“Ürəklər al-al deyir” şüarı ilə paytaxtımızın ikinci dəfə ev sahibliyi etdiyi Bakı ticarət festivalı alış-veriş həvəskarlarına əsl bayram əhval-ruhiyyəsi yaşadır. Xüsusi endirim və kampaniyaların keçirilməsi, ƏDV-dən azadolunma isə bu bayramı daha da unudulmaz edir. Artıq ənənəyə çevrilən Bakı Şopinq Festivalı öz möhtəşəmliyi ilə diqqət çəkir. Bakının Şərqlə Qərbin qovuşduğu məkanda yerləşməsi, mükəmməl coğrafi mövqeyə malik olması, qədim tarix və zəngin mədəniyyətimiz isə bu festivala turistlərin marağını daha da artırır.
Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən keçirilən festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Ölkəmizdə bu cür festivalların keçirilməsi sözügedən sərəncamda və ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.
Bu festival Qafqazda və Orta Asiyada ilk belə təcrübədir. Bakı Şopinq Festivalı ilə əlaqədər Azərbaycana çoxlu sayda turist gəlib. Dünya təcrübəsi göstərir ki, ənənəvi şopinq festivalları turizmin inkişafına, xaricdən turist axınının artmasına müsbət təsir göstərir. Budəfəki ticarət festivalında əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da dünya təcrübəsində bir ilk olan “Tax free” sistemindən istifadə etmək imkanı qazanıblar. Festival günlərində 100 manatlıq və daha çox alış-veriş edən şəxslər əlavə dəyər vergisinin qaytarılması sistemindən yararlana bilirlər. Müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları Bakıda yerləşən mağazalardan xüsusi kampaniya və endirimlərlə əldə edirlər. Həmçinin festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin keçirilməsi alış-veriş bayramını daha da rəngarəng edir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın ilk günündə məlumat verərək bildirib ki, I və II şopinq festivalları arasında həm mövsüm, həm də təbliğat baxımından müəyyən fərqlər var. İkinci Şopinq Festivalı Azərbaycana turist axınını stimullaşdırır: “Birinci Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək keçirilib. Onunla müqayisədə ikinci festivalın iştirakçılarının sayı xeyli artıb. Əgər birinci festivalda tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33 idisə, budəfəki festivalda 111 -dir. Bu da üç dəfə artım deməkdir. Ötən festivalda əlavə dəyər vergisini cəmi 72 şirkət qaytarmışdı. Budəfəki festivalda isə 467 müəssisə əlavə dəyər vergisini qaytarır. Festivalda ümumilikdə 578 müəssisə iştirak edir. Festival cəlbedici təkliflər və genişmiqyaslı təbliğat vasitəsilə ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov ikinci Şopinq Festivalına ölkəmizdə böyük maraq olduğuna toxundu. Şöbə müdiri tədbir çərçivəsində xüsusi mükafatlar təsis edilməsi məsələsindən danışarkən qeyd etdi ki, festival iştirakçıları arasında lotereyalar, hədiyyələr təşkil olunur. İştirakçılar təşkilatçılar tərəfindən quraşdırılmış xüsusi guşəyə yaxınlaşıb bu imkanlardan yararlana bilərlər.
O, əlavə etdi ki, növbəti festivallarda ölkəmizə üz tutan turistlər üçün xüsusi imtiyaz kartının hazırlanması da nəzərdə tutulur . Festivalların daha da yüksək səviyyədə təşkili üçün digər ölkələrin təcrübəsi öyrənilir. Turistlər üçün xüsusi imtiyaz kartlarının təşkili turizm sahəsində canlanma yaradacaq. Turistlər mehmanxanalarda, restoranlarda, bir sözlə, iaşə obyektlərində bu kartın imkanlarından istifadə edə biləcəklər. Kartlardan istifadə edən turistlər müxtəlif endirimlər əldə edəcəklər.
Bu gün regionun güclü dövlətinə çevrilə, multikultural dəyərlərə sahib olmaqla yanaşı, öz milli adət-ənənələrinə önəm verən Azərbaycan belə layihələrlə həm də tarixini, mədəniyyətini təbliğ edir. Bu gün dünya Vətənimizi qədimliklə müasirliyin vəhdət təşkil etdiyi , dinamik inkişafda olan tolerant bir ölkə kimi tanıyır və sevir.
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.