HƏYATIN 70 ANI

Milli İncəsənət Mərkəzində “Ovqat” adlı foto sərgi keçirilib

Milli İncəsənət Mərkəzində tanınmış, həvəskar rəssamların və fotoqrafların müxtəlif səpkili əsərləri tamaşaçılara mütəmadi olaraq təqdim olunur.

Bu dəfə mərkəzdə  incəsənət həvəskarları memar-dizayner Gülşən Qasımzadənin foto və miniatürləri ilə yaxından tanış oldular. Gülşən Qasımzadə incəsənətə uşaqlıqdan bağlı olub. 2004-cü ildən bədii foto sənəti, işıq-kölgə və onların foto sənətindəki sirlərini öyrənməyə başlayıb. Fotoqrafın bu sevgisinin nəticəsidir ki, bu günlərdə Milli İncəsənət Mərkəzində onun uzun illər ərzində Azərbaycan və onun sərhədlərindən kənarda çəkdiyi fotolar ictimaiyyətə təqdim olunub. Sərgidə 70 ədəd foto nümayiş edilib.

 “Ovqat” adlı ekspozisiyadakı fotolar insanın, onun həyatının müxtəlif anlarını əks etdirir. Burada insanların məhəbbət haqqında anlayışları, ana və övlad münasibətləri, öz sevgisindən, gəncliyindən uzaq düşmüş insanların taleyi, doğma yuvasını, evini itirənlərin ümidsiz anları, sevinc və kədərləri, ağ-qara və rəngli fotonun işığından süzülərək bir növ tabloya çevrilib. İnsanın həyat ritmi o qədər surətlidir ki, o nəinki təbiətin gözəlliyini,  hətta ətrafındakı insanların varlığını belə bəzən unudur. Bu baxımdan Gülşən Qasımzadə bir fotoqraf kimi insanları təbiət, cəmiyyət və ən əsası uşaqlara daha həssas yanaşmağa səsləyir. Həmçinin onun “Yaddaş”, “Mərhəmət”, “Ümid”, “Uçmuş yuva”, “Əzablı yollar”, “İtirilmiş zaman”, “İşığa doğru”, “Baba dağ”, “İlk addımlar”, “Məhəbbət” və digər əsərləri seyrçiləri müxtəlif ovqatlara kökləyir.

Sərgi haqqında ətraflı məlumat verən Gülşən Qasımzadə  bildirdi ki, zaman əlimizdən su kimi axıb gedir. Mənim üçun foto insanın həyatında keçirdiyi müəyyən hisslərin bir anlıq dondurulması deməkdir. O insanın keçmişi və baxışlarına hopmuş hissləri- emosiyasıdır.

Sərgidə çıxış edən Əməkdar jurnalist Flora Xəlilzadə, Əməkdar artist Bəhram Bağırzadə və digər qonaqlar Gülşən Qasımzadənin yaradıcılığını yüksək qiymətləndirdilər.

Qeyd edək ki, G. Qasımzadənin “Ovqat” adlı sərgisi sayca üçüncüdür. Onun 2012-ci ildə Sloveniyada  Respublika  Gününə həsr olunmuş fərdi etno sərgisi sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.  Həmçinin   2015-ci ildə  Bakı Metropolitenin  təşkilatçılığı ilə  “Metro Gallery” layihəsi çərçivəsində  “Gənclik” stansiyasının  keçidlərində onun fotolarından  ibarət lövhələr  tamaşaçıların   ixtiyarına verilib.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında