.Milli Kitabxanada ölkənin tanınmış ziyalılarının iştirakı ilə keçirilən təqdimat mərasimində akademik Nizami Cəfərovun “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının işıq üzü görməsi ədəbi-mədəni həyatımızın diqqətçəkən hadisəsi kimi dəyərləndirildi.
Mədəniyyət və Turizm Nazirliyinin Milli Kitabxana ilə birlikdə təşkil etdiyi mərasimə toplaşanlar ölkənin ən böyük bilik xəzinəsinin açıq səma altında fəaliyyət göstərən yeni qiraətxanası ilə tanış olduqdan sonra kitabxananın “Dəyirmi masa” salonunda çağdaş ədəbiyyatımızın aparıcı simalarından biri, görkəmli yazıçı-dramaturq və ədəbiyyatşünas Elçinin bütöv bir kitab rəfi təşkil edən çoxsaylı kitablarından ibarət ekspozisiyaya baxdılar. Elə buradaca Xalq yazıçısı Elçinin zəngin və dünyaca məşhur nəsr və səhnə əsərlərini akademik Nizami Cəfərovun mötəbər elmi araşdırma müstəvisinə çıxarmış “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabının yeni çap olunmuş nüsxələri onun ilk oxucularına təqdim olundu.
Mərasimi giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirdi ki, yeni işıq üzü görən, ədəbi-mədəni aləmdə hadisə olan kitabları geniş auditoriyaya təqdim etmək ənənəsinə sadiq qalan kollektiv bu gün iki görkəmli ziyalımızdan birinin o birinin yaradıcılığı barədə monoqrafiyasını da oxuculara eyni məram və meyarla yönləndirir.
Məclis iştirakçılarını salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın gündən-günə zənginləşən ictimai-mədəni həyatında bugünün sözünü-məramını kitab şəklində xalqımıza çatdıran, həm də gələcəyə ünvanlayan qiymətli nəşrlərin ərsəyə gəlməsinin də önəmini vurğuladı. Nazir qeyd etdi ki, Xalq yazıçısı Elçin Baş nazirin müavini kimi məsul və ağır dövlət vəzifəsini uğurla yerinə yetirməklə yanaşı, nadir bir məhsuldarlıqla bu gün də yaradıcılıq yolunu davam etdirir, yeni kitabları və dalbadal səhnələşdirilən pyesləri ilə pərəstişkarlarını sevindirir. Milli Məclisin deputatı, Atatürk Mərkəzinin rəhbəri, BDU-nun professoru, akademik Nizami Cəfərov elmi yaradıcılığını ictimai-pedaqoji fəaliyyəti ilə diqqətçəkən bir uğurla davam etdirir.
Əbülfəs Qarayev daha sonra bildirdi ki, bu gün böyük bir alimin – akademik Nizami Cəfərovun Xalq yazıçısı Elçin haqqında yazdığı bu kitab görkəmli nasir-dramaturqun ədəbi fəaliyyətinə verilən ən yüksək dəyərdir. Müəllif burada yazıçının irili-xırdalı əksər əsərlərini dərindən və genişliyi ilə araşdırmış, onun özünəməxsus yaradıcılıq yolunu sistemli təhlildən keçirmişdir. Təqdim etdiyimiz yeni kitab, əslində, bu iki tanınmış ədəbiyyat adamının xalqımıza birgə yaradıcılıq hesabatı kimi dəyərləndirmək olar.
Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Tehran Əlişanoğlu Nizami Cəfərovun “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabı barədə yığcam ədəbi-elmi məlumatla çıxış etdi. Ədəbiyyatşünas qeyd etdi ki, Elçin ədəbiyyatımızın canlı klassiklərindədir. Onun haqqında yazmaq, həm də müasir, çağdaş ədəbiyyat haqqında söz açan deməkdir. Bu monoqrafiyada yazıçının bütün yaradıcılığı əhatəli təhlil olunub və Elçinin bədii-estetik sənətkarlığına yeni kontekstdən yanaşılıb. Elçinin əsərlərinin öz ahəngi və ritmi var.
Alim bildirdi ki, akademik kitabda xalq yazıçısının yaradıcılığını 3 mərhələdə təhlil və təqdim edib: “altmışlardan yetmişlərə, səksənlərdən doxsanlara və klassikin müasirliyi” fəsillərində araşdırıb. XX əsrin görkəmli ədibi Mir Cəlal vaxtilə göstərmişdi ki, yazıçılıq Elçin üçün təkcə peşə deyil, daha çox amal məsələsidir. Yeni kitab Elçin yaradıcılığını bu yüksək qiymətin işığında incələyərək onun daim ali bir vətəndaşlıq amalından qaynaqlandığını bir daha sübuta yetirir.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca da yeni kitabı hər iki ictimai və ədəbiyyat xadiminin yaradıcılığının indiki səviyyəsini izləməyə, dəyərləndirməyə imkan verən orijinal bir nəşr kimi səciyyələndirdi. Buna görə də hər iki sənət dostunu təbrik edən şair onların yaradıcılıq axtarışlarının çağdaş ədəbiyyatsevərlər üçün maraqlı və gərəkli olduğunu söylədi. Xalq yazıçısının yaradıcılığına yaxından bələd olduğunu söyləyən şair Elçini peşəkar ədəbiyyatçı kimi dəyərləndirdi. O, akademik Nizami Cəfərovun ədəbiyyatşünaslığa dair ardıcıl araşdırmalarının da ədəbi-mədəni mühiti yönləndirən bir fəaliyyət olduğunu söylədi.
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud qeyd etdi ki, təqdim olunan kitab ədəbi nəzəriyyəçilik və ədəbi dilin işlədilməsi baxımından bənzərsiz bir yaradıcılıq məhsulu, akademik üslubdan uzaq yanaşma nümunəsi kimi diqqəti cəlb edir. Elçinin yaradıcılığı haqqında çox danışılıb. Onun yaradıcılığı həmişə müraciət edilməli və tədqiq olunmalı mənbədir.
Xalq şairi Nəriman Həsənzadə isə dedi ki, Elçin təkcə görkəmli yazıçı, ədəbiyyatşünas kimi deyil, həm də ictimai xadim kimi fəaliyyəti olan vətəndaş ziyalıdır. O, dünya səviyyəli bir yazıçı kimi çağdaş ədəbiyyatımızın bir çox uğurlarına müəlliflik edən ustad qələm sahibidir. Elçin yaradıcılığında hər bir tədqiqatçının faydalana biləcəyi kifayət qədər material var. Nizami Cəfərov bu zəngin ədəbi irsin fərdi xüsusiyyətlərini, ədəbiyyatımızdakı yerini və çəkisini akademik bir meyarla sistemləşdirib.
Daha sonra çağdaş ədəbi tənqidin tanınmış söz sahiblərindən olan professorlar Təhsin Mütəllibov, Cahangir Məmmədli, Buludxan Xəlilov, Rüstəm Kamal Nizami Cəfərovun “Elçin. Yazıçının yaradıcılıq yolu” kitabını ədəbiyyatşünaslığımızı zənginləşdirən ciddi tədqiqat əsəri kimi müxtəlif yönlərdən qiymətləndirdilər. Kitabdan hasil olunan qənaəti ifadə edən alimlər dedilər ki, Elçinin yaratdığı əsərlər öz aktuallığını heç vaxt itirməyib. Onun obrazları hər dövr üçün təsirlidir. Bu kitab bir daha bizə sevimli yazıçımızın ədəbi fəaliyyətini təhlil etməyə və onun yaradıcılığı haqqında düşünməyə istiqamət verir. Elçinin yaradıcılığı uzun illər çoxsaylı tədqiqat mövzusu olmuşdur. Yeni kitab bu silsilədə ən mükəmməl elmi araşdırmadır.
“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, ədəbiyyatşünas Nərgiz Cabbar, Misirin ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami yeni kitabdan Elçinin ədəbi-bədii yaradıcılığını və Nizami Cəfərovun ədəbi-elmi axtarışlarını mükəmməl səviyyədə əks etdirən mənbə kimi bəhs etdilər.
Mərasimdə bildirildi ki, Elçinin yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq yolu xalqımızın ədəbi-bədii sərvətinə çevrilib. Ədibin ayrı-ayrı əsərlərinə, yaradıcılıq yolunun ayrı-ayrı dövr və ya mərhələlərinə, eləcə də ümumi yaradıcılığına nəzər salan natiqlər qeyd etdilər ki, Elçin yazıçıdır, filoloq alimdir, publisistdir, ictimai və dövlət xadimidir. O, bu sahələrin hər birində böyük nüfuz qazanıb, amma özünün də dəfələrlə etiraf etdiyi kimi, ilk növbədə, yazıçıdır. Nizami Cəfərov belə bir zəngin yaradıcılıq yolunu günün yüksək meyarları baxımından nəzər salmaqla təqdim etməyi bacarıb.
Sonda söylənən dəyərli mülahizələrə, verilən yüksək qiymətə görə razılığını bildirən Nizami Cəfərov söylədi ki, tədqiqat zamanı Elçinin bütün əsərlərini yenidən mütaliə edib: “Kitab yazıçı Elçin haqqındadır. Mənim üçün maraqlı idi ki, görüm yazıçı özü haqqında nə deyib. Elçin Azərbaycanı dünya miqyasında təmsil edəcək ədiblərdəndir. Elçin, heç şübhəsiz, müasir Azərbaycan, eləcə də dünya ədəbiyyatının fenomenidir. Onun yarım əsrdən artıq bir dövrü əhatə edən zəngin yaradıcılıq yolu, əlbəttə, bir tədqiqatın və ya tədqiqatçının az-çox mükəmməl bir şəkildə əhatə edəcəyi miqyasdan çox-çox kənara çıxdığına görə, belə bir təsəvvür yaranmasın ki, bu kitabın müəllifi Elçinin yaradıçılıq yolunun bütün dövrlərini, mərhələlərini ideya-estetik təfsilatı ilə ehtiva etmək iddiasındadır”.
Akademik dedi ki, bu kitabı ərsəyə gətirməkdə əsas məqsəd ondan ibarət olmuşdur ki, böyük yazıçının yaradıcılıq yoluna ümumi bir nəzər salınmaqla, onun əsərləri yarandığı xronoloji ardıcıllıqla ən ümumi məziyyətləri baxımından araşdırılsın. Lakin qeyd etməliyik ki, tədqiqatın strateji obyekti Elçinin bədii yaradıcılığının mətnidir. Yarım əsrdən çox təkamül tarixi olan bu mətnin özünəməxsus xronoloji-sinxron mərhələləri ilə yanaşı, eyni dərəcədə özünəməxsus diaxron metafizikası da mövcüddur. Ədəbiyyatımızın təəssübkeşi olan yazıçı ilə bağlı hələ çox əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək.
Mərasimə toplaşanlara, yeni nəşr barədə rəy və fikirlərini söyləyənlərə təşəkkürünü çatdıran, eləcə də onun yaradıcılığı barədə irihəcmli bir tədqiqat əsəri yazdığına görə akademik Nizami Cəfərova minnətdarlığını bildirən Xalq yazıçısı, Baş nazirin müavini Elçin qeyd etdi ki, yeni kitab ədəbiyyatşünaslıq ilə tənqidin kəsişdiyi nöqtənin ifadəsidir. Bu iki məfhumun yaxınlığı haqqında müxtəlif fikirlər səslənsə də, düşünürəm ki, yeni nəşr o nöqtəni göstərən əyani vəsaitdir. Burada həm ədəbiyyatşünas tədqiqatına, həm də ədəbi tənqidə yer verilib. Ədəbiyyatşünaslığın tədqiqinə və ədəbi tənqidə biganə olmayan fəal alim kimi müəllifə xüsusi təşəkkür edirəm.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.