Azərbaycan dövləti hazırda dünyada gedən siyasi, iqtisadi, mədəni proseslərdə layiqincə təmsil olunur. Bu gün mədəniyyət bir sıra problemlərin həllində mühüm amilə çevrilib. Ölkəmiz hazırda beynəlxalq mədəni proseslərin fəal subyekti olaraq dünyada uğurla gerçəkləşdirilən bəzi mədəni proqram və layihələrin nəinki fəal iştirakçısı, həm də təşəbbüskarı və təşkilatçısıdır. Azərbaycanın beynəlxalq mədəni əlaqələri həm ölkəmizdə , həm də xarici dövlətlərdə keçirilən tədbirlərlə reallaşdırılır. Bundan başqa, beynəlxalq təşkilatlarla birgə kerçəkləşdirlən mədəniyyət layihələri ölkəmizin mədəni tərəqqisinə, milli-mənəvi dəyərlərimizin təbliğinə geniş imkanlar yaradır.
Milli-mədəni dəyərlərin qorunması və dünyada geniş təbliği milli maraqların təmin olunması, xarici siyasət vəzifələrinin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən hazırda xarici mədəni siyasət anlayışı da dövlət siyasətinin mühüm istiqamətinə çevrilməkdədir. Bu siyasət vasitəsi ilə dövlətlər dünyada gedən müxtəlif xarakterli proseslərə təsir göstərmək imkanı əldə edirlər.
Beynəlxalq mədəni proseslərə fəal qoşulmaqla Azərbaycan həm özünün milli mədəniyyətini mütərəqqi, ümumbəşəri ideya və dəyərlərlə zənginləşdirir, həm də dünya mədəniyyətinin inkişafına öz töhfələrini verir.
Azərbaycan son illər beynəlxalq mədəni tədbirlər mərkəzinə çevrilmişdir. Bakı 2009-cu ildə İslam Mədəniyyətinin Paytaxtı olmuşdur. Gələn il isə Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı olacaqdır.
Ölkəmizdə keçirilən mədəniyyətlərarası dialoq forumları mədəniyyətimizin dünyaya inteqrasiyası istiqamətində atılan çox uğurlu addım hesab olunur. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayan “Bakı prosesi” 4-cü dəfədir ki, paytaxtımızda baş tutmuşdur. Bu forum ölkə başçısının dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələri birləşdirən qlobal xoşməramlı çağırışlardır. Bu, həm də dünyada milli, irqi, dini və mədəni ziddiyyətlərin daha da artdığı, ekstremist düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural resurslarının, tarixən malik olduğumuz mehriban birgəyaşama ənənələrinin beynəlxalq səviyyədə model kimi istifadə olunması və ölkəmizin belə məsələlərdə interkultural körpü rolunun önə çıxmasına yönəlmiş fəaliyyətdir.
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO kimi beynəlxalq təşkilatlar forumun təşkilində tərəfdaş kimi çıxış edirlər. Forum öz formatına görə ilk daimi tədbirdir ki, onun tərəfdaşları, eyni zamanda, dövlət və beynəlxalq təşkilatlardır. Bu forum beynəlxalq aləmdə yüksək qiymətləndirilir .
Eyni zamanda , Bakıda keçirilən beynəlxalq humanitar forumlar da mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması və təbliğində əhəmiyyətli rol oynayır. Bu tədbirlər mütamadi xarakter alıb və qloballaşan dünyamızın problemlərinin həllində mədəni proseslərin rolunun artdığını bir daha bəyan edir. Tam əminliklə deyə bilərik ki, dövlətimizin ən uğurlu layihələrindən biri olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu formatına görə dünyada yeganə çoxtərəfli platformadır.
Beynəlxalq mədəni əlaqələrin genişlənməsi istiqamətlərindən birini də xarici ölkələrdə Azərbaycan mədəniyyəti ilə baqlı tədbirlər təşkil edir. Bu tədbirlərin böyük bir qismi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunuin prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə reallaşdırılır. Fransada, ABŞ-da, Avstriyada, Almaniyada, Böyük Britaniyada, Rusiyada və başqa ölkələrdə milli mədəniyyət nümunələrimizin təbliğinə həsr olunan tədbirlər Azərbaycanın tanıdılması, mədəniyyətimizin təbliği istiqamətində atılmış uğurlu addımlardır. Azərbaycan mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən beynəlxalq tədbirlər sırasında Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Fransada Azərbaycan mədəniyyətinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Fransada keçirilən "Odlar diyarı Azərbaycanın müasir əsərləri" sərgisində rəssamlarımızın ən gözəl tabloları nümayiş etdirilmişdir.
Xarici ölkələrdə milli-mədəni dəyərlərimizin təbliğində diaspor təşkilatlarımızın, səfirliklərimizin təşkil etdikləri tədbirlər də önəmli rol oynayır. Azərbaycan mədəniyyəti günləri, festivallar, musiqi gecələri, rəssamlarımızın sərgiləri belə tədbirlərdəndir. Məsələn, Səudiyyə Ərəbistanında, Almaniyada, Ukraynada, Misirdə, Kubada, Mərakeşdə, Qətərdə, İordaniyada, Danimarkada, Küveytdə, Çində, Böyük Britaniyada, əksər MDB ölkələrində son vaxtlar keçirilən Azərbaycan mədəniyyətinə aid tədbirlərə tamaşaçılar böyük maraq göstərmişlər
Çin milli muzeyində təşkil olunmuş Azərbaycan Mədəniyyəti Günlərinin açılış mərasimində Çinin mədəniyyət nazirinin müavini xanım Jao Şaxua Azərbaycanın zəngin mədəni irsə sahib bir ölkə olduğunu və bu mədəniyyətin çinli sənətseverlər tərəfindən böyük alqışlarla qarşılanacağından əminlik duyduğunu bildirmişdir. Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Çin Xalq Respublikasının San Pin incəsənət qalereyasında fotosərgi təşkil olunmuş, habelə miniatür kitab və milli geyim nümunələrimiz nümayiş etdirilmişdir. Sərgidən sonra nazir Ə.Qarayev Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin böyük tarixi olduğunu diqqətə çatdırmış, bildirmişdir ki, hazırda əlaqələrimiz ölkə rəhbərlərinin dəstəyi sayəsində genişlənir. Belə tədbirlər ona görə əhəmiyyətlidir ki, xalqlar bir-birinin mədəniyyəti ilə canlı şəkildə tanış olurlar.
Əlbəttə, mədəni əlaqəlarin inkişafında xarici ölkələrin Azərbaycanda keçirilən mədəniyyət günlərini, beynəlxalq festivalları, xarici ölkə rəssamlarının sərgilərini, konsert proqramlarını xüsusi olaraq qeyd etmək lazımdır. D.Şostakoviç festivalı, Q.Qarayev adına müasir musiqi festivalı, Ü.Hacıbəyli adına Beynəlxalq musiqi festivalı, Beynəlxalq Rostropoviç festivalı, Karvan Beynəlxalq musiqi festivalı, Bakı Beynəlxalq caz festivalı, Qəbələ Beynəlxalq musiqi festivalı, Vokalçıların Bülbül adına musiqi Müsabiqəsi, Karvan Beynəlxalq musiqi layihəsi, Beynəlxalq Teatr konfransı, Beynəlxalq Teatr festivalının İpək yolu mərhələsi, “Muğan Aləmi” festivalı və başqa beynəlxalq incəsənət tədbirlərinin keçirilməsi Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin inkişafına öz müsbət təsirini göstərmiş, mədəniyyətlər arasında dialoqun genişlənməsində mühüm rol oynamışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmiz təkcə qazanılmış iqtisadi uğurlarla deyil, mədəni dəyərləri ilə də dünyada öncül mövqe qazanır.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.