Azərbaycan ifaçılıq sənətinin korifeylərindən olan Şövkət xanım Ələkbərovanın mahnılarını bu gün də dinləyəndə adam, sankı, səsin sehri ilə ovsunlanır. Onun nəğmələrində Azərbaycanımızın milli ruhu yaşayır. Bu səsdə qəribə bir doğmalıq var. Bu səs torpağımız, dağlarımız, çaylarımız qədər bizə əzizdir. Onun bal kimi şirin, saf, ürəklərə sirayət edən səsindən doymaq olmur. Dünyanı heyrətə gətirən muğamlarımızı ifa edəndə isə onun istedadına heyran qalırsan. Ömrünün sonuna kimi səsi bulaq suyu kimi təmiz qaldı. Oxudu, Azərbaycanımızı öz bənzərsiz səsi ilə tərənnüm etdi, sevdirdi...
Şövkət xanımın həyat hekayəti haqqında geniş danışmaq fikrində deyilik, sadəcə, sənəti ilə bağlı bəzi məqamları oxucularla bölüşmək istədik.
Şövkət Ələkbərova 1922-ci ilin payızında Bakıda dünyaya göz açıb. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə fəaliyyətinə başlayıb. Bir müddət Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, 1945-ci ildən isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Müğənni 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edə bilib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova “Qarabağ şikəstəsi”ni ifa edib, müsabiqənin yekununda Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub.
Məlahətli, yumşaq tembrli səsi ilə fərqlənən Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, dərin emosionallıq və lirizm xüsusilə səciyyəvi idi. Məharətli improvizasiya ustalığı isə onun muğam yaradıcılığının əsas xüsusiyyətlərindəndir.
Xalq artisti Şahnaz Haşımova: “Şövkət xanım hərtərəfli müğənni, xanəndə idi. Elə ifaçı var ki, bir janrı sevir, ona üstünlük verir, kənara çıxmır. Ancaq Şövkət xanım istər xanəndə, istərsə də mahnı ifaçısı kimi kifayət qədər uğur qazanıb. Görkəmli sənətkarımız Niyazinin dirijorluğu ilə “Qaragilə” xalq mahnısı simfonik orkestrın müşayiətilə böyük ustalıqla ifa etməsi də bunu bir daha təsdiq edir”.
Şövkət xanımın yaradıcılığında 50-ci illər xüsusilə məhsuldar olub. Bu illər ərzində sənətkar xalq və bəstəkar mahnılarının bir nömrəli ifaçısı kimi tanınıb. “Qatar”, “Şahnaz”, “Segah” muğamlarını, “Qarabağ şikəstəsi”, “Ay qadası”, “Kürdün gözəli”, “Bir könül sındırmışam” və digər mahnıları özünəməxsus tərzdə ifa edib və onlara, sözün əsl mənasında, yeni nəfəs gətiririb.
O, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edib.
Şövkət Ələkbərova son dərəcə güclü bir şəxsiyyət idi. Onun həyat yolu heç də hamar olmamışdı. Həyatın onun qarşısına çıxardığı faciələr – həyat yoldaşı Lətif Səfərovun qəfil dəhşətli ölümü, qızı Natellanın ağır xəstəlikdən sonra həyatdan vaxtsız köçməsi bir qadının çiyinləri üçün qaldırılası yük deyildi. Məhz qızı Natellanın ölümü Şövkət xanımın səhhətini xüsusilə ağırlaşdırdı. Amma xəstəliyinin ağırlığına baxmayaraq, 1990-cı il yanvarın 20-də Almaniyada müalicədə olan Şövkət xanım son qüvvəsini toplayaraq, xalqına yardım göndərmək məqsədilə oradakı Azərbaycan cəmiyyətinin təşkil etdiyi xeyriyyə konsertlərində çıxış etdi. Müğənni iki gün dalbadal yataqdan qalxıb səhnəyə çıxdı. Bunu ancaq güclü şəxsiyyət edə bilərdi.
1993-cü il fevral ayının 7-də Azərbaycan qəlbi nəğmələrlə yoğrulan bir övladını, Şövkət Ələkbərovanı itirdi... Amma biz Şövkət xanımın dünyadan köçməsindən geniş söz açmayacağıq, çünki tarixdə öz yerini tutmuş bu nadir şəxsiyyət bizim üçün, xalqımız üçün, Şövkət sənətinin bütün dünyada olan pərəstişkarları üçün daima sağdır ...
Şövkət xanımın səhnələrdə üstünə yağan çiçəklər, alqışlar, xalq sevgisi onu ölməzlik zirvəsinə ucaltmışdı. Dövlət təltifləri də kifayət qədər idi. 1954-cü ildə Azərbaycanın Əməkdar artisti, 1959-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdü.
Azərabaycan radio və televiziyasının qızıl fondunda Şövkət xanımın yarım əsr ərzində oxuduğu misilsiz sənət nümunələri saxlanılır. İnanmaq istərdik ki, musiqi tariximizin bu inciləri qayğıkeşliklə qorunub gələcək nəsillərə ötürüləcək.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.