“Azərbaycan ailəsi-2017” IX film festivalının qalibləri mükafatlandırılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Heydər Əliyev Fondunun və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan ailəsi-2017” IX film festivalına yekun vurulub.

Bu münasibətlə noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində dövlət qurumları nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirakı ilə festivalın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə əvvəlcə festivala təqdim olunmuş film və fotolardan ibarət videoçarx nümayiş etdirilib. Məlumat verilib ki, “Azərbaycan ailəsi” film festivalına 2009-cu ildən start verilib. Artıq üçüncü ildir ki, film festivalı çərçivəsində “Həyatdan şəklə” adlı fotomüsabiqə də keçirilir. Təqdim olunan işlər Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.

AQUPDK-nın sədri Hicran Hüseynova tədbirdə çıxış edərək deyib ki, “Azərbaycan ailəsi” film festivalına ötən 9 il ərzində yerli rejissorlarla yanaşı, xarici rejissorlar da öz ekran əsərlərini təqdim ediblər, hətta festivalın xüsusi mükafatlarına layiq görülüblər. Bu isə festivalın beynəlxalq nüfuz qazanmasının göstəricisidir. Komitə sədri bildirib ki, layihənin keçirilməsində məqsəd, ilk növbədə, ailə dəyərlərinin qorunması istiqamətində maarifləndirmə işinin daha da gücləndirilməsidir: “Bir tərəfdən biz uğurlu ailələri, nümunəvi ailə modellərini təbliğ edirik. Digər tərəfdən isə bu sahədə mövcud problemləri bədii obrazlar vasitəsilə insanlara göstəririk. İkincisi, yaradıcılığa yeni başlayan və təhsil alan rejissorlar üçün ailədaxili məsələlərin bədii formada çatdırılması metodları öyrədilir. Üçüncüsü, təqdim edilən bütün filmlərdən məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə, hərbi hissələrində apardığımız maarifləndirmə işlərində istifadə olunur. Ona görə də festivala qatılan heç bir namizəd uduzmur, əsas məsələ iştirak etməkdir. Çünki təqdim edilən bütün filmlər komitənin maarifləndirmə işlərində istifadə olunur”.

Hicran Hüseynova qeyd edib ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət ailə siyasəti bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. İmzalanan sərəncamlar və təsdiq edilən dövlət proqramları, həyata keçirilən sosial layihələr hər bir vətəndaşımızın maraqlarının və hüquqlarının maksimum dərəcədə müdafiəsinə yönəlib. Bu isə ailələrimizin həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev bildirib ki, builki festival  BMT ilə Azərbaycanın əməkdaşlığının 25 illiyinə təsadüf edir. Azərbaycanda ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə davam etdirilir. Hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur. F.Babayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini deyib.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və digərləri çıxış edərək cəmiyyətdə ailə institutunun və mənəvi dəyərlərin qorunmasında, eləcə də milli kino sənətimizin təbliği və inkişafında festivalın əhəmiyyətini qeyd ediblər.

Çıxış edənlər bu sahədə AQUPDK-nın fəaliyyətini yüksək qiymətləndiriblər. Festivalın yüksək səviyyədə təşkilinə görə komitənin rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Tədbirdə tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilib.

Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2017” IX film festivalının və “Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında