Böyüklüyünü və əsilzadəliyini yaşadan Üzeyir Hacıbəyli imzası nəinki öz xalqının yaddaşında, eləcə də dünya tarixində əbədi olaraq özünü heykəlləşdirib. Əbəs yerə deyilməyibdir ki, insan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin məcmusudur. Üzeyir bəyin getdiyi yol uğur yolu idi. Dahilərin ömür yolu ümumiyyətlə, qısa olur, çünki onların bütün həyatı yaradıcılığındadır. Üzeyir bəy də belə dahilərdən idi.
Üzeyir Hacıbəylinin ömür yolu xalqının taleyi ilə sıx bağlıdır. Bu səbəbdən onun mənsub olduğu xalqın ömrü qədər yaşamaq haqqı var. Şübhəsiz ki, bu mənada o, həmişə yaşayacaqdır. Üzeyir Hacıbəyli böyüklüyünün və istedadının sanbalını heç bir riyazi düsturla tam hesablamaq mümkün deyil. Dahilərin ömrü onların ideyalarının ömrü ilə ölçülür. Ona görə də Üzeyir bəy həyata keçirə bilmədiyi saysız-hesabsız ideyanın müəllifi kimi xatırlanır. O, sənətində dahi olmağı kağıza köçürdüyü bütün notlar ilə sübut etmiş sənətkardır. Üzeyir Hacıbəyli dahilik adını qazanmaqla yanaşı, öz dünyasını da yaratdı – Üzeyir dünyasını. O, dünyasını yaşadığı mürəkkəb dövrün ənginliklərindən keçən həyat yolu və əbədiyaşar yaradıcılığı ilə möhürləyib. Əlbəttə ki, bu yolda özünün də dediyi kimi, onun ilk müəllimi dayısı Ağalar bəy Əliverdibəyov olub.
Təkrarolunmazlıq mücəssəməsi
Ümumiyyətlə, Üzeyir Hacıbəylidən danışarkən onu böyük bəstəkar, musiqiçi alim kimi deyil, eyni zamanda, yüksək intellektə sahib pedaqoq, ictimai-siyasi xadim, ən əsası, ruhunda və qəlbində millətinin məhəbbətini daşıyan əsl vətəndaş kimi xarakterizə eləmək lazımdır. Bu gün dahi sənətkarın yaratdığı şedevr yaradıcılıq nümunələri onu həm öz ana yurdunda, həm də dünyada yaşadır. Hazırkı musiqi mədəniyyətimizin ekspozisiyasına nəzər saldıqda belə, Üzeyir Hacıbəyli məqamının əlamətlərini bütün təfsilatı ilə görür, hiss edirik. Böyük bəstəkarın milli musiqimizdəki xidmətləri təkrarolunmazlıq mücəssəməsidir. Üzeyir bəyin adını daşıyan Dövlət Simfonik Orkestri, Bakı Musiqi Akademiyası, paytaxtın mərkəzi küçələrindən biri və onun haqqında kitablar, tədqiqat əsərləri, eyni zamanda, çap edilən ensiklopediya bəstəkarın şəxsiyyətinə və yaradıcılığına verilən ən ali dəyərdir. Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən, 18 sentyabr - dahi bəstəkarın dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ölkəmiz neçə ildir ki, onun adını daşıyan beynəlxalq musiqi festivalına ev sahibliyi edir. Festival çərçivəsində dünyanın hər yanından aparıcı orkestrlər tam heyəti ilə ölkəmizə gəlir, Üzeyir bəyin əsərlərini səsləndirir, onun xatirəsinə ehtiramlarını bildirirlər. Üzeyir Hacıbəyli yaradıcılığı və dövrü ilə daha yaxından tanış olmaq arzusu bizi onun adını daşıyan ev muzeyinə gətirdi.
Dahi bəstəkarın ev muzeyi: “dil açan” eksponatlar
Üzeyir Hacıbəylinin ev muzeyində olan hər bir azərbaycanlı burada özünü çox qürurlu və rahat hiss edir. Hər iki hissin fövqündə fəxarət və milli mənsubiyyət amalı ilə dayanır. Muzeyin ekspozisiya şöbəsinin müdiri Gülnarə Ələsgərova bizi Üzeyir Hacıbəyli dünyası ilə yaxından tanış edir. Muzeylə ilk tanışlığımız dahi bəstəkarın yaradıcılıq otağından başladı. Burada bəstəkarın istifadə etdiyi saatdan dirijor çubuğunadək bütün əşyalar bizi ruhən Üzeyir bəyin yaşadığı dövrə apardı. Üzərində yarımçıq qalmış “Azərbaycan” simfonik poeması olan yaradıcılıq masasının səliqəsi pozulmayıb. Bu, Üzeyir bəyin sonuncu işidir, cəmi üç səhifəsini nota köçürüb. Otağın divarından asılmış və əqrəbləri 14.00 göstərən saat, sanki, Üzeyir bəyi gözləyir. Bəstəkar bu dünya ilə vidalaşdığı 1948-ci il oktyabrın 23-dən bu günədək Üzeyir bəyin divar saatı da onun kimi donaraq qalıb. Çünki o, eyni tarixdə və eyni saatda haqq dünyasına qovuşduğunda saat bacısı oğlu tərəfindən dayandırılıb. Diqqəti cəlb edən sənətkarın frakının-dirijorluq libasının bir qəribəliyi var. Ona diqqətlə baxanda Üzeyir bəyin varlığını, təravətini hiss edirsən.
G.Ələsgərova bizi digər otaqdakı masaüstü güzgü ilə tanış etdikdə məlum oldu ki, bu, Xurşudbanu Natəvana məxsusmuş. X.Natəvanın nəticəsi Leyla Usmiyeva Natəvana aid güzgünü və çini qabdan olan aş sinisini muzeyə hədiyyə edib. Bundan başqa, muzeydə qapalı şüşə vitrində saxlanılan ovaxtkı SSRİ rəhbəri İosif Stalinin Üzeyir Hacıbəyliyə ünvanlandığı minnətdarlıq teleqramı diqqəti çəkir. Muzeyin ekspozisiya şöbəsinin müdiri deyir: “1944-cü ildə Üzeyir bəy cəbhəyə kömək məqsədilə öz şəxsi vəsaitindən 100 min rubl ayırır, ona bir tank alınsın. Ona görə də İ.Stalin bəstəkarın bu addımını yüksək qiymətləndirib, ona şəxsən təşəkkür teleqramı göndərib”.
Bu gün muzey kimi yanaşdığımız bu tarixi ocaq vaxtilə qonaq –qaralı ev olub. Hər gün bu ocaqda qohumlar, dostlarla yanaşı, tamamilə yad olan insanlar da çörək kəsiblər. Deyirlər, evdə qonaq olmayanda Üzeyir bəy həmin gün özünü çox narahat hiss edirmiş. Məcburi şəkildə evdəkilərə deyirmiş ki, gedin məhəllədən keçən, üstü-başı nimdaş geyimli kimi görsəniz gətirin evə. Üzeyir bəy evinə təşrif buyuran yetimlərin, kasıb-kusubların qarnını doyurar, imkan dairəsində ciblərinə pul da qoyarmış. O, eyni zamanda tələbələrinə də ata qayğısı göstərirmiş. Həqiqətən bu tarixi ocaq, həm də müqəddəs məkandır. Burada olan hər bir kəs dahi şəxsiyyətin sənət dünyasına, həyatına, keçdiyi ömür yoluna daha yaxından bələd olur, bu evdə vaxtilə yaşananların canlı şahidinə çevrilir.
Dünyanın ən məşhur sənət ocaqlarında
Müxtəlif janrlarda şah əsərlər yaratmaq hünərdirsə, janrın özünü yaratmaq yüz qat artıq hünərdir. Üzeyir Hacıbəyli nəinki müxtəlif janrlarda ən yüksək əsərlər yaradıb, o, həm də musiqiyə tamamilə yeni nəfəs gətirib. Üzeyir Hacıbəylinin elmi-nəzəri məqalələri, “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası milli musiqi elmimizin inkişafına qiymətli töhfədir. O deyirdi: “Musiqini elə yazmaq lazımdır ki, onu zövqü korlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün”. Təsadüfi deyil ki, dahi bəstəkarın əsərləri dünyanın dörd qitəsinin ən məşhur sənət ocaqlarında səhnəyə qoyulub.
Muzeyin divarlarından asılan orijinal afişalar bura gələn bütün qonaqlara Üzeyir bəyin yaradıcılıq dünyasının əlçatmazlığından xəbər verir. Onun “Ər və arvad”, “O olmasın bu olsun” və dünyanın 70 dilinə tərcümə edilmiş, dəfələrlə Azərbaycanda və hətta ekranlaşdırılan “Arşın mal alan” operettasının orijinal tablosunun rəngi də solmayıb. “Leyli və Məcnun”, “Rüstəm və Söhrab”, “Harun və Leyla”, “Şah Abbas və Xurşudbanu”, “Əsli və Kərəm” “Şeyx Sənan” və sonuncu “Koroğlu” operasının kiçik tablolarının səliqəsi yerindədir. Bəstəkarın əsərləri ilə maraqlandığımız zaman məlum oldu ki, 10 iri həcmli səhnə əsərindən cəmi birinin mətnini Üzeyir bəy özü yazmayıb. Bu “Koroğlu” operasıdır ki, onun mətnini dramaturq Heydər İsmayılov yazıb. Operadakı şeirlərin müəllifi isə Məmməd Səid Ordubadidir.
Ümumxalq hüznü
Üzeyir bəyin anası Şirinbəyim xanım Əlverdibəyova mədrəsə təhsilli, atası Əbdülhüseyn Hacıbəyov isə öz dövrünün savadlı, ziyalı şəxslərindən olub. Üzeyir bəyin atası Xurşudbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatını idarə edib. Üzeyir bəyin iki qardaşı (Zülfüqar, Ceyhun) və iki bacısı (Abuhəyat, Sayad) olub. Bəstəkarın böyük qardaşı Zülfüqar Hacıbəyovun da iki övladı olub - maestro Niyazi və Çingiz. Onların heç birinin övladı olmayıb. Bacıların hər ikisinin həyat yoldaşı vaxtsız vəfat edib. Sayad xanımın dörd övladı olduğundan Üzeyir bəy onları öz himayəsinə alıb və təlim-tərbiyələri ilə məşğul olmağa başlayıb. Bəstəkarın həyat yoldaşı Məleykə xanım Terequlova tatar qızı olub. İxtisasca rus dili müəllimi olan Məleykə xanım bir neçə il məktəb direktoru vəzifəsində çalışıb. Üzeyir bəyin vəfatından sonra 18 il yaşayan Məleykə xanım ona məxsus bütün əşyaları toplayaraq bir yerə yığıb. Bu gün onun sayəsində bəstəkarın adını daşıyan ev muzeyində həmin əşyalar ən dəyərli nümunələr kimi ziyarətçilərə təqdim olunur. Muzeydə dahi bəstəkarın dəfni zamanı çəkilmiş fotolar da ekspozisiyanın bir hissəsidir.
1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanıb. Onun cənazəsi Bülbülün ifasında “Sənsiz” romansının sədaları altında qaldırılaraq Fəxri xiyabanda dəfn olunub. Şəkillərdən də görünür ki, Azərbaycanın o vaxtkı rəhbəri Mircəfər Bağırov bəstəkarın dəfnində şəxsən iştirak edib, hətta o, cənazəni çiyninə götürənlərdən biri olub.
İstedad, üstəgəl şəxsiyyət
Ev muzeyini gəzdikcə insan mənən saflaşır. Sanki müqəddəs bir məkanı, yeri, ən əsası, saf əməlləri ilə xalqına başucalığı gətirən bir insanı, sənət fədaisini ziyarət etməkdən qürur duyur və bu hissi yaşamağından həzz alırsan. Bir daha anlayırsan ki, Üzeyir Hacıbəyli, sözün həqiqi mənasında, Azərbaycan musiqisinin baş tacıdır. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət neçə-neçə xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yaradıb. O, Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla çəkdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır.
Bu il anadan olmasının 132-ci ildönümünü qeyd etdiyimiz unudulmaz Üzeyir Hacıbəyli mənsub olduğu millətin qəlbində elə bir zirvə fəth edib ki, o zirvəyə qalxmaq hər insana nəsib olmur. Yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan dahi bəstəkara olan sonsuz sevgi tükənməzdir. Bu sevgini qazanmağın xoşbəxtliyini yaşamaq Üzeyir bəyin qismətinə düşüb.
Ceyhun ALIŞLI,
AZƏRTAC-ın müxbiri
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.