Qəhrəmanlar unudulmur

Ömrün 31-ci payızı...

ˆBu gün heç vaxt üzünü görmədiyim bir anayla xəyalən söhbət edəcəyəm. Ona verəcəyim suallar cavabsız və havadan asılı qalsa da, bu an sadəcə faktlar və yaddaş danışsa da bu suallar nə tarixin, nə də hadisələrin yaddaşından silinməyəcək. Öncə qəhrəmanların həyata necə gəldiklərini soruşuram. Deyirəm ki, yəqin onlar doğuluşdan qəhrəman olurlar. Sonra düşünürəm ki, görəsən, həmin gün o nə yemişdi, nə içmişdi, bəlkə həmin günün havasında başqa dünyanın cənnət qoxusu vardı...

Yəqin ki, bu an ananın zəifləyən gözləri otaqda gəzib, dolabda dayanacaq və dərk edəcəyəm ki, mən bir hərbçi anasıyla söhbət edirəm. Və o an bu qadının böyük­lüyü qarşısında söz belə tapmayacağam. Çünki dünyanın bu qarmaqarışıq zama­nında – havadan qan iyi gələn dövründə yeganə oğul övladının hərbçi olmağına etiraz etməyən ana dünyanın ən müqəddəs anasıdır. Onun hərbçi oğlundan isə yəqin ki, təsəlli üçün dolabın bir küncündə əməlləri ilə birgə bir əsgər mundiri yadigar qalar...

Tarix bizə dünyanın ən möhtəşəm hərbçilərini, hər birinin adı qarşısında qısa da olsa xarakterinə, siyasətinə görə bir açıqlama ilə tanıtdırıb. Tarix Napoleonu səhvləri ilə birgə Fransanın fəxr yeri olaraq, Stalini qəddar, qaniçən və alman faşizminə qalib gələn fateh kimi, Hitleri isə dünyanı lərzəyə gətirən və öz ideyalarına doğru, hətta ilk günlərində ona inanıb, dəstək olan insanların qanını tökməkdən çəkinməyən şizofrenik kimi tanıdıb.

Mənim üçün hərbi geyim müqəddəs olmaqla yanaşı, eyni zamanda, Vətənin sərhədlərindəki bizi qoruyan gözəgörünməz divardı. Düşünürəm ki, hərbçiləri yetişdirən, hərbin sirlərini öyrədən müəllim isə bəlkə də Sokrat qədər dahi filosofdur. Çingiz Adil oğlu Babayev Politexnik İns­titutunda təhsil alıb. Gənc, şən və bir az da utancaq olub...

Yazıçı Fərman Kərimzadənin qızı, sse­narist Yeganə Kərimzadə xatirələrini danışır: “Çingiz xalam oğlu ilə Politexnik İnstitu­tunda bir təhsil alırdılar. Günlərin birində atamla tanış olmaq istəmişdi. Atam onu əziz qonağı kimi qarşıladı. Söhbətləri o qədər maraqlı idi ki, onlara çay süzüb aparsam da, atamın iş otağından çıxa bilməmişdim. Söhbətin mövzusu Şah İsmayıl, Çaldıran döyüşü idi. Atam danışır, Çingiz və xalam oğlu ona maraqla qulaq asır, mən də bu üçlüyə qoşulub, atamın söhbətlərini yadda­şıma köçürürdüm.

Çingizlə ikinci görüşüm təsadüfən “Azərbaycan” kinoteatrında olmuşdu. Çox səmimi görüşmüşdük. Dostları ilə Fellininin filminə baxmağa gəlmişdi. Eyni seansda filmə baxıb, əziz dostlar kimi ayrılmışdıq.

Üçüncü təsadüfi söhbətimiz isə... 1994-cü il. Hansısa işlə bağlı Cəmşid Naxçıvanski adına liseyə zəng edib mövzu ilə bağlı kiminlə danışa biləcəyimi soruşdum. Mənə verilən nömrəyə zəng edib, özümü təqdim etdim. Dəstəyin o başından gülüş səsi gəldi. Onda bildim ki, bu, Çingizdir və o, artıq öz yolunu müəyyən edib. Sevindim. Düşündüm ki, gənc hərbçilərimizi məhz Çingiz kimi saf, vətənpərvər, ürəyi daim gözəl arzularla döyünən biri yetişdirəcək. Fikrimi onun özünə də dedim. Beləcə, telefonda cənab baş leytenantdan gülə-gülə ayrıldım. Toyuna çağırmasan, inciyərəm dedim.

1995-ci il 28 oktyabr. Metronun Ulduz və Nəriman Nərimanov stansiyaları arasında baş verən qəza... Çingiz o qəzada neçə-neçə insanı xilas edir. Əynindəki hərbi mundirə görə qəzaya düşənlərin çoxu ondan imdad istəyir. Yəqin o gün də adi günlərdən deyildi. Havadan güman ki, ölüm və xəyanət qoxusu gəlirmiş. Yəqin həmin gün Çingiz üçün də adi gün deyilmiş. Evə tələsirmiş, hətta qatara səhv mindiyindən qəfil qəza onu haqlayıbmış...

O, Qarabağa döyüşə də könüllü get­mişdi. Qan-qada, atəş səslərini gözüylə görmüşdü. Bu qəza onu qorxutmazdı, qorx­madı da. Yadımdadır, mən ona demişdim ki, bizi qoruyan sənin kimi qardaşımdısa, rahat yataram. “Hər şey gözəl olacaq”, – demişdi. Çingizlə dördüncü görüşümüz onun haqqında yazılanlar oldu... Bu yazılar yaddaşıma qırıq-qırıq yazıldı... Qəhrəmanlıq genlə, qanla ötürülür. O, İrəvan xanı Rəşid xan Makinskinin nəticəsi idi...”

Çingiz Babayev 1994-cü ildə Azərbaycan Respublikası Müdafiə Na­zirliyinin sərəncamı ilə Cəmşid Naxçı­vanski adına liseyə göndərilib. Yolu taqım komandirliyindən keçib, bölük komandiri­nin siyasi işlər üzrə müavini vəzifəsinə təyin olunub.... 1995-ci il oktyabrın 28 -də met­ronun “Ulduz” və “Nəriman Nərimanov” stansiyaları arasında baş verən qəzada onlarca insanın həyatını xilas edərkən özü qəhrəmanlıqla həlak olub. Babayev Çingiz Adil oğluna ölümündən sonra Milli Qəhrəman adı verilib. Onunla çiyin-çiyinə insanları xilas edən qəhrəman kursantlar Ruslan İsayev, Samir Məmmədov və Nicat Səfərov “İgidliyə görə” medalına layiq görülüb.

İnanıram ki, o an o özünü bir saniyə belə olsun düşünməyib. Çingiz kimi in­sanlar xırda hisslərin fövqündən çox-çox yüksəklərdə dururlar.

1964-cü ilin 2 oktyabrından başlayan həyatı 1995-ci ilin 28 oktyabrında tamamla­nıb – Milli Qəhrəman kimi, özü də subay... Üstəlik ailənin yeganə oğul payı. Ondan qalan təsəlli dolabda qalan əsgər mundiri və xilas etdiyi insanlardır. Yaddaşımızda yaşa­yan səmimiyyəti, xoş təbəssümü və bu gün Vətəni qoruyan hərbçilərimizə öyrətdikləri.

Barıt qoxulu yollardan keçib, qəhrəmanlıq zirvəsində dayanan Çingiz Babayev, bu anım günündə sənin haqqın­da xəyalən ananla da danışdım, xatirə də dinlədim. Qəhrəman oğul, Vətən sizin kimi xalq, el üçün özünü fəda edən şəhid oğulla­rımızın qan töküb, qovuşduğu torpaq olduğu üçün bir daha Vətəndi...

Qəhrəman kimi yenidən doğulduğun günün mübarək, Mübarək İnsan...

P.S: Çingizlə bağlı yazı hazırlayarkən həmkarlarımdan öyrəndim ki, qəzetimizdə onun haqqında hadisənin ildönümlərində yazılar verilib. Hətta atası Adil kişi dəfələrlə redaksiyanın qonağı olub, ailənin yeganə oğlunun xatirəsini yad etdiklərinə görə qəzet rəhbərliyinə minnətdarlıq edib. Təəssüf ki, Milli Qəhrəman Çingiz Babayev haqqında yazılan bu yazıdan onun xəbəri olmayacaq. Çünki, bu yaxınlarda bu mərd, qeyrətli atanın ruhu qəhrəman övladının mübarək ruhuna qovuşub. Allah ruhlarını şad etsin!

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında