Nakam ömrün izi ilə

Yeni nəşrlər

Qarşımda bir kitab var. Mərhum sənətşünas alim Nigar Bakıxanovaya həsr olunmuş “Ömrün səhifələri” adlı bu kitabı vərəqlədikcə, gənc alimin axtarışlarla dolu həyatı və yaradıcılığı gözlərimiz qarşısında canlanır. Kitabın tərtibçisi-redaktoru akademik İsa Həbibbəylidir. Əməkdar jurnalist İttifaq Mirzəbəylinin yazdığı geniş ön söz əslində Nigar xanımın yaradıcı ömrünə əhatəli bir baxışdır.

Burada qeyd olunur ki, ali təhsil diplomu aldıqdan sonra cəmi 13 il yaşamışdı. Bu qısa müddətdə filologiya elmləri namizədi elmi dərəcəsini almağa, beynəlxalq konfranslarda rus, ərəb, ingilis və Azərbaycan dillərində çoxsaylı mühazirələr oxumağa, cəmiyyət həyatının müxtəlif sahələrinə aid kitablar ərsəyə gətirməyə müvəffəq olmuşdu. Onlar “İngiliscə-ərəbcə- azərbaycanca iqtisadi terminlər lüğəti” və “Rusca-azərbaycanca-ərəbcə müxtəsər diplomatik və siyasi terminlər lüğəti” kitabları idi.

Nigar xanım Misir ədəbiyyatı, Fələstin teatrı, ərəb filologiyası mövzularında mükəmməl elmi məqalələr yazmış, ərəbdilli xalqların şair və yazıçılarından çoxsaylı tərcümələr etmişdir.

Bu istedadlı sənətşünas – alim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişdi. Amma ərəb dilini mükəmməl bilməsi onun ərəbşünaslığa daha çox meyil göstərməsinə imkan yaratmışdı. AMEA-nın Sərqşünaslıq İnstitutunun direktoru, akademik Ziya Bünyadov Nigar xanımı bu institutun dissertantı olmağa dəvət etmişdi.

Tale onu burada görkəmli şərqşünas alim Aida xanım İmanquliyeva ilə qarşılaşdırmışdır. “Misir yazıçısı Əhməd Şövqinin dramaturgiyası” adlı dissertasiyasının elmi rəhbəri də Aida xanım olmuşdu. Teatr mütəxəssisinin ərəb ədəbiyyatını orijinaldan oxuyaraq, dəyərli bir namizədlik dissertasiyası yazması Aida İmanquliyevanı çox sevindirmişdi.

Şərqşünas alim, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva da bu gənc alimin yaradıcılığını yüksək qiymətləndirirdi: “Nigarın gələcəyə böyük planları vardı. O, artıq doktorluq mövzusu haqqında düşünürdü. Kim bilir, ömür vəfa etsəydi, bu istedadlı, çalışqan gənc alimin qələmindən hələ neçə-neçə əsər çıxardı. Min heyif ki, belə olmadı. Nigar həyatının və yaradıcılığının ən çiçəklənən dövründə bizdən ayrıldı”.

 Biz burada Higar xanımın tərcümeyi- halı ilə də tanış oluruq. O, Bakıxanovlar nəslinin görkəmli nümayəndəsi, görkəmli bəstəkar Tofiq Bakıxanovun qızı idi. Kitaba daxil edilmiş T. Bakıxanov “Qızım Nigara həsr ediləcək sözlərim çoxdur” başlıqlı yazısında Nigar xanımın fitri istedad shibi olduğu, hələ uşaqlıq illərindən musiqi xadimlərinin diqqətini xüsusilə cəlb etdiyini vurğulayır. Burada qeyd olunur ki, onun istedadı təkcə musiqi sahəsi ilə məhdudlaşmırdı, eyni zamanda, rəssamlıqla da məşğul olurdu. Bibisi, tanınmış pianoçu Zivər xanım Bakıxanovanın portretini çox həvəslə çəkmişdi.

Tofiq müəllimin “ Beşinci simfoniya”sı da Nigar xanıma həsr olunmuşdu. Bu simfoniyanı o, göz yaşları içərisində yazmışdı. Elə “Günəş”, “Nigar”, “Qurban olduğum” mahnılarını da Tofiq müəllim öz qızına həsr etmişdi.

Kitabda verilmiş “Nigar Bakıxanovanın yaradıcılığı kitablarda”, “Alimin ədəbiyyat və teatr haqqında mətbuatda verilmiş elmi məqalələri”, “Yarımçıq tale barədə yazılmış məqalələr, xatirələr və ürək sözləri” bölmələrində Nigar xanımın həyat və yaradıcılığı ilə bağlı çox maraqlı məqamlar əks olunmuşdur.

Kitab iki dildə tərtib olunmuşdur. Burada həm Azərbaycan, həm də rus dillərində olan materiallar verilmişdir.

Nigar Bakıxanovanın dayısı, Əməkdar incəsənət xadimi , şair- tərcüməçi, Prezident təqaüdçüsü Siyavuş Məmmədzadənin ona həsr etdiyi şeirləri də həyəcansız oxumaq mümkün deyil. Elə kitabdakı rusdilli materialların da redaktoru S. Məmmədzadədir.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında