“Elm və din” kitabının təqdimatı

Yeni nəşrlər

Bakı Slavyan Universitetinin prorektoru, professor, Rusiya Pedoqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Rafiq Novruzovun Maksim Tank adına Belarus Dövlət Universitetinin professoru Anatoli Girutski ilə birgə yazdığı və Moskvanın məşhur “Flinta” nəşriyyatı tərəfindən çap edilmiş “Elm və din” adlı (rus dilində) kitabın təqdimatı olub. Kitab humanitar ixtisaslar üzrə təhsil alan tələbələr, o cümlədən, digər elm sahələrində-fizika, riyaziyyat, biologiya, teologiya və s. çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

Təqdimatı Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva açaraq kitabda dinlərin tarixindən, fəlsəfi əsaslarından, İslamın Allah tərəfindən bəşəriyyətə bir töhfə olaraq göndərilməsindən danışıb. O, bir çox Qərb ölkələrində yayılmış islamafobiyanın əslində heç bir əsasının olmadığını, İslamın dünyanın ən tolerant dinlərindən biri olduğunu diqqətə çatdırıb. Rektor kitabda Allah sevgisinin insanları düz yola çəkməsinin, İslamın sülh və barış dini olmasının real həyati faktlar və nümunələrlə izah edildiyini qeyd edib. N.Əliyeva sovet dönəmində, totalitar rejimin hər şeyi nəzarətdə saxladığı zamanda belə Azərbaycan xalqının öz dini inancından, əqidəsindən dönmədiyini vurğulayıb, bu inamın və əqidənin bütün zamanlarda azərbaycanlıların əxlaq və davranışını müəyyən etdiyini deyib.

Natiq “Elm və din” kitabının Azərbaycan xalqının dini təsəvvürlərinin bütün tarixi mərhələlərinə işıq saldığını, dinin fəlsəfi mahiyyətini ciddi elmi əsaslarla şərh etdiyini bildirib. N.Əliyeva Rafiq Novruzovun dilçi, ədəbiyyatçı olmaqla bərabər, həm də görkəmli bir filosof kimi tanındığını, bu əsərdə mütləq həqiqət, dünya, yaradılış barədə yeni yanaşma ortaya qoyduğunu vurğulayıb. O, R.Novruzovun bütün dinlərin vahid kökə malik olması barədə fikirlərinin Quran həqiqəti ilə üst-üstə düşdüyünü bir daha qeyd edib.

Filologiya üzrə elmlər doktoru, professor Rüstəm Kamal “Elm və din” kitabının son dərəcə aktual bir mövzuya-dinin insan həyatındakı yerinə, cism və ruh məsələsinin fəlsəfi əsaslar üzərində şərhinə həsr olunduğunu diqqətə çatdırıb. O, kitabdan gətirdiyi tezislər əsasında insan “Mən”inin birbaşa mənəviyyat və mütləq həqiqətə bağlı olması barədə qənaətlərini auditoriya ilə bölüşüb. R. Kamal deyib: “Dörd yüz on altı səhifədən ibarət olan kitabda dini və elmi həqiqətlər barədə fundmental təsəvvürlər bir ümumi modeldə birləşdirilib. Kitabda eyni zamanda teologiyada və elmdə ikili həqiqətlər nəzəriyyəsi nəzərdən keçirilib, humanitar və təbii biliklər əsasında mütləq həqiqət rasional şəkildə əsaslandırılıb.

R.Kamal çıxışının davamında bütün dinlərin birinci məqsədinin insanın kamilliyə gedən yolunu işıqlandırılmaq olduğunu deyib. Müəllifin qarşısına son dərəcə mürəkkəb vəzifə qoyduğunu bildirən professor R.Kamal kitabdakı fikirlərin həm filosoflar, həm də ilahiyyatçı alimlər üçün maraqlı olacağını bildirib.

Tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Əsgər Əhməd kitabın dərslikdən daha çox, bir tədqiqat əsəri olmasını vurğulayıb. O, kitabda sakral mətnlərin kulturoloji aspekti barədə müəllifin tanınmış alimlərlə polemikaya girməsini və mövcud nəzəriyyələrə münasibətdə yeni mövqe sərgiləməsini əsərin ən uğurlu cəhətlərindən biri kimi dəyərləndirib. Ə. Əhməd sakral mətnlərin interpretasiyasında əsas məqamın məhz ilahi ruhun qorunması olduğunu bildirib. Əsərin ən böyük əhəmiyyəti Allahın dərkində yeni biliklərdən istifadə perspektivlərinin nəzərə alınmasıdır.

BSU-nun prorektoru, filologiya üzrə fəlsəfə doktoru Xanım Sultanova çıxışında əsərin linqivistik xüsusiyyətlərindən, multikultural dəyərləri əsaslandıran ideya-məzmun keyfiyyətindən danışıb. O, kitabda şərh olunan dünya ruhu barədə nəzəriyyənin insanları ayırmadığını, əksinə, onları bir-birinə daha da yaxınlaşdırdığını qeyd edib.

Sonda əsərin müəllifi, professor Rafiq Novruzov çıxış edərək kitabın ərsəyə gəlməsi və nəşri barədə ətraflı məlumat verib.

 M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında