Oxuculara təqdim olunan bu araşdırma materialında ekran və efirdə ədəbi dil normalarının 3 yöndə – leksik, qrammatik və orfoepik qaydalara məhəl qoyulmadan pozulması halları və faktları konkret nümunələr əsasında izlənilmişdir. Bundan əvvəlki I yazıda milli teleradio məkanında ədəbi dilimizin leksik normaların pozulması ilə bağlı geniş ictimaiyyətdə narahatlıq doğuran səciyyəvi halları əks etdirən nümunələrə nəzər saldıq. Təəssüf ki, teleradio aparıcılarının, ekran və efirdə çıxış edənlərin nitqində qrammatik qüsurlar da az deyil.
II. Qrammatik normaların pozulması halları
Ədəbi dilin qrammatik normaları morfoloji və sintaktik olmaqla, 2 yerə bölünür. Morfologiya söz formalarının və onların işlədilməsi qaydalarının məcmusudur. Morfoloji normalar sözün morfoloji forma variantlarının seçilməsini və onun başqa sözlərlə əlaqələnmə özəlliklərini tənzimləyir. Azərbaycan dilinə və nitq mədəniyyətinə dair vəsaitlərdə ədəbi dilin morfoloji normalarının aşağıdakı qaydaları müəyyənləşib:
1. Miqdar sayları ilə yanaşı gələn isimlər tək halda işlənməlidir: 5 top, 10 köynək və s. Teleradio aparıcılarının nitqində bu qaydanın pozulması hallarına tez-tez rast gəlinir: “Rayonumuzun ərazisində 3 yeni körpülər salınıb”. Əslində, “3 yeni körpü” deyilməli idi.
2. Bu qayda qeyri-müəyyən saylara da (“az”, “çox”, “xeyli”) aiddir: “Bayram tədbirinə çox adamlar gəlmişdi”. Düzgün forma “çox adam”dır.
3. Cümlədə “nə”, “nə də” bağlayıcıları varsa, feil inkar şəkilçisi (-ma; mə) qəbul etməməlidir: “o nə yazmır, nə də oxumur” yox, “nə yazır, nə də oxuyur”. Məsələn, “İrəvan nə sülh, nə də işğala son qoymaq istəmir” cümləsində “istəyir” olmalıdır.
4. “-sız4” şəkilçisi isimlərə artırılaraq sifət əmələ gətirir: ağıl+sız, duz+suz və s. Aparıcıların nitqində isə Türkiyə türkcəsinin təsiri ilə “rahatsız”, “mümkünsüz” tipli sözlər işlədilir ki, bu da morfoloji normanın pozulmasıdır.
5. Tərkibində “kaş” ədatı olan cümlənin xəbəri feilin arzu şəkili ilə ifadə olunmalıdır: “Kaş mənim də anam sağ olaydı”. Aparıcıların danışığında isə bəzən arzu şəkilinin əvəzinə, yanlış olaraq feilin şərt şəkilindən (-sa2) istifadə olunur: “Kaş sizi çoxdan verilişimizə dəvət etsəydim” Düzgün variantda “dəvət edəydim” deyilməli idi.
Birinci yazımızda pleonastik (lüzumsuz) sözlərdən bəhs etmişdik. İndi isə qeyd edək ki, dilimizdə illərdən bəri işlədilən pleonastik şəkilçilər də var. Dilçi alim Ə.Cavadov məqalələrinin birində yazırdı ki, “düşmənçilik” sözündə -çi şəkilçisi artıqdır. Bu sözün antonimi olan dostluq sözündə “-çu” işlənmir.
Deməli, düşmənçilik sözü də “düşmənlik şəkilində olmalıdır”. Müəlliflə tam razılaşır və qeyd edirik ki, bu fikir “peşmançılıq”, “narahatçılıq”, “sakitçilik” kimi bir çox başqa sözlərə də aiddir. “Azərbaycanın paytaxtında yaranan yol tıxaclarını sürücülər və sərnişinlər narazıçılıqla qarşılayırlar” cümləsində “narazıçılıqla” əvəzinə, “narazılıqla” deyilməli idi.
Bəzi dilçilər “avaraçılıq”, “yetimçilik”, “kasıbçılıq” sözlərindəki “-çılıq” hissəsini mürəkkəb şəkilçi hesab edir, onun işlənməsinə haqq qazandırırlar. Əslində isə, həmin “mürəkkəb” şəkilçi məhz “-çı4”nın yersiz işlənməsi (sifətə artırılması) nəticəsində formalaşmışdır. “-çı4”dan sonra “-lıq4 “ şəkilçisi yalnız o zaman işlədilə bilər ki, sözün kökü ilə (isimlə) birlikdə “-çı” müəyyən anlayış bildirsin, həmin birləşmənin leksik mənası olsun: dil+çi+lik, dəmir+çi+lik, yalan+çı+lıq və s.
Lakin dilimizdə “tələbəçi”, “peşmançı”, “avaraçı”, “yetimçi”, “kasıbçı” sözləri olmadığından onlara “-lıq” şəkilçisi artırmaq olmaz. İdxalatçı, istehsalatçı, dekanatlıq sözlərindəki “-at” şəkilçisi də artıqdır, “idxalçı”, “istehsalçı”, “dekanlıq” olmalıdır. Televerilişlərdən götürdüyümüz “Cəmiyyət üçün narahatçılıq doğuran yalnız bir tendensiya müşahidə olunur” cümləsində “narahatçılıq” yox, “narahatlıq” deyilməli idi.
“Rəsmi sənədləri, qəzet səhifələrini, efir və ekranları zəbt etmiş seçkilər yaxınlaşır” cümləsindəki “seçkilər” sözü haqqında ayrıca danışmaq lazım gəlir. Rus dilində yalnız cəm halda işlənən xeyli söz var: брюки, вecы, духи, ножницы, noxopoны, часы və s. Bunlar formaca cəm halda olsa da, məzmunca tək isim kimi qavranır və düzgün olaraq dilimizə də tək isim kimi çevirilir: şalvar, tərəzi, ətir, qayçı, dəfn, saat və s. “Bыбopы” da belə sözlərdən biridirsə, nəyə görə onu cəm halda işlətməliyik?
Axı söhbət bir prosesdən, bir kampaniyadan gedir: prezident seçkisi, parlament seçkisi, bələdiyyə seçkisi. Televiziya xəbərində səslənən “Amerika Birləşmiş Ştatlarında keçirilmiş prezident seçkilərində Donald Tramp qalib gəlmişdir” cümləsində “prezident seçkisində” işlədilməli idi.
Nitqimizdə qəlibləşmiş yanlışlıqlardan biri də feli sifətlərin və onlardan düzəlmiş tərkiblərin zamanı ilə bağlıdır. Bəllidir ki, feli sifət feilin, demək olar, bütün əlamətlərini (hərəkət, zaman, təsirlilik-təsirsizlik, növ, təsdiq-inkar, tərz və s.) əks etdirir və bunların sırasında zaman kateqoriyası ayrıca yer tutur. Feli sifət təyin olunan əşyanın zamanla bağlı əlamətini, keyfiyyətini, vəziyyətini bildirir, müvafiq zaman şəkilçiləri qəbul edir.
Kütləvi informasiya vasitələrində isə çox vaxt buna məhəl qoyulmur, feli sifətin hər üç zamanında yalnız indiki zamanı bildirən “-an2” şəkilçisindən istifadə olunur, “-mış4”, “-acaq2” şəkilçiləri isə unudulur və bunun nəticəsində mütəxəssislər bu cür misallarda da “-an” şəkilçisini ümumi zaman şəkilçisi kimi səciyyələndirmək məcburiyyətində qalırlar.
Televerilişlərdən nümunə: “Gələn il keçirilən buraxılış imtahanlarında yeniliklər tətbiq olunacaq”. Düzgün variant “keçiriləcək” şəklində olmalıdır.
Sintaktik normalar bütün sintaktik konstruksiyaların, ayrı-ayrı söz birləşmələrinin, eləcə də bütöv cümlələrin düzgün qurulmasını və işlədilməsini müəyyənləşdirir. Buraya cümlələrin ölçüsü, söz sırası, mübtəda ilə xəbərin uzlaşması, həmcins üzvlərin verilməsi kimi məsələlər daxildir. Bunları sıra ilə nəzərdən keçirək.
1. Cümlələrin ölçüsü
Telejurnalist sözü verilişin xarakterinə görə seçməlidir. Burada ilk tələb mətbuata və radioya nisbətən televiziyada sözün sayının az, sanbalının yüksək olması, görüntünü tamamlaması, kameranın nüfuz edə bilmədiyi daxili, “səhnəarxası” informasiyanın mətnini tamaşaçıya çatdırmasıdır. Həmin tələbi bilməyən televiziya jurnalisti ona ayrılmış efir vaxtını doldurmaq üçün təkrarçılığa, sözçülüyə yol verir, lüzumsuz (görüntünü ehtiyac olmadan təkrarlayan), uzun-uzadı cümlələrlə tamaşaçını bezikdirir.
Ümumiyyətlə, media üslubu uzun cümlələri sevmir. Televiziyada isə buna qətiyyən yol vermək olmaz: “Şirkət direktorunun televiziyamızın sorğusuna cavab olaraq verdiyi məlumata görə, beynəlxalq yarmarka ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlər, o cümlədən qonşu ölkələrin iş adamlarının və digər mütəxəssislərin Bakıya gəlişi qüvvədə qalır”. Belə uzun cümləni tamaşaçıların dərhal anlayacağına ümid etmək çətindir.
2. Söz sırası
Ədəbi dilin başqa üslublarına nisbətən publisistika üslubu daha çevik olduğundan buradakı söz sırasını qrammatikanın sabit qaydalarına tam tabe etdirmək həmişə faydalı olmur. Jurnalist öz yazısını daxilən son dərəcə dinamik olan, bu günün ritmi ilə şərtlənən xüsusi model əsasında qurur. O həm məntiqi vurğu, həm söz sırası, həm də bir sıra başqa amilləri məhz bu dinamikliyin, ritmin tələblərinə uyğunlaşdırır. Bununla belə, jurnalist üslubunun dinamikliyi söz sırasını fikri təhrif edəcək dərəcədə sərbəst qurmağa haqq qazandıra bilməz.
Televiziya verilişlərinin birində belə bir cümlə vardı: “Aparılan qazıntılar nəticəsində bir ədəd çiy kərpicdən tikilən bina aşkar olunub”. Bu cümlə belə daha düzgün olardı: “Aparılmış qazıntılar nəticəsində çiy kərpicdən tikilmiş bir bina aşkar olunub”. Yaxud başqa bir misal: “Məndən çoxlu mamaya salam de”. Burada, təbii ki, “Məndən mamaya çoxlu salam de”.
3. Mübtəda ilə xəbərin uzlaşması
Cümlədə mübtəda ilə xəbərin kəmiyyətcə uzlaşmasının 4 qaydası var:
a) Mübtəda insan anlayışı bildirirsə, xəbər hökmən onunla uzlaşmalıdır: “Tələbələr imtahana hazırlaşırlar”;
b) Mübtəda heyvan anlayışı bildirirsə, baş üzvlər arasında kəmiyyətcə uzlaşma ola da bilər, olmaya da: “Köçəri quşlar uçub getdilər”, “Köçəri quşlar uçub getdi”. Hər iki variant doğrudur;
c) Mübtəda cansız əşya anlayışı bildirirsə, cümlənin xəbəri yalnız tək halda olur: “Yarpaqlar tökülüb”;
d) Mübtəda toplu isimlə (camaat, kollektiv, ordu və s.) ifadə olunubsa, cümlənin xəbəri yalnız tək halda olur: “Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirir”. Aparıcılar bu qaydalara da çox vaxt əməl etmirlər: “Amerika Birləşmiş Ştatlarının təyyarəçiləri İraq ərazisinə ümumilikdə 124 zərbə endirib” (doğru variant: endiriblər); “Zəngilanın 35 min nəfərlik əhalisi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar” (doğru variant: məskunlaşıb).
3. Həmcins üzvlər
Formal məntiqin bölgü (təsnifat) qaydası ilə qrammatikadakı həmcinslik kateqoriyası arasında birbaşa bağlılıq var: yəni cümlənin həmcins üzvləri də məntiqi bölgünün tələblərinə cavab verməli, mütənasib olmalıdır; bölgü üzvlərinin cəmi bölünən topluya tən gəlməlidir; onların birindəki əsas əlamət başqalarında təkrarlanmamalıdır.
Təəssüf ki, bəzi verilişlərdə, mətbuat yazılarında bu qaydaya əməl olunmur: “Dəyirmi masa”da alimlər, ziyalılar, siyasi partiya rəhbərləri iştirak edirdilər”, “Bu məqamda müxalif və ziyalı millət vəkillərinin vasitəçiliyi qaçılmaz və gərəkli olur”. Birinci cümlədən belə çıxır ki, alimlər, ziyalılar və siyasi partiya rəhbərləri ayrı-ayrı kateqoriyalara daxil olan insanlardır. Halbuki alimlər də, siyasi partiya rəhbərləri də ziyalı kateqoriyasına daxildirlər və siyasi partiya rəhbərləri də alim ola bilərlər. İkinci cümlədə də eyni hal müşahidə olunur – guya, müxalifətdən olan millət vəkilləri ziyalı deyillər, yaxud əksinə, ziyalılar müxalifətdə ola bilməzlər.
Göründüyü kimi, telekanallarda, eləcə də qəzet-jurnallarda və digər çap məhsullarında qrammatik (morfoloji və sintaktik) normaların pozulması halları, ilk növbədə, bəzi aparıcıların və yazarların ümummədəni səviyyələrinin aşağı olması, dərsliklərdə və lüğətlərdə əksini tapmış qayda və tələbləri lazımi dərəcədə bilməmələri ilə bağlıdırsa, digər tərəfdən, bəzi məsələlərin dilçilik elmimizdə tam dəqiqləşdirilməməsindən irəli gəlir.
Nəsir ƏHMƏDLİ,
filologiya üzrə elmlər doktoru,
BDU-nun professoru,
Əməkdar jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.