Holokost və Xocalı soyqırımları Los-Ancelesdə anılıb

Los-Ancelesdə Holokost və Xocalı soyqırımları anılıb. Bu barədə APA-ya Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildirilib.

Məlumata görə, Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu və ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin yəhudi mənşəli əməkdaşlarının yaratdığı “Bir Ürək Xilas Et” Fondunun birgə təşkilatçılığı ilə Nasist Almaniyasında yəhudilərə qarşı soyqırımının (Holokost) başlanğıcı hesab edilən, 1938-ci ilin “Kristal Gecə”sinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə “Bir Ürək Xilas Et” Fondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi və fondun üzvü Ester Blauqrund çıxış edərək, baş konsulluğa belə bir önəmli tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürlərini bildiriblər. Onlar “Kristal Gecə” haqqında danışaraq, məhz 1938-ci ilin 9-10 noyabr tarixlərində bütün nasist Almaniyasında yəhudilərə qarşı genişmiqyaslı təqiblərə, qətl və talanlara start verildiyini, bu qanlı gecənin 1945-ci ilədək 6 milyonadək yəhudinin məhvi ilə nəticələnən Holokosta yol açdığını qeyd ediblər.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, 20-ci əsrdə iki dəfə soyqırıma məruz qalmış Azərbaycan xalqının yəhudiləri yaxşı anladığını və Holokost faciəsi ilə bağlı yəhudi xalqının ağrılarını duya bildiyini qeyd edib. 1918-ci ilin mart soyqırımı haqqında məlumat verən baş konsul erməni daşnaklarının bolşeviklərlə əlbir olaraq on minlərlə mülki Azərbaycan vətəndaşını amansızlıqla qətlə yetirdiklərini, bu soyqırımı faktlarının 1919-cu ilin “Nyu York Times” qəzeti də daxil olmaqla müstəqil mənbələr tərəfindən təsdiqləndiyini, eləcə də Qubada həyata keçirilən soyqırımı zamanı erməni daşnaklar tərəfindən azərbaycanlılar ilə yanaşı, yəhudilərin də qətliama məruz qaldıqlarını diqqətə çatdırıb.

Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərin bununla bitmədiyini qeyd edən baş konsul N.Ağayev Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışaraq, tədbir iştirakçılarını 1992-ci ilin Xocalı soyqırımı haqqında da məlumatlandırıb. Baş konsul bildirib ki, bu faciə tarixini və Azərbaycan xalqı ilə yəhudi xalqı arasındakı çoxəsrlik qardaşlıq münasibətlərini nəzərə alaraq, hər iki xalq dünyada belə faciələrin bir daha təkrarlanmaması üçün birlikdə səy göstərməlidir.

Holokost barədə danışan N.Ağayev, həmçinin qeyd edib ki, II Dünya müharibəsi dövründə Azərbaycan Avropadan qaçan on minlərlə yəhudiyə qucaq açaraq, onları bu soyqırımından xilas edib.

Daha sonra İsrail kinematoqrafçılarının çəkdiyi, Holokosta həsr olunmuş sənədli film nümayiş etdirilib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında