Nar – həyat, gözəllik, məhəbbət rəmzi

Nar Günəşi sevən, Günəşdən nur içib, od saçan torpağımızın əvəzsiz nemətidir. Onda həyat şirəsi, ürək, könül qaynarlığı var. Bu maddi nemət canlı varlıq kimi həyatın başlanğıcı, yaradıcısı olan “dünya ağacı” hesab edilmişdir. Bəllidir ki, “dünya ağacı”nın insanlara cavanlıq, uzunömürlülük bəxş edən, həyat verən Tanrı sayılması bir sıra qədim xalqların mifoloji təfəkküründə və folklorunda geniş yayılmışdır.  Narın şəfa mənbəyi, məhsuldarlıq və həyat nişanəsi sayılması, nəsil-soy artıran meyvə kimi müqəddəs hesab olunması və ona sitayiş edilməsi bütün türk xalqlarının, o sıradan da Azərbaycan türklərinin həyat və məişətində, həmçinin folklorunda və mifik görüşlərində geniş yer tutur. Ulu türkün düşüncəsində cənnət nişanəsi olan nar həm də gözəllik, məhəbbət, sevgi simvoludur, insanlara həyat  bəxş edən nemətdir.  Təsadüfi  deyil ki, nar ağacının, onun meyvəsinin, taca oxşar çiçəyinin rəsminin ən çox istifadə olunduğu yer Azərbaycandır.

Əsatir və əfsanələrimizdə, eləcə də nağıllarımızda, dastanlarımızda, aşıq-ozan söyləmələrində narın dirilik, artım və bolluq rəmzi olmasına dair istənilən qədər örnək göstərmək olar. El aşıqları və şairləri narı qoşduqları nəğmələrə bəzək etmiş, onu sirr saxlayan, ilqarından dönməz kimi tərənnüm etmişlər. Nar və onun gül-çiçəyinin, yarpağının rəsmi orta əsr miniatürlərində, təsviri sənət nümunələrində, milli xalçalarda, toxuculuqda, qız-gəlinlərin geyimlərində, bədii tikmələrdə, qab-qacaq bəzəklərində həm təbii, həm də stilizə edilmiş şəkildə naxışlanmışdır.

Azərbaycanın nar bağları ilə məşhur olan kəndlərində belə bir adət var. Ata-analar yeni qurulan ailənin dünyaya göz açan ilk qız övladlarına çox vaxt Nargilə, Gülnar, Narınc, Narxanım, Nargül, Nardanə, Gülnarə adlarını qoyurlar. Görünür, bu adların özü də elə narın müqəddəsliyinə işarə olaraq yaranmışdır. İndi bu adları daşıyan nə qədər ismətli ana-nənələrimiz, qız-gəlinlərimiz var.

Azərbaycan xalq məişətində narla bağlı bir sıra inam, etiqad, ayin, sınama, mərasim, həmçinin nəğmə, deyim və atalar sözləri mövcuddur. Xalq təbiblərinin fikrincə, nar və onun şirəsi loğmandır, təbibdir, dərdlərin dərmanıdır. Bütün bunlar xalqımızın çoxəsirlik tarixi, mədəniyyəti ilə bağlıdır. Təbiət və cəmiyyət hadisələrinə münasibətinin, dünyagörüşünün, empirik bilik və təcrübəsinin yekunudur.

Tarixi qaynaqlara əsaslanan tədqiqatçılar Azərbaycanın əksər bölgələrində bağçılığın – meyvəçiliyin inkişaf etdiyini, əhalinin təsərrüfat və məişət həyatında əhəmiyyətli yer tutduğunu qeyd edirlər. Araşdırmalar, xüsusilə arxeoloji tədqiqatlar nəticəsində Azərbaycan ərazisindən bağçılığa aid əldə edilən tapıntıların ən qədim nümunələri bizim eramızdan əvvəl IV-III minilliklərə aiddir. Arxeoloji tapıntılar qədim zamanlardan başlayaraq Şirvan bölgəsində də bağçılığın geniş inkişaf etdiyini göstərir. Xüsusilə Qırlartəpə, Qalagah (İsmayıllı  rayonu) və digər abidələrdə aparılan arxeoloji tədqiqatlar zamanı çoxlu sayda yanmış üzüm tumlarının qalıqlarının tapılması, Qəbələnin bizim eranın VIII-XIII əsrlərinə aid mədəni təbəqəsindən isə qoz, fındıq, nar, alma, armud, ərik, xurma və digər meyvə qalıqlarına, üzüm, zoğal, alça, ərik, şaftalı çərdəklərinə təsadüf edilməsi bu coğrafiyada bağçılığın geniş inkişaf etdiyini söyləməyə əsas verir. Bununla əlaqədar el-obada belə bir bayatı da yayılmışdır:

Şirvanın şirin narı,

Turş narı, şirin narı.

Sovqatın şirin olsun,

Göndərin bizim payı.

Hazırda yurdumuzun bütün regionlarında – kəndlərdə, bağlarda, bir sözlə, hər yerdə nar ağacları yetişdirilir. Lakin mövcud faktik materiallara əsasən qeyd etmək olar ki, Şirvanın bir parçası olan Göyçayda nar ağacları daha bol olmuş, ildən-ilə, əsrdən-əsrə inkişaf etmiş, təkmilləşmişdir. Quru subtropik ərazidə yerləşdiyinə, iqlim-torpaq şəraitinin rəngarəngliyi və zənginliyinə görə Göyçay qiymətli nar növlərinin yetişdirildiyi mərkəz kimi qəbul edilmişdir. Burada demək olar ki, nar ağacı olmayan bağ-bağat, həyət tapmaq çətindir.

Hazırda Göyçayda sosial-iqtisadi inkişaf davamlı xarakter almışdır. Rayon üçün ənənəvi sayılan və iqtisadi cəhətdən faydalı olan bağçılığın inkişafına böyük əhəmiyyət verilir. Yeri gəlmişkən qeyd edək ki, son illər Göyçay şəhəri daha da gözəlləşir, quruculuq-abadlıq işləri görülür. Yeni-yeni abidələr, binalar ucaldıqca ətrafını yaşıllıqlar bürüyür, istirahət guşələri salınır və bu rayona gələn hər bir turisti, təbiətşünası və digər qonaqları valeh edir. Bütövlükdə rayonun sosial-iqtisadi yüksəlişinə hamılıqla sevinməyə dəyər.

Məhsul bolluğu, bərəkət ətri aləmi başına götürür, bağ-bağat tükənməz nemətlərlə xonçalanır, aşıb-daşır. Narlar budaqlarda asım-asım olur, hərəsi də bir rəngdə, bir lətafətdə, al-qırmızı. Sanki ağacların budaqlarına Günəşin nuru “yağıb”. Elə ki, elin sərvəti, varı-dövləti bağlardan, əkin sahələrindən daşınıb qurtarır, ürək arxayınlaşır. Uğurla başa çatan məhsul yığımı rahatlıq, xoş əhvali-ruhiyyə gətirir. El-oba zəhmət qələbəsinin təntənəsinə çıxır. Bu münasibətlə bayram edilir. Buna şirinlik, bol nemət mərasimi, ilboyu çəkilən əməyin bayramı da deyirlər.

Tarixi qaynaqlardan məlum olur ki, məişətə daxil olan bu bayramın ilk yaranışı insanların təbiəti ilahiləşdirdiyi çox qədim dövrlərə aiddir. Bu mərasimin meydana gəlməsini əkinçiliyin-bağçılığın ömrünə bərabər qədim tarixlə də bağlayırlar. Nar meyvəsi bu şənliyin bar-bərəkət, bolluq rəmzi kimi qəbul edilmişdir. Bu qəbildən olan əmək bayramları son illər yenidən dəbə düşübdür. Ölkəmizin müxtəlif rayon və şəhərlərində qeyd edilən ayrı-ayrı istehsalat xarakterli bayramlar xalq adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, yeni sosial-mənəvi məzmun da kəsb edir. Belə bayramların əsas məqsədi milli sərvətimiz olan maddi-mənəvi irsimizin həm ölkə daxilində, həm də beynəlxalq miqyasda tanıdılmasına, gənc nəslin tariximizə, keçmişimizə hörmət və məhəbbət ruhunda yetişməsinə kömək edir. Eyni zamanda, bu bayramların təntənəli şəkildə keçirilməsi iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatların daha uğurla həyata keçirilməsinə, ayrı-ayrı bölgələrimizin, kənd və qəsəbələrimizin həmin islahatların müəyyən bir subyektinə çevrilməsinə və milli gəlirlərin formalaşmasına, həyat tərzimizin və mədəniyyətimizin mühüm atributlarından olan turizmin inkişafına yardımçıdır. Bu, həmçinin iqtisadi,  ictimai əhəmiyyəti ilə yanaşı, əsl mənada məişətlə bağlı el şənliklərinə, ümumxalq sevincinə çevrilir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra özünəməxsusluğu ilə seçilən Göyçayda – bu qədim diyarda yeni bir ənənənin təməli qoyuldu. İndi ilin son aylarına təsadüf edilən ərəfədə nar bayramı keçirilir. “Nar bayramı” ilk dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 2006-cı il noyabrın 3-də keçirildi və o vaxtdan bəri hər il böyük fərəh və sevinc hissi ilə qeyd olunur. Həmin təntənələrin narçılığın daha geniş yayıldığı ərazidə – Göyçayda qeyd edilməzi heç də təsadüfi deyil. Belə ki, Göyçay narının sorağı Azərbaycanın hüdudlarını adlayaraq, çox-çox uzaqlara yayılmış, dünyada tanınaraq “əsl Azərbaycan narları” üçün sinonimə çevrilmişdir. Göyçay narının əla dadı və dəyişməz keyfiyyətinin sirri dünyanın heç bir yerində tapılmayan unikal mikroiqlimin mövcudluğu və rayonun torpaq tərkibidir.

Narçılıq təsərrüfatının əsasını xalq seleksiyası vasitəsilə yüz illər ərzində yaradılmış yerli nar növləri təşkil edir. Gülöyşə, Balamürsəl, Vələs, Qırmızıqabıq, Nazikqabıq, Şahnar, Qırmızı mələz, Ağşirin və s. narlar yüzillərin təcrübəsinin nəticəsi olaraq meydana gəlmişdir. Çətin ki, bu torpağın bağbanının əməyinin, ağlının, təcrübəsinin məhsulu olan Güleyşənin, Şahnarın – şahlara layiq nar meyvəsinin tayı-bərabəri tapılsın. Son illər Göyçayın 32 kəndində nar bağlarının salınmasına böyük diqqət verilir. Göyçayın nar emalı müəssisələri ilbəil imkanlarını genişləndirir, daha çox nar şirəsi istehsal edərək xarici bazarlara çıxırlar. “Az Nar” QSC-nin şirə emalı zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zellandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir.

Nar bayramı Göyçay şəhərinin geniş bir meydanında camaatla birgə keçirilir. Bolluq, məhsuldarlıq rəmzi kimi böyük tabaq içərisində nar meyvələri, ətrafı gül çiçəklə, nar ağacı yarpaqları ilə bəzədilərək meydanın başında qoyurlar. Meydanda, eyni zamanda, rayonun ayrı-ayrı kəndlərində yetişdirilən və ilboyu zəhmət bahasına hasilə gətirilmiş məhsulların sərgisi təşkil olunur. Hər tərəfdə düzüm-düzüm xonçalar, səbət-səbət nar. İnsanlara sağlamlıq və gümrahlıq gətirən rəngbərəng qablardakı növbənöv nar şirələri, şərbətlər, sərinləşdirici içkilər, xoşab (kompot), nardansa, narşərab. Bütün bunlar Göyçay nemətləridir.

Bayramda hamı sevinclə, fərəhlə bir-birinə gözaydınlığı verir, bir-birini təbrik edir, el alqışlarına üz tuturlar: Bayramınız mübarək, neçə belə bəhərlər görəsən!Bərəkətli olsun, şirin ömür sürəsən! Məhsulunuz, barınız bol olsun!

Şənliyə el ağsaqqalları, ahıllar, əmək və döyüş veteranları, cavanlar, uşaqlar yığışır. Hamı da zövqlə tikilmiş al-əlvan geyimdə. El bayramında iştirak etmək üçün qonşu rayonların təsərrüffat qabaqcılları, yarış qalibləri, ictimai fəallar və digər qonaq-qara da dəvət olunur. Hər tərəf fərəhlə, sevinclə dolur, gül-çiçəklə, şüarlarla bəzədilir, hamı bayramın başlanmasını səbirsizliklə gözləyir. Meydanın ortasında tonqal qalanır. Hər tərəf nura, od-alova bürünür. Elimizdə-obamızda belə deyim var: “Nur olan yerdə xeyir-bərəkət də, həyat da, qələbə də, gözəllik də olar”.

Bayram təntənəsində kütləvi el şənliyinin qəhrəmanı, bolluq rəmzi, məhsuldarlıq nişanəsi kimi “Nar şahzadəsi” meydana daxil olur. Əynində nar meyvəsinə oxşar al-qırmızı rəngli don, başında narın gül-çiçəyinə oxşar odlu-qırmızılı tac. Qənirsiz dərəcədə gözəl olan “Nar şahzadəsi” al-qırmızı narın şəninə şeir söyləyir, el alqışlarına üz tutur, gələnləri, qonaqları salamlayır, xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət arzulayır. Bu yerdə ustad sənətkar Aşıq Ələsgərin misraları yada düşür:

Camalın göyçəkdir bayram ayından,

Baxan doymaz qamətindən, boyundan.

Küçələrdə, meydanlarda, hər bir evdə bayram xonçasında ən görkəmli yeri nar meyvəsi tutur. Adətə görə, meyvələrin ilk barından xonça bağlanır, təmtəraqla oğlan evindən qız evinə göndərilir. 80 yaşlı Göyçay sakini Narxanım nənə söylədi ki, keçmişlərdə də belə idi. Nişanlı oğlanların qız evinə apardıqları səbət-səbət meyvə sovqatına novbarlıq, bağbaşı deyərlər. Nübar-nübarlıqdan qohum-qonşuya da paylanırdı. Bir-birinə “min-min belə nübara çatasınız!” – sözləri deyilərdi. Belə söyləyirlər ki, meyvənin nübarını yeyən adamın ürəyindən keçən dilək tezliklə hasil olar. Gül vaxtı isə iri bir dəstə bağlayıb nübargül aparardılar.

Bayram zamanı bir sıra yarışlar, oyun və əyləncələr keçirilir, idmançıların, bədii özfəaliyyət kollektivlərinin çıxışları qarşılanır. Gah bu, gah da digər yerlərdə əl-ələ tutub rəqs edir, qədim mahnılar oxunur:

Narımı tökdüm tasa,

Yarım düşdü tas-tasa.

Dərdimi yara deyim,

Bəlkə yar qulaq asa

Nar, nar, Nargilə,

Gəlin gedək yargilə

 * * *

Ay bağında nar ağacı,

Narın nə göyçəkdir.

Ay gülü çiçəklərin tacı

Narın nə göyçəkdir.

Nar, nar, Nargilə,

Gəlin gedək yargilə.

Digər bir yerdə isə bayatı çağırar, qalanları isə bayatının sonunda:

“Bu bağların yaylağı var, qarı var,
Bağçaların heyvası var, nar var”.

– misralarını təkrarlayaraq, əl çala-çala rəqs edirlər. El sənətkarları qara zurnalara güc gəlir, qədim cəngi havası çalınır.

Xüsusilə gənclər arasında bir növ yarış kimi keçirilən naryemə və narsıxma oyun-əyləncəsi diqqəti cəlb edir. Bu yarışların ən vacib şərtləri var: narı kəsib axıradək elə yeməlisən ki, yerə bir giləsi də düşməsin. Və yaxud narı elə sıxmalısan ki, bu zaman yerə bir damcı da düşməməlidir. Bu yarışa hakimlər – rayonun hörmətli təsərrüfat rəhbərləri, bağbanlar nəzarət edirlər. Bu əməliyyatı tez yerinə yetirən qalib sayılır və mükafatlandırılır.

Bayramda qonaqlar – ziyalılar, təsərrüfat rəhbərləri çıxış edir, bölgə əhalisinə xoş arzularını bildirirlər. Ağsaqqallar həyati təcrübələrindən, ömür tarixçələrindən söhbət açır, Vətənə, ata-anaya məhəbbət, övladlıq borcu, torpağın qədrini bilməyi, bir sözlə, yaşarı el adətlərini, nəcib əməlləri göz bəbəyi kimi qoruyub gələcək nəsillərə çatdırmağı aşılayırlar.

Bu bayramda əhali arasında müsbət keyfiyyətlər təbliğ edilir, doğma torpağa, həyat nemətlərinə, yaşıllıqlara, ağaclara qayğı və məhəbbət, təbiətə, ətraf mühitə qarşı diqqətli  olmaq tövsiyə olunur.

Bayram günlərində, bir qayda olaraq, şəhərin küçələrində abadlıq işləri aparılır, yollar təmizlənir, hər yerdə səliqə-sahman yaradılır. Hər bir ailə üzvünün adına ağac əkilir. Belə ki, hələ qədim zamanlardan bağ salmaq, yaşıllıq yaratmaq ata-babalarımızın adəti olub. Nar ağacı əkmək bolluq, şirin həyat, mehribanlıq nişanəsi hesab edilib.

Ümumiyyətlə, nar bayramı inkişafımıza, milli-mənəvi dəyərlərimizə xidmət edən nə varsa, hamısını özündə əks etdirir.

Tofiq Babayev,
tarix üzrə fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında