.

Kosmik miqyası şöhrət və nüfuz sahibi soydaşımız Kərim Kərimov 2003-cü ildə dünyasını dəyişsə də, bu böyük insanın ölməzliyi, nəsillərə örnək olan bioqrafiyası, şöhrəti bizimlə qaldı. Kosmonavtika dahisi Kərim Kərimovun adı hər yerdə və həmişə xalqımıza başucalığı, iftixar qazandıracaq.

Hacı Niftalı İSMAYILOV,
coğrafiya elmləri namizədi, baş elmi işçi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında