Ankarada Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olundu

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə 2017- ci il TÜRKSOY tərəfindən “Molla Pənah Vaqif ili” elan olunmuşdur. Bu məqsədlə Türkiyə Milli Kitabxanasında beynəlxalq elmi konfrans və Azərbaycan Milli Kitabxanasının fonduna məxsus olan, şairin əsərlərindən ibarət kitab sərgisi təşkil olunmuşdur. Tədbir çərçivəsində, həmçinin “Molla Pənah Vaqifin şeirləri dünya dillərində”, “N.Cəfərov. Molla Pənah Vaqif”, “Molla Pənah Vaqif. Biblioqrafiya” kitablarının təqdimatı olmuşdur.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayma, Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın müşaviri, keçmiş mədəniyyət və turizm naziri Yalçın Topçu və digər ziyalıların müşayiəti ilə tədbir iştirakçıları şairin zəngin həyat və yaradıcılığını əks etdirən, Azərbaycan Milli Kitabxanasının qızıl fondunda qorunan kitabların sərgisi ilə tanış olublar.

TÜRKSOY baş katibinin müavini Fırat Purtaş tədbir iştirakçılarına “Molla Pənah Vaqif ili” ilə əlaqədar keçirilən tədbirlərdən danışmışdır.

Hüseyn Yayma çıxış edərək mədəni tədbirlərin daha çox təşkil edilməsinin vacibliyini bildirmiş və bu sahədə TÜRKSOY-un üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etmişdir.

Yalçın Topçu çıxış edərək işğal olunmuş və türk dünyasının mədəniyyət beşiyi olan Şuşada şairi anmağı Allahdan bizə nəsib etməsini arzulamış, Qarabağın tamlığını, hürriyyətini diləmişdir.

Əbülfəs Qarayev çıxışında türk dünyasının bu tədbirə qatılan bütün nümayəndələrini salamlamış, tədbirin keçirilməsinə görə TÜRKSOY-a Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə və ev sahibliyinə görə Türkiyə Milli Kitabxanasına minnətdarlığını bildirmişdir. Şair haqqında danışan nazir M.P.Vaqif zirvəsinin yüksəkliyini, dahi şəxsiyyətin müxtəlif sahələrdə fəaliyyət göstərdiyini, onun yeni istiqamət açaraq milli ədəbiyyatımızda xüsusi iz qoyduğunu vurğulamış, şairin yaradıcılığının həmişə diqqət mərkəzində olduğunu və dövlət qayğısı ilə əhatə edildiyini bildirərək, hələ 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Şuşada M.P.Vaqifin məqbərəsinin ucaldıldığını qeyd etmişdir. Bu gün onun uyuduğu torpağın bədnam qonşularımızın işğalı altında olmasının bizim üçün böyük narahatlıq doğurduğunu, şairin məzarının dağıdıldığını qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vaqifin, Ü.Hacıbəylinin, Bülbülün və daha neçə-neçə dahi sənətkarlarımızın yubileylərinin Qarabağ torpağında qeyd ediləcəyini inamla bildirmişdir.

Konfransda Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, Dünya Yazıçılar və Ziyalılar Dərnəyinin direktoru Osman Baş, yazıçı-tədqiqatçı Songül Dündar Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək M.P.Vaqifin yaradıcılığından, şairin yaradıcı irsinin tədqiqindən  söhbət açmışlar.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında