Nəsillərə örnək ömür yolu

Bakı Ali Partiya Məktəbində (indi Dövlət İdarəçilik Akademiyası) işlədiyim vaxtlarda ara-sıra kafedramızın, Azərbaycan KP MK-nın üzvü, “Azərbaycan Kommunisti” və “Kommunist Azərbayjana” jurnallarının baş redaktoru, professor İbrahim Müslümovun dəfələrlə  qonağı olan Nadir müəllim yadımda səmimi bir insan, maraqlı bir ziyalı kimi qalmışdı. Nadir müəllim onda tanıdığım ilk dövlət quluqçusu idi ki, adının çəkilməsi belə yasaq edilən ADR-in qurucuları haqqında həvəslə danışardı…

 İndi isə Nailə Nadir atasına həsr etdiyi “Səninlə danışmaq…” kitabında  uzun illər rəhbər partiya işlərındə çalışmış dəyərli ziyalı, ictimai-siyasi xadim Nadir Balakişiyevdən şeir dili ilə söhbət  açır. Daha doğrusu,  atasının xatirəsinə həsr olunmuş kitab, həm də Nadir müəllimin mənalı ömrünə bələdçilk edir. Memarlıq Universitetinin tələbəsi, nəvə Nadir Fərəcullayevin kitaba çəkdiyi illüstrasiyalar köhnə Bakı tikililərinin, onun külək və yağışının, İcərişəhərin dar, daş küçələrinin, Dağüstü parkda hansısa bir işıq dirəyinin ağ vərəqdə qara rənglə çəkilmiş epizodik illüstrasiyaları uzaq xatirələri yada salmaqla, həm də  işığı ilə şeirləri tamamlyır. Hətta bunlar Bakını çox sevən, İcərişəhərin hər daşını qoruyan, vaxtilə bu qoruğun rəhbəri olan bir ziyalını– Nadir müəllimi də yada salır...

Sovetlər dönəminin  yetirdiyi ziyalılarmızdan olan Nadir Balakişiyev 1930-cu il fevralın 2-də  Abşeronun  məşhur kəndlərindən olan Novxanıda dünyaya göz açmışdı.  Əslən novxanılı olan Ağadayı Əbdülsalam oğlunun ailəsinin ilk övladı olan Nadirin uşaqlıq və gənclik illəri daha çox Bakı ilə bağlı olmuşdur. 171 saylı məktəbi də burada fərqlənmə ilə bitirmişdir. Rüstəm və Maqsud İbrahimbəyovlar, Cəfər Vəliyev, Dadaş Asanov, Bayram Tahirbəyov kimi  məşhur  insanlarla bir məktəbdə təhsil alan Nadir onlarla təkcə qonşu yox, həm də yaxın dost olmuşdu. Yadımdadır ki, ilk dəfə Bakı Ali Partiya Məktəbinə də o sonradan daxili işlər naziri işləyən Cəfər Vəliyevlə gəlmişdi...

Ailə üzvüləri, o çümlədən  atası Ağadayı və anası  Kübra xanım da ilkilərinin həkim olmasını istəyirdilər. Ola bilsin ki, bu arzunun kökündə  Ağadayının böyük qardaşı,  məşhur professor-anatom kimi tanınan Kamil Balakişiyevin, yaxud da  ailə şəcərəsində həm ana, həm də ata tərəfdən çox məşhur həkimlərin olması  dayanırdı. Amma Nadir həyatının  mənasını başqa sahədə görməkdə idi. Bəlkə buna görə də məktəbi fərqlənmə ilə bitirdikdən  sonra  valideynlərini narazı salmasın deyə, sənədlərini Tibb İnstitutuna verir, amma  imtahandan "kəsilir”.  Sonra isə  Neft və Kimya İnstitutunda qəbul imtahanlarından uğurla çıxaraq, həmin ali məktəbin energetika fakültəsinə qəbul edilir.

Birinci kursu başa vurmamış atasını itirir. Ailənin maddi ehtiyaclarının ödənilməsi də o vaxtdan onun çiyinlərinə düşür. Bu barədə atasından eşitdiyi xatirələri bizimlə bölüşən BDU-nin kafedra müdüri Elmira xanım deyir:

 -- Atam danışırdı ki, bir dəfə tələbə təqaüdünü alan günün axşamı dostlarla yığışdıq, evə səhərə yaxın, saat 4-5 radələrində döndüm. Mətbəximizin işığı yanırdı, anam yatmamışdı. Fikirləşdim ki, yəqin məni gözləyir, geç gəlməyimdən narahat olub. Amma içəri geçəndə gördüm ki, “peraşki” bişirir. Dedi ki, evdə yeməyə bir şey yoxdur, qardaşım Qabilin və bacım Böyükxanımın səhər məktəbə ac getməməsi üçün tezdən durub “peraşki”  bişirəsi oldum... Düzü, bir söz deməsəm də,  bu söz məni çox tütmuşdu: axı son qəpiyinə kimi dostlara xərclədiyim təqaüdün 3-4 manatını saxlayıb səhər yeməyi üçün nəsə ala bilərdim. Anam da bir söz demədi, əksinə xoş bir nəvazişlə gedib yatmağımı təkid etdi.

Elmira xanım deyir ki, atam bu hadisəni elə kövrək hisslərlə danışardi ki, sanki o anı yenidən yaşayırdı. Deyərdi ki, mən bu hadisədən sonra zəhmətin, halalığın nə olduğunu daha dərindən anladım...

Ailənin problemlərinə dəstək olmaq üçün tələbəlik illərindən əmək fəaliyyətinə başlayır, müəssisələrin birində mühəndis-energetik vəzifəsinə işə düzəlir. 1953-cü ildə institutu bitirəndən sonra  Dövlət Xalq Nəzarəti Komitəsində işə götürülür. Bu, Nadir müəllimin həyatında yeni bir dövrün başlanğıcı olur. Az bir zamanda fərdi keyfiyyətləri, istedadlı təşkilarçılıq qabiliyyəti onu bacarıqlı işçi kimi tanıdır. Bu keyfiyyətləri Azərbaycan SSR  Xalq Nəzarəti Komitəsinin sədri H.Əfəndiyevin nəzərindən yayınmır, daha irəli çəkilməsinə imkan yaradır. 1961-ci ilin yanvarında Mərkəzi Komitənin təşkilat işi şöbəsində məsul təşkilatçı vəzifəsinə təyin edilir.

Bu,  Nadir müəllimin həyatında yeni bir addım olsa da,  bu təyinatdan bir il sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundovla görüşünü həyatının yeni mərhələsi adlandırırdı: “32 yaşım vardı. Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovun qəbuluna dəvət olundum. Çox həyacanlı idim, amma Vəli müəllimin xeyirxah təbbəssümü və qayğılı münasibəti  tez bir zamanda bu həyacanımı yox etdi. Eşitdiklərim və mənə olan böyuk etimad bir yuxuya bənzəyirdi, amma həqiqət idi: büronun qərarı ilə Sumqayıta işləməyə göndərilirsən, birinci katib vəzifəsinə. Onun bu son sözləri indi də qulaqlarımdadır. Bu hadisə 1962-ci il oktyabrın 18-də baş verdi. Vəli müəllim Sumqayıt şəhər fəalları qarşısında çıxış etdi, mövcud problemlərdən danışdı. Sonra məni təqdim elədi. Həmin vaxt zalda əyləşənlərdən biri sual etdi ki, bu vəzifə üçün Balakişiyev çox gənc deyilmi? Vəli müəllimin cavabı cox yığcam oldu: Gənc şəhərin gənc də rəhbəri olmalıdır...”

Uzun illər Sumqayıtda partiya-sovet işlərində çalışan həmyerlim Vaqif Qasımov Nadir müəllimin bu şəhərdə işlədiyi vaxtları gənc şəhərin yüksəliş illəri kimi dəyərləndirir. O, deyir ki,  Sumqayıt Kamran Hüseynov, Zülfü Haçıyev kimi rəhbərlərin dövründə çiçəklənmə dövrlərini yaşayıb. Bu sırada 1962-ci ildən birinci katib vəzifəsində işləyən  Nadir müəllimin də adı mütləq çəkilməlidir. On ilə yaxın Sumqayıta rəhbərlik edən gənc kadr  bütün həyatını bu şəhərlə bağlamışdı. Onun dövründə şəhərdə sosial obyektlərin tikintisinə xüsüsi önəm verilmişdi. 

Sumqayıtın sosial-iqtisadi həyatı 60-cı illərdə böyük quruculuq işləri ilə yadda qalan olmuşdur. Bu dövrdə şəhərin kimya və metallurgiya sənayesinin inkişafı fonunda sosial təyinatlı obyektlərə də ciddi ehtiyac vardı. Yeni birinci katib ilk gündən bu məsələni xüsusi nəzarətə götürdü. Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə adına 20 min tamaşaçı tutan stadionu, 600 yerlik “Rusiya” (indi “Nizami”) kinoteatrı, rəssamlıq qalereyası, şəhər tarixi muzeyi, uşaq kitabxanası, çörək və süd zavodları, təzə balıq məmulatları üçün akvarium–hovuz, 500 çarpayılıq xəstəxana kompleksi, sənaye müəssisələrində 7 tibb məntəqəsi, Sumqayıt Dövlət Gənclər Teatrı, musiqi texnikumu, bir çox sanatoriyalar, pioner düşərgələri və s. kimi sosial obyektlərin gənclər şəhərində istifadəyə verilməsi Nadir müəllimin fəaliyyət dövrünə düşür.

Sumqayıt Nadir Balakişiyevin yaradıcı fəaliyətinin ən önəmli və məhsuldar dövrü olmaqla, həm də şəxsi həyatında da silinməz işlər qoymuşdur.  Azərbaycan SSR Ali Sovetinin deputatı, 1964-cü ildə Azərbaycan KP MK-ya üzvü seçilib. 1966-cı ildə Azərbaycan nümayəndə heyətinin tərkibində Sov.İKP XXIII qurultayında iştirak edib. Göstərdiyi  xidmətlərə görə  Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilib. Taleyinin 10 ilə yaxın bir dövrünü bu şəhərlə bağlayan Nadir müəllim sonralar da Sumqayıtla əlaqəsini kəsməmiş, bu sənaye şəhərinin zəhmətsevər sakinləri ilə daim ünsiyyətdə olmuşdur.

1971-ci ildə o, Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi təyin olunub. 1978-1990-cı illərdə energetika sahəsində ixtisası üzrə işləyib. 1991-ci ildə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru təyin edilib və 1997-ci ilədək bu vəzifədə çalışıb. 

 İndi atalarının şərəfli həyat yoluna işıq salan övladlardan ikisi müəllim, biri isə həkimdir. 2004-cü il mayın 26-da həyatdan köcən Nadir müəllimin işıqlı xatirələrdə yaşayan ömrü isə davam edir. Bu ömrü onun qədirbilən övladları ilə yanaşı, nəvə-nəticələri, bir də ondan yadigar qalan xeyirxah əməlləri yaşatmaqdadır.

Namiq QƏDİMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında