Uca Allah varatdığı varlıqlara əsrarəngiz xüsusiyyətlər bəxş etmişdir. Yaradan Yer üzünün əşrəfi olan insana isə daha böyük keyfiyyətlər vermişdir. İnsanlar dünyaya fərd kimi gələrək, şəxsiyyət kimi formalaşıb kamillik məqamına ucalırlar. Bu yola isə müdrik, kamil insan yolu deyilərək, digərlərinə nümunə kimi göstərilir.
Həyatını elmə, təhsilə, təlim-tərbiyəyə həsr etmiş kamil insanlardan biri də, ömrünün müdriklik çağını yaşayan Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru, mülki hüquq kafedrasının müdiri Məhəbbət Dəmirçiyevadır.
1957-ci ilin noyabrın 10-da Qazax rayonunun Daş Salahlı kəndində dünyaya göz açan Məhəbbət xanımın atası kənddə və rayonda sayılıb-seçilən, nüfuz sahibi olan kişilərdən biri idi. Orta məktəbdə çalışqanlığı və gözüaçıqlığı ilə seçilən Məhəbbət xanım məktəbi bitirdikdən sonra atasının arzusu və özünün istəyi ilə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olur. 1976-1981-ci illərdə ADU-da təhsil alan Məhəbbət xanım universiteti bitirdikdən sonra təyinatla Türkmənistan SSR-in Nebet-Daq şəhərinə göndərilir. 1981-ci ildən 1987-ci ilədək gənc mütəxəssis kimi bu şəhərdə çalışır.
Məhəbbət xanımın hüquq elmininə olan marağı onu bu sahədə tədqiqatlar aparmağa sövq edir və o, Vətənə qayıdaraq, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində çalışmağa başlayır. Uzun illər ərzində elmin sirlərinə yiyələnmək üçün araşdırmalar aparır. Onun elmi işlərinin bir hissəsi ölkədən kənarda yerinə yetirilmişdir. O, 1996-cı ildə Tbilisi Dövlət Universitetində “Ailədə uşaqların tərbiyəsinin hüquqi və sosial problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, hüquq elmləri namizədi alimlik dərəcəsi alır.
Bundan sonra da elmi-pedaqoji fəaliyyətini uğurla davam etdirən Məhəbbət xanım ictimai-sosial fəaliyyətlə də ciddi məşğul olur. Əsas elmi-tədqiqat sahəsi ailə hüququ məsələləri olduğundan onu cəmiyyətdə hər kəs daha yaxşı tanıyır. O, mütəmadi olaraq mətbuatda, televiziya və radioda çıxışlar edərək, sadə vətəndaşların üzləşdikləri problemlərlə bağlı qanunvericiliklə tənzimlənən məsələlərdən danışır, ona ünvanlanan çoxsaylı suallara və problemlərə aydınlıq gətirir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində hər bir ailə, xüsusən də qadınların və uşaqların hüquqlarının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də digər dövlət qurumları ilə və ölkədə fəaliyyət göstərən QHT-lərlə birgə proqramlar hazırlayıb layihələr həyata keçirir. Bu tip layihələrin və proqramların həyata keçirilməsi zamanı hüquqi məsələlərdə, elmi mülahizələrdə daim öz kömək və məsləhətlərini əsirgəməyən professor Məhəbbət xanım Dəmirçiyeva hər zaman öz aktivliyi ilə fərqlənən alimlərdəndir.
O hər zaman övladlarına, tələbələrinə və yoldaşlarına bir şeyi yüksək formada anlatmağa çalışır: “Layiqli və ləyaqətli vətəndaş olmağı”. Ona görə də Məhəbbət xanımın bütün əməlləri, işləri, fəaliyyəti dövlətimizin inkişafına xidmət edən müasir düşüncəli, sağlam ruhlu, savadlı vətəndaşların yetişdirilməsinə yönəlmişdir. Bu yöndə müvafiq dövlət qurumları ilə sıx işləyən Məhəbbət xanımın bir çox təklifləri də nəzərə alınmışdır. Bu təkliflər, təbii ki, Məhəbbət xanımın elmi araşdırmaları sayəsində ortaya gəlmişdir. Ona görə də daim ömrünü elmi-pedaqoji fəaliyyətə, ictimai-sosial sferanın problemlərinin hüquqi həllinə həsr edən peşəkar hüquqşünas Məhəbbət xanım yenidən dissertasiya üzərində işləyərək, növbəti elmi ada iddialı olmuşdur. O, 2003-cü ildə yenə də Tbilisi Dövlət Universitetində “Azərbaycan Respublikasında nikah hüquq münasibətlərinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Onun aldığı hüquq elmləri doktoru diplomu 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur.
Hüquq elmləri doktoru, professor Məhəbbət xanım Dəmirçiyeva uzun illərdir ki, qocaman ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin mülki hüquq kafedrasının müdiri vəzifəsində çalışır. Onun “Mülki hüquq”, “Ailə hüququ”, “Mülki prosessual hüquq”, “Müqayisəli mülki prosessual hüquq”, “Ayrı-ayrı kateqoriya mülki işlərə baxılmasının prosessual xüsusiyyətləri”, “Subyektiv hüquqların məhkəmədə müdafiəsi” üzrə apardığı mühazirə və seminarlar tədqiqat işləri kimi 50-yə yaxın elmi, elmi-publisistik məqalənin, bir monoqrafiyanın, altı dərs vəsaitinin mövzusu olmuşdur. Onun yazdığı kitablardan hüquq fakültəsinin tələbələri, magistr, aspirant və müəllimləri tədrisdə geniş istifadə edirlər.
Ötkəm, mərd, məğrur xanım olan professor Məhəbbət Dəmirçiyeva bu gün də yüksək əhvalla, yorulmaq bilmədən elm, təhsil yolunda çalışır. Tələbələrinə hüquq elminin incəliklərini öyrədir. Cəmiyyətin təməl prinsiplərində bərqərar olan ailə institutunun formalaşmasında var qüvvəsi ilə çalışır. O, bütün varlığı ilə millətinə, dövlətinə bağlı bir alim kimi ömrün kamillik zirvəsinə doğru irəliləyir.
Yusif ALIYEV,
ADPU-nun elm və innovasiya şöbəsinin müdiri,
fizika elmləri üzrə fəlsəfə doktoru, dosent
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.