Naxçıvandan Culfa şəhərinə istiqamət alan geniş, hamar yolla irəlilədikcə göz önündə əsrarəngiz təbiət, abad yaşayış məntəqələri canlanır. Şəhərin girişində salınan Bayraq meydanı, burada əzəmətlə ucalan ay-ulduzlu, üçrəngli bayrağımız, ətrafın yaşıl libası adamın qəlbini açır. Qarşı tərəfdə isə Culfa şəhəri özünün abad, müasir görünüşü ilə diqqət çəkir. Qürurla söyləmək olar ki, müstəqillik illərində bu qədim bölgə də sürətlə inkişaf edib, dəyişib. Həm rayon mərkəzi, həm də ayrı-ayrı kəndlər müasir görkəm alıb. Xüsusən də, 2017-ci ilin ötən 9 ayında həyata keçirilən quruculuq tədbirlərinin, görülən işlərin həcmi daha çoxdur. Qazanılan uğurlar, əldə edilən nəticələr statistik rəqəmlərdə də özünü aydın göstərir. Belə ki, bu ilin yanvar-avqust aylarında 5 milyon 197 min manatlıq sənaye məhsulu istehsal olunub. İqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21 milyon 685 min manat investisiya yönəldilib.
Hazırda Culfa şəhərinin Mehdi Hüseynzadə küçəsindəki 50 mənzilli yaşayış binasında əsaslı şəkildə yenidənqurma işləri aparılır. Bu işlər başa çatdırıldıqdan sonra bina daha gözəl görkəm alacaq, ətrafı abadlaşdırılacaq. Sakinlərin rahat və firavan yaşayışı üçün bütün kommunal şərait yaradılacaq. Odur ki, qarşıdan gələn qış mövsümündə bina sakinləri elə bir ciddi problemlərlə üzləşməyəcəklər. Şəhərdəki mövcud ictimai binaların qış aylarında istiliklə təmin olunması üçün mövcud qazanxanalar da saz vəziyyətə gətirilib, bəzi binaların dam örtüyü yenilənib, ayrı-ayrı küçələrdə, xüsusən də Cəfər Cabbarlı və Mehdi Hüseynzadə küçələrində kanalizasiya xətləri, binaların giriş hissəsində qapılar yenilənib.
Bundan əlavə Culfa şəhəri və ətraf kəndlərin içməli su təchizatı, həmçinin kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Əlincəçay yatağında 2 min 88 metr müxtəlif diametrli borularla kaptaj və onu sel sularından qorumaq üçün uzunluğu 1500 metr olan selyönəldici bənd tikilib. Sutəmizləyici qurğu əhalini və sənaye sahəsini gün ərzində 24 saat ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək.
Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində əhalinin məşğulluq səviyyəsi də yüksəlib, yeni iş yerləri açılıb. Cari ilin 9 ayı ərzində 236 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işə düzəlib, sağlamlıq imkanları məhdud bir neçə qadınla müqavilə bağlanaraq haqqı ödənilən ictimai işlərə cəlb edilib. İşlə təmin olunanların 68-i qadın, 102-si gənc, 12-si sağlamlıq imkanları məhdud şəxslər, 4-ü isə aztəminatlı ailələrin əməkqabiliyyətli üzvləridir. Keçirilmiş əmək yarmarkalarında 52 nəfər, həmçinin təhsil və səhiyyə işçiləri üçün yarmarkalarda 36 nəfər münasib işlə təmin olunub.
Kənd təsərrüfatı Culfa rayonunun iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 13 yanvar tarixli sərəncamına uyğun olaraq, məhsul istehsalçılarına 50 faiz güzəştli şərtlərlə 589 min 600 manat dəyərində 1034 ton mineral gübrə satılıb və əkinçiliyin inkişafı üçün 22 min manat kredit verilib.
Aqrolizinq xətti ilə 14 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və aqreqatı gətirilərək sahibkarlara satılıb. Bütün bunların hamısı rayonda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafında əsaslı rol oynayıb. Bölgədə ekoloji cəhətdən saf meyvə-tərəvəz məhsullarının yetişdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən il fevral ayının 8-də qəbul olunan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası məqsədilə bu ilin əvvəlindən bəri yaşıllıqların və meyvə bağlarının ümumi ərazisi xeyli genişləndirilib, 10 min ədəddən çox müxtəlif meyvə tingi əkilib.
Culfa rayonunda kənd təsərrüfatı sektorunun inkişafı daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan strateji əhəmiyyət kəsb edən taxılçılığın inkişafı önə çəkilir. Bu isə təsadüfi deyil. Taxılçılıq kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Cari ilin ötən müddətində bu vacib sahə diqqət mərkəzində saxlanılıb: 4 min 831 hektar buğda əkini sahəsindən 12 min 821 ton, 1217 hektar arpa əkini sahəsindən isə 3 min 52 ton məhsul tədarük olunub. Torpaq mülkiyyətçiləri gələcəyin bol məhsulu üçün bu payız günlərində əsaslı zəmin yaradır, taxıl əkinini aqrotexniki qaydalarda, optimal müddətlərdə həyata keçirirlər. İndiyə kimi 2 min hektara yaxın sahədə payız əkini üçün şum qaldırılmasına nail olunub. Rayonda ikinci çörək hesab etdiyimiz kartofçuluğa da maraq böyükdür. İndiyə kimi 275 hektar kartof əkilmiş sahədən 2 min 697 ton məhsul yığılıb. Məhsuldarlıq orta hesabla 80 sentnerdən yuxarı olub. 339 hektar tərəvəz bitkiləri əkilən sahədən isə 4 min 532 tondan artıq kartof yığılıb, ərazilərdə məhsul yığımı davam etdirilir. Bundan əlavə meyvə bağlarından 2 min 578 ton, həmçinin üzümlüklərdən 1709 ton məhsul toplanılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
Cari ilin ötən aylarında heyvandarlığın və arıçılığın inkişafı da diqqətdə saxlanılıb. Mal-qarının baş sayı artırılıb, cins tərkibi yaxşılaşdırılıb. Həyata keçirilən tədbirlər nəticəsində rayonda arı ailələrinin sayı 13 min 710 başa çatdırılıb. Bu dövrdə 11 milyon 725 min manat heyvandarlıq, 23 milyon 635 min manat isə bitkiçilik məhsulları olmaqla bütövlükdə 35 milyon 361 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur. İstehsal edilən məhsullar yerli tələbatı ödəyir, bazar və yarmarkalara çıxarılır, istehsalçının maddi-rifah halını yüksəldir.
Bu gün rayonun hər bir sakini iftixar hissi keçirir ki, bütün bu yaradılanlar, qurulanlar, abad guşələr uğurla həyata keçirilən quruculuq siyasətinin layiqli töhfələridir. Həyata keçirilən quruculuq tədbirləri sayəsində 13 min 272 nəfər əhalisi olan Culfa şəhəri də xeyli böyüyüb, burada bir-birindən əhəmiyyətli sosialyönümlü obyektlər tikilib, yaşıllıqların ümumi ərazisi xeyli genişləndirilib, ictimai binalara yeni görkəm verilib, sakinlər üçün rahat kommunal-məişət şəraiti yaradılıb, digər tədbirlər həyata keçirilib.
Qürurla söyləmək olar ki, muxtar respublikamızdakı sürətli inkişaf və tərəqqidən Culfa rayonuna da xeyli pay düşüb. Həm Culfa şəhərində, həm də ayrı-ayrı yaşayış məntəqələrində müasir tipli məktəb binaları, kənd mərkəzləri, həkim ambulatoriyaları və digər sosial obyektlər tikilib istifadəyə verilib, yol infrastrukturu yenilənib, əhalinin rahat, firavan yaşayışı üçün tikinti, quruculuq, abadlıq işləri görülüb, yaşıllaşdırma tədbirləri həyata keçirilib. Culfa şəhər sakinləri, uzun illər mədəniyyət sahəsində çalışan təcrübəli mütəxəssislər Sədaqət Rəfiyeva və Əqidə Zeynalova bütün bunların hamısını qədim bölgənin müasirləşməsi, yeniləşməsi baxımından atılan uğurlu addımlar kimi dəyərləndirirlər.
Heydər Əliyev prospekti Culfa şəhərinin baş meydanıdır. Son illər bu prospektdə yeni, müasir tipli onlarca obyekt tikilib istifadəyə verilib. Prospektdəki Culfa şəhər musiqi məktəbinin yeni binası, mədəniyyət evi, uşaq bağçası, 2 və 3 nömrəli tam orta məktəblərin maddi-texniki bazası güclü olan təhsil müəssisələri və digər obyektlər quruculuq siyasətinin layiqli töhfələridir. Son illər həyata keçirilən quruculuq tədbirləri, yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi bu vacib sahədə də əhaliyə göstərilən xidmətin səviyyəsini yüksəldib. Rayon mədəniyyət və turizm şöbəsinin əməkdaşı Nuray İsmayılova indi daha yaxşı işləmək, fəaliyyət göstərmək imkanlarının yarandığını nikbinliklə söyləyir. Deyir ki, mədəni-kütləvi tədbirlər daha maraqlı, rəngarəng keçirilir. Milli dəyərlərimiz, adət-ənənələrimiz yaşadılır, təbliğ olunur. Rayon mədəniyyət və turizm şöbəsinin “Çeşmə” instrumental ansamblı maraqlı konsert proqramları verir. Xüsusən də, rayonumuzun ərazisindəki “N” saylı hərbi hissələrdə Vətənimizin keşiyini çəkən əsgər və zabitlər qarşısında təşkil edilən konsert proqramları böyük ruh yüksəkliyi ilə qarşılanır.
Biz mədəniyyət işçiləri diyarımıza gələn turistləri memarlıq incilərimizlə yaxından tanış edirik, onlara tarixi keçmişimiz barədə məlumatlar veririk. Xüsusən də qonaqlarımızın “Gülüstan” türbəsi, “Əlincəqala”, “Xanəgah”, “Ərəfsə” piri kimi tarixi yerlərə gedişini təşkil edirik. Şəhərimizin mərkəzində müasir tipli, 2 mərtəbəli mədəniyyət evi, yaraşıqlı istirahət parkımız var. Yaradılan nümunəvi şərait yerli sakinlərin, eləcə də bu qədim bölgəyə gələn qonaqların asudə vaxtının səmərəli təşkilinə xidmət edir.
Təhsil prioritet sahədir. Son illər Culfa rayonunda bu istiqamətdə də uğurlu nəticələr qazanılıb. Xüsusilə də 2016-2017-ci tədris ilində təhsil işçilərinin əldə etdiyi nəticələr sevindiricidir. Qeyd edək ki, bu gün rayonda 26 tam orta və 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Bu məktəblərdə 5118 şagirdin təlim-tərbiyəsi ilə 1025 müəllim məşğul olur. Yaradılan nümunəvi şərait təhsilin, səviyyəsini yüksəldir. Belə ki, 2016-2017-ci tədris ilində IX sinif şagirdlərindən 414, XI sinif məzunlarından isə 373 nəfəri mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarında iştirak edib. Ali məktəblərə qəbul imtahanlarının I mərhələsində 129 nəfər keçid balından çox,19 nəfər isə 500-700 arasında bal toplayıb. Ali məktəblərə qəbul imtahanlarının II mərhələsində isə 165 nəfər müxtəlif ixtisas qruplarına qəbul olub. Rayonun Yaycı kənd 1 və 2 nömrəli, Culfa şəhər 2 nömrəli, Əbrəqunus, Gülüstan, Ərəzin, Camaldın və Dizə kənd tam orta məktəblərin nəticələri yüksək olub. Gülüstan kənd tam orta məktəbindən sənəd verən məzunlardan 4-ü, Dizə kəndindən 3 məzundan 3-ü, Camaldın kənd məktəbindən 2 məzundan 2-si, Əbrəqunus məktəbindən 15 məzundan 14-ü, Şurud kənd məktəbindən isə 3 məzundan 2-si müxtəlif ali məktəblərə qəbul olunublar.
2016-2017-ci tədris ilində ümumi orta təhsil bazasından 32 şagird müxtəlif kolleclərə, 13 şagird hərbi liseyə, 5 nəfər isə xüsusi təyinatlı ali məktəblərə daxil olub. Dövlət proqramı çərçivəsində rayonun ümumtəhsil məktəblərinə 74 ədəd elektron lövhə, 441 ədəd kompüter dəsti, 21 ədəd printer verilərək 36 kompüter otağı yaradılıb, kompüterlərdən 95 faizi internet şəbəkəsinə qoşulub. Ötən tədris ilində 13 ümumtəhsil məktəbində 304 nəfər üçün 16 məktəbdə hazırlıq qrupu yaradılıb. Payız-qış mövsümündə fasiləsiz tədrisi təmin etmək məqsədilə bütün hazırlıq işləri aparılıb, məqsədyönlü tədbirlər görülüb.
Hazırda rayon tikinti quraşdırma idarəsinin inşaatçıları Dizə kəndində daha bir yeni – 216 yerlik məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikintisini sürətlə həyata keçirirlər. Kəndi magistrala birləşdirən yol da genişləndirilir, abadlıq işləri aparılır.
Muxtar respublikanın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da səhiyyənin inkişafı, eləcə də əhalinin sağlamlığı naminə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Yeni-yeni səhiyyə ocaqları tikilib istifadəyə verilir. Ölkə başçısı cənab İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilən və güclü maddi-texniki bazaya malik olan rayon mərkəzi xəstəxanasının müasir tipli binası buna əyani sübutdur. Hələ ucqar dağ və sərhəd yaşayış məntəqələrimizdə tikilib istifadəyə verilən həkim ambulatoriyalarını, feldşer-mama məntəqələrini demirik.
Culfa rayonunda əhaliyə göstərilən poçt-rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər görülür. Hazırda rayonda 6 min 441 abonent telefon-rabitə xidmətindən səmərəli istifadə edir. Bu ilin ötən müddətində 255 ünvana yeni telefon xətləri çəkilib. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Bir sıra yaşayış məntəqələrində avtomat-telefon stansiyalarının gücü artırılıb. Bütün bunlar isə Culfa rayonunda əhaliyə göstərilən poçt-rabitə xidmətinin səviyyəsini xeyli yüksəldib.
Culfa şəhərində quruculuq işləri ilə yanaşı, yaşıllaşdırma tədbirlərinə də ciddi diqqət yetirilir. Park və yaşıllıq zolaqlarına müntəzəm qulluq göstərilir, insanların asudə vaxtının səmərəli keçməsi üçün məqsədyönlü tədbirlər aparılır. Bu baxımdan şəhərin mərkəzində salınmış Heydər parkı ilin bütün fəsillərində sakinlərin üz tutduqları ünvanlardan biridir. Bu yerdə ulu öndərimizin büstü qoyulub, ətraf sahələr abadlaşdırılıb, həmişəyaşıl dekorativ ağaclar ilin bütün fəsillərində baharı xatırladır, füsunkarlıq, gözəllik yaradır. Rayon kommunal müəssisələri kombinatının və mənzil-istismar sahəsinin kollektivləri əhalinin rahat yaşayışının təmin olunmasında xidmət işini günün tələbi səviyyəsində qururlar.
Qeyd edək ki, rayonun kəndlərində də inkişaf və tərəqqi vardır. Belə yaşayış məntəqələrindən biri də Ərəzin kəndidir. Bu kənddə kompleks quruculuq işləri aparılıb, kəndi magistrala birləşdirən yola asfalt örtük verilib, müasir tipli məktəb binası, kənd və xidmət mərkəzləri tikilib. Əhalinin sosial-məişət şəraiti xeyli yaxşılaşdırılıb. Kənd sakini, ziyalı Kamran Cəfərov aparılan möhtəşəm quruculuq işləri və rahat yaşayış barədə nikbinliklə danışır. Söyləyir ki, qədim tarixi keçmişə malik olan Ərəzin kəndi sanki qəsəbə körkəmi alıb. Yeni təhsil ocağı, kənd və xidmət mərkəzi, həkim ambulatoriyası, qara örtüklü asvalt yollarımız hamımızın ürəyincədir. Hələ münbit torpaqlarımızda yetişdirilən qızılı-sünbüllü taxılı, barlı-bəhərli meyvə bağlarımızı demirik. Bütün bunlar hamısı rahat yaşayışın, sosial-iqtisadi inkişafın göstəriciləridir.
Muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da həyata keçirilən quruculuq və iqtisadi siyasət davamlı inkişafa, firavan həyata gətirib çıxarıb. Diyarımızda davamlı inkişafın təminatçısı isə ilk növbədə ulu öndərimiz Heydər Əliyev olub. Bu gün isə dahi şəxsiyyətin siyasəti onun siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Odur ki, rayonun hər bir sakini, ayrı-ayrı vətəndaşlar, ziyalılar sürətli sosial iqtisadi inkişafı ilk növbədə ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlayırlar.
Culfa rayonu muxtar respublikanın qədim bölgələrindən biridir. Bu gün isə bu bölgə özünün müasirliyi inkişaf və tərəqqisi ilə seçilir. Həm rayon mərkəzində, həm də ayrı-ayrı kənd yaşayış məntəqələrində insanlar bunu yaxından görürlər. Bütün bunların hamısı isə uğurla həyata keçirilən quruculuq siyasətinin bəhrələridir, müstəqilliyimizin gətirdiyi xoş güzəran, firavan həyatdır. Bu qədim bölgədə qazanılan uğurlar isə Culfa rayonunun sakinlərini cari ildə də həvəslə çalışmağa, qurub-yaratmağa sövq edir. Bunu 2017-ci ilin ötən 9 ayının yekunları da söyləməyə əsas verir.
Məhəmməd FƏRƏCOV,
Naxçıvan Dövlət Radiosunun baş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.