Genetik kodlarla yaddaşa ötürülən sevgi əbədi yaşayır

Türkiyədə Azərbaycanın müstəqilliyinin bərpasının ildönümünə həsr olunmuş tədbir keçirilib

İl–1991, ay–oktyabr, gün–18.  O zamandan 26 il keçsə də həmin gün millət müstəqilliyin şərbətini təkrar  və əbədi daddığına görə indiyədək hər il xatırlanır və heç vaxt unudulmayacaq. Həmin gün millətə müstəqillik, azadlıq, bəxtiyarlıq bəxş edildi. Xalqımız da bu hədiyyənin dəyərini, qiymətini, əvəzsizliyini və özəlliyini 26 ildir ki, sevə-sevə yaşayır.

Hər il oktyabr ayı bizi ötən əsrin 91-ci ilinə, ondan da 70 il öncəyə aparır. Uğursuzluqla uğurun təzadına səyahət edirik. Birinə xəyalən, digərinə yaddaşımızı vərəqləyərək...  Biz  91-ci illərin şahidləriyik. Əvəzsiz qazancımız üçün itirdiyimiz şəhidlər, onların canı- qanı bahasına əldə etdiyimiz uğurlar və nəhayət, müstəqillik, özgürlük...

Oktyabr ayı müstəqilliyimizin təntənəsi ayıdır. İllərdən bəri bu günün bayram olaraq qeyd edilməsi xalqımıza nə qədər sevinc bəxş edir, fərəhləndirir. Müstəqil dövlətin vətəndaşı olmaqdan qürur duyuruq. Əldə edilən bu azadlığın, müstəqilliyin qardaş ölkədə xatırlanaraq qeyd edilməsi, həmin günün şərəfinə möhtəşəm tədbir təşkil edilməsi isə Azərbaycana olan böyük sevgi və hörmətin misilsiz təsdiqidir. Ötən həftə Türkiyənin Manisa şəhərində, Cəlal Bayar Universitetinin  Süleyman Dəmirəl Mədəniyyət Mərkəzində reallaşdırılan tədbir möhtəşəmliyi ilə hələ uzun müddət xatırlanacaq. Qeyd edək ki, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri və jurnalistlərdən ibarət  20 nəfərlik Azərbaycan nümayəndə heyətinin qatıldığı tədbirə qəlbində əbədi Türkiyə–Azərbaycan sevdası yaşadanlar toplaşmışdı.  

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi,TİKA, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasya), Şahzadələr Bələdiyyəsi və Kredit Yurdlar Qurumu, Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Manisa şöbəsi (TDED), Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbir “Azərbaycanın müstəqillik həftəsi“ çərçivəsində  “Türk dünyasında iz qoyanlar” adı ilə reallaşdı.

TDED Manisa şöbəsinin rəhbəri, Manisadan millət vəkili Səlcuq Özdağ tədbiri açaraq qonaqları salamladı. Azərbaycanın dövlət himni səslənəndə zaldakılar  ayaq üstə, əllərində hər iki ölkənin bayrağı, dillərində dilimizin şirin himni bu səsə qoşuldular. Yaşlı, uşaq, gənc–hamı bir nəfər kimi himnin sədalarına varmışdı. Bu hissi o anda  yaşamayan duya bilməz. Hamı oxuyurdu, ifadan gözləri dolan kim, həyəcandan titrəyən kim?... “Canımı sənə qurban demişəm, Ey gözüm, canım, Azərbaycanım”! Himn bitər -bitməz zalı sürəkli alqış sədaları altında  “Azərbaycan–Türkiyə”  uğultusu başına aldı. Tədbir iştirakçıları Türkiyənin dövlət marşı səslənəndə də zala eyni coşqu yaşatdılar.

Səlcuq Özdağ çıxış edərək bu cür ortaq mədəniyyət tədbirlərinin əhəmiyyətini vurğuladı.  Tarixə səyahət edərək ilk cümhuriyyət dövrünü, süquta uğrayan müstəqilliyimizi xatırlatdı. Azərbaycanda qurulan  ilk demokratik respublikanın düçar olduğu uğursuzluğun səbəblərindən söz açdı. Qardaş  Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da olacağını alqışlar altında bəyan etdi.  Azərbaycan və Türkiyənin ortaq fikirli, yetərincə tanınmış şairləri Bəxtiyar Vahabzadənin və Abdurrahim Karakoçun Vətənin özgürlüyünü, dərdlərini, müstəqillik yolunda çəkdikləri ağrı-acıları  əks etdirən şeirlərindən nümunələr söylədi. “Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadə kimdirsə, dilinizə, millətinizə ölkənin müstəqilliyi yolunda mücadilədə onun hansı xidmətləri varsa, Türkiyə üçün  Abdurrahim Karakoç odur,”–dedi.

Səlcuq Özdağı səhnədə Adanadan millət vəkili Necdet Ünüvar əvəz etdi.  Çıxışına Azərbaycana olan böyük sevgi etirafı ilə başlayan  N. Ünüvar zaman-zaman xalqların milli mübarizəsində millətin səsi, sözü olan, onun  dərdlərini öz yaradıcılıqlarında anladan, həqiqətən tarixdə iz qoyan şairlərin  rolunu yüksək qiymətləndirdi.  Millət vəkili “şairlər sussa, millət də susar”, – deyərək  Azərbaycan və Türkiyənin  dostluq və qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu vurğuladı və hər iki şairin Vətən üçün yazdığı şeirlərindən nümunələr təqdim etdi.

Milli Məclisin deputatı, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva alqışlar altında səhnəyə qalxdı. Qeyd edim ki, zalda əyləşənlər arasında özlərinin etirafına görə, məhz Qənirə xanımla görüşmək arzusu ilə tədbirə qatılanlar da vardı. O çıxış edərək, Azərbaycanın müstəqilliyini bərpa etməsinin 26-cı ildönümünə həsr olunmuş “Türk dünyasında iz buraxanlar” adlı tədbirin təşkilini yüksək dəyərləndirdi. Azərbaycanın müsəlman Şərqində ilk demokratik cümhuriyyət olaraq, müstəqilliyini bəyan edən ölkə olduğunu deyən deputat xalqımızın XX əsrin əvvəllərində keçdiyi şərəfli və çətin mübarizə yolundan danışdı. Bildirdi ki,  70 il sovet imperiyası qadağalarına baxmayaraq, şair və yazıçılarımız hər zaman milli kökünə və dəyərlərinə bağlı oldular. Ötən illərdə əqidəsinə, dilinə görə bir çoxları “pantürkist” damğası ilə qətlə yetirildilər, sürgün edildilər. Buna baxmayaraq, hər zaman şairlər, yazıçılar, ziyalılar xalqın milli ruhunun oyanmasında mühüm rol oynadılar.  Qənirə xanımın türk dünyası ədəbiyyatının iki görkəmli ismi– Abdurrahim Karakoç və Bəxtiyar Vahabzadənin yaradıcılığından səsləndirdiyi şeirlər dəfələrlə alqışlarla qarşılandı. O, Bəxtiyar Vahabzadənin bütün yaradıcılığında Azərbaycan türkcəsinə sevgisini, tariximizə olan məhəbbətini onun şeirlərindən, xüsusilə də “Gülüstan” poemasından gətirdiyi nümunələrlə tədbir iştirakçılarına çatdırdı. Qeyd etdi ki, bu cür ortaq mədəniyyət tədbirləri türk dünyası tarixində mühüm rol oynayan görkəmli şəxsiyyətlərimizi daha yaxından tanımağa, gənc nəslə tanıtmağa şərait yaradır.

Qənirə Paşayeva çıxışıında “Türkiyə nə qədər güclənərsə, bu Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənərsə, bu Türkiyənin və bütün türk dünyasının gücüdür”,– dedi və türk dünyasının gücünü onun birliyində gördüyünü vurğuladı. Qeyd etdi ki, türklərin özlərinə məxsus olana sahiblənməyi bu birliyi daha da qüvvətləndirir və  bu birlik sayəsində əl-ələ verərək  Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş  torpaqlarını da işğaldan azad edəcəyik: “Mən inanıram ki, biz belə gözəl gecələri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Laçında və digər o gözəl torpaqlarda keçirəcəyik. Bölgədə Azərbaycan və Türkiyəyə qarşı, türk toplumlarına qarşı böyük güclərin ədalətsizliyinə, oyunlarına qarşı ən yaxşı mübarizə birlikdir və birliyimizi daha da gücləndirməliyik”.

Azərbaycan–Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Necdət Ünüvar, millət vəkilləri Selcuk Özdağ, Sefer Ayhan Üstün, Manisa valisi Mustafa Hakan Güvençer,  sabiq Ailə və Sosial Politikalar Bakanı Səma Ramazanoğlu, Manisanın bir sıra bələdiyyə rəhbərləri ilə birlikdə  EkoAvrasiya dərnəyinin rəhbəri Hikmet Eren Q. Paşayevaya “Türk Dünyasına Xidmət” ödülünü təqdim etdi. O, Q.Paşayevanın türk dünyası, mədəniyyəti, ədəbiyyatı və sənətinə  xidmətlərindən, harada yaşamasından asılı olmayaraq türk insanına dəstəyindən, türk dövlət və toplumlarının beynəlxalq arenalarda haqlarının müdafiəsi istiqamətində addımlarından dolayı bu mükafata layiq görüldüyünü bildirdi.  

Belə bir mükafatın ona təqdim olunmasını Azərbaycana olan diqqət və sevginin göstəricisi olduğunu söyləyən Q. Paşayeva bütün təşkilatçılara təşəkkür etdi. O, bu mükafatın çox böyük dəyər daşıdığını dedi. Bildirdi ki, bu mükafatı duyğu, düşüncə və əməlləri ilə türk gəncliyinə böyük örnək olan, yol göstərən türk dünyasının böyük dövlət adamlarını, liderlərini, ziyalılarını rəhmət və hörmət ilə anaraq, onların ruhları qarşısında baş əyərək qəbul edir.

Söz Azərbaycan incəsənət ustalarına veriləndə zal alqış səslərindən titrədi. Bir faktı qeyd edim ki, Süleyman Dəmirəl Mədəniyyət Mərkəzi Bakıdakı Muğam Mərkəzini xatırlatsa da, tamaşaçı tutumuna görə xeyli böyükdür.  Zalda geri dönüb baxanda tamaşaçıdan çox bayraq görünürdü. Elə bil tamaşaçıların üstünə bayraqdan dalğalanan örtük salınmışdı. Respublikanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların, gənc müğənni Ramal İsrafilovun ifalarında Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş mahnılar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Bacıların ifa etdikləri “Azərbaycan—Türkiyə” mahnısını səslərini səsə qatan zaldakılar ayağa qalxaraq alqışlar altında oxudular. Türklərin hər bir ifaya xüsusi diqqəti, hər mahnıya  ilıq münasibəti, hər ifaçıya rəğbəti bütövlükdə Türkiyənin qardaş Azərbaycana münasibəti idi. Gənc ifaçı Leyla Qasımovanın ifasında “Mehribanım” mahnısı şirinliyi, həzinliyi ilə tamaşaçıları lirik ovqata köklədi.

Azərbaycan musiqiçiləri səhnəni Abdulla Qurbaninin rəhbərlik etdiyi Türkiyə orkestri ilə paylaşırdı. Türkiyəli sənətçilər Seher Çağatay, Recai Nuri Kadiroğlu, Alper Kıraç, Çiydem Birdalın ifasında Abdurrahim Karakoçun şeirlərinə bəstələnmiş mahnılar da gecəyə ayrı bir rəng qatdı. Tamaşaçılar hər ifanı alqışlarla qarşılayır, sözlərini bildikləri mahnıları salonda oxuyurdular.

Müğənnilərdən sonra səhnə şairlərə verildi: Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı, Cığatel İsaqızı və Avrasiya Yazarlar Birliyinin rəhbəri İmdat Avşarın bu gecənin fəxri qonaqları–Abdurrahim Karakoç və Bəxtiyar Vahabzadəyə həsr etdikləri şeirlər tamaşaçıların qəlbini oxşadı.

Konsertin akkordunu  dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsəri olan “Çırpınırdı Qara dəniz” mahnısı vurdu. Mahnı böyük coşğu ilə Türkiyə və Azərbaycan  bayraqlarının dalğalandırılması ilə səsləndirildi. EkoAvrasya dərnəyinin rəhbəri Hikmət Eren və Manisadan millət vəkili, TDED Manisa şöbəsinin rəhbəri Səlcuq Özdağın imzaladıqları təşəkkürnamələrin tədbirin sonunda səhnəyə dəvət edilən şair və jurnalistlərə təqdim edilməsi də diqqət nümunəsi idi.

... O gecə başqa gecə idi. Tədbir başlanandan sona qədər həyəcan hissi bizi tərk etmədi. Həmin gecə qardaş sevgisinin, Azərbaycana olan böyük və əvəzsiz sevginin bir daha şahidi olduq. Himnimizi ayaq üstə, əllərində Azərbaycan və Türkiyə bayraqlarını yelləyərək oxuyan türk qardaşlarımızın bəxtiyarlığını üzlərindən, gözlərindən oxumaq olurdu. Bir həqiqət var ki, bu sevgini nə pulla, nə xahiş-minnətlə qazanmaq olur. Bu, içdən gələn, ürəkdən süzülən, genetik kodlarla yaddaşımıza ötürülən sevgidi ki, canımızda, qanımızda  əbədi yaşayacaq...

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”

Bakı-İstanbul-İzmir-Manisa-Bakı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında